Auditorlar Palatasının sədri: Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə daha kəsərli aparılmalıdır - AZƏRTAC

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu və vəzifələri” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov konfrans barədə AZƏRTAC-ın suallarını cavablandırıb.

-Vahid müəllim, konfransın mövzu aktuallığını necə dəyərləndirərdiniz?

-Dünyada iqtisadiyyatın inkişafı yolunda bir sıra problemlər hələ də qalmaqdadır ki, bunlardan da biri cinayət yolu ilə əmlakın əldə edilməsi və ondan istifadə hallarının mövcudluğudur. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının məlumatlarına görə, dünyada cinayətkarlar hər il bu yolla 2-4 trilyon dollar məbləğində “yuyulma” həyata keçirirlər.

Çox önəmlidir ki, belə halların yolverilməzliyini davamlı olaraq qeyd edən Prezident İlham Əliyevin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” bu istiqamətdə çox mühüm kompleks tədbirlərin reallaşdırılmasını hədəfləyir. Milli Fəaliyyət Planı öz əhatəliliyi və təkmilliyi baxımından çox əhəmiyyətli sənəd olmaqla bərabər, cəmiyyətimiz üçün həyati vacib olan dörd istiqaməti özündə ehtiva edir:

Birincisi, ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə səylərin gücləndirilməsi;

İkincisi, bu sahədə müxtəlif iştirakçılar - məhkəmə və cinayət təqibi orqanları, nəzarət orqanları, digər səlahiyyətli qurumlar, habelə özəl sektor arasında əməkdaşlıq imkanlarının artırılması;

Üçüncüsü, ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə imkanlarının məhdudlaşdırılması;

Dördüncüsü, nəzərdə tutulan tədbirlərin sistemli və əlaqəli şəkildə həyata keçirilməsinə əlverişli şəraitin yaradılması.

Milli Fəaliyyət Planında nəzarət orqanlarının rolu və vəzifələri, məsuliyyət və öhdəliklərinə dair önəmli müddəalar da öz əksini tapmışdır. Keçiriləcək konfransda müvafiq qurumların nümayəndələrinin iştirakı ilə bu məqsədlərə daha səmərəli şəkildə çatmağın yolları araşdırılacaq.

-Milli Fəaliyyət Planı konkret daha hansı problemlərin həllinə rəvac verməlidir?

-Milli Fəaliyyət Planı, bir tərəfdən dövlət nəzarət qurumlarının öz aralarında, digər tərəfdən isə, dövlət və qeyri–dövlət nəzarəti orqanları arasında qarşılıqlı əlaqələrin qaydaya salınması və təkmilləşdirilməsi işini aktuallaşdırır. Həllini gözləyən aktual problemlərdən biri də aparılan yoxlamalarla bağlı risk qiymətləndirilməsi sisteminin yaradılması və yoxlamaların risklərin idarə olunması əsasında təyin edilməsinin təşkili problemidir. Maliyyə nəzarətinin effektivlik meyarlarının hazırlanması və tətbiqi mütərəqqi seçmə prosedurlarından istifadə edilməsi, ən əsası isə nəzarətin özünün keyfiyyətinin yüksəldilməsi və təsirliliyinin təmin olunması kimi istiqamətlər də keçiriləcək konfransımızın mövzusuna daxil olan məsələlərdəndir. Bununla yanaşı, yoxlayıcıların və öhdəlik daşıyan şəxslərin, o cümlədən auditorların ixtisas səviyyələrinin yüksəldilməsi, nəzarət orqanlarının əməkdaşları üçün sahəvi risklərə uyğun olaraq illik təlimin hazırlanması və bu plan əsasında təlimlər keçirilməsi mühüm önəm kəsb edir. Yeni ödəniş üsullarına geniş yol açan rəqəmsallaşma şəraitində nəzarət orqanlarının vəzifələrinin daha da mürəkkəbləşməsi və onların əməkdaşlarının peşə hazırlıq səviyyəsinin müasir tələblər baxımından yüksəldilməsi bir zərurətə çevrilib.

Bütövlükdə isə, hər bir nəzarət orqanı tərəfindən risk əsaslı yanaşma rəhbər tutularaq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi üzrə 3 illik sahəvi nəzarət strategiyasının hazırlanması mühüm önəm kəsb edir. Daha bir mühüm və aktual məsələ kimi Milli Fəaliyyət Planının 8.5.2-ci bəndində nəzərdə tutulmuş “Hesabına dövlət büdcəsi vəsaitinin daxil olduğu sahibkarlıq subyektlərinin və onların subpodratçılarının fəaliyyətinin sistematik auditi, şel şirkətlər və onların benefisiar mülkiyyətçilərinin araşdırılması və qanunvericilikdə müəyyən edilmiş tədbirlərin görülməsi” tədbiri yeni dövrün çağırışları və rəqəmsallaşma şəraitində yüksək dəyərləndirilməlidir.

Əmlakın leqallaşdırılması probleminin dövlət orqanlarının fəaliyyətində olduğu kimi, özəl sektorda da təmin edilməsi çox zəruridir. Bu problemlərin həlli isə müvafiq araşdırmaların və beynəlxalq təcrübənin tətbiqini ön plana çəkir.

Xüsusi vurğulamaq lazımdır ki, nəzərdə tutulmuş məsələlər inzibati yollardan daha çox qabaqlayıcı tədbirlərin görülməsini məqsədəmüvafiq hesab edir. Belə ki, risklərin müəyyən edilməsi və onun qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, iqtisadi – maliyyə xarakterli cinayətlərin ümumilikdə və sahələr üzrə səbəblərinin xüsusiyyətlərinin və səviyyəsinin öyrənilməsi və bu zaman ixtisaslaşmış tədqiqatların nəticələrindən istifadə edilməsi, habelə qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığın vacibliyi vurğulanıb.

-Vahid müəllim, terrorçuluğun maliyyələşdirilməsinə qarşı aparılan mübarizə barədə danışardınız.

-Fikrimcə, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə daha kəsərli aparılmalıdır. Son vaxtlar bəzi ölkələr tərəfindən terrorçuluqdan ölkəmizin daxili işlərinə qarışmaq aləti kimi istifadə olunması cəhdlərinin şahidiyik. Sosial, siyasi, iqtisadi, humanitar və digər amillərlə pərdələnmiş cəhdlərin hamısı terrorizmin əlaməti kimi dəyərləndirilməli və onların qarşısı bundan sonra da qətiyyətlə alınmalıdır. Başqa sözlə, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanları özlərinin rol və vəzifələrini yeni dövrün çağırışları ilə uzlaşdırmalıdır.

Bu baxımdan cinayət yolu ilə əldə olunmuş aktivlərin qaytarılması sahəsində nəzarət qanunvericiliyinin və digər orqanların işləri daha səmərəli və nəticəli olmalıdır.

Məxfilik tələblərinin bəzi sahələrdə yumşaldılması, daxili nəzarətin və daxili auditin tətbiqinə dair mövcud qanunvericiliyin icra vəziyyəti də yüksəldilməlidir.

-Şübhə yoxdur ki, bu kimi addımlar, “Milli Fəaliyyət Planı”nda mühüm vəzifə kimi qarşıya qoyulan problemlərin həlli ölkəmizdə sosial-iqtisadi münasibətlərin daha sağlam əsaslar üzərində formalaşmasına, iqtisadi-maliyyə fəaliyyətində şəffaflığın tam təmin edilməsinə şərait yaradan ciddi amilə çevriləcək. Bu barədə nə deyə bilərsiniz? Ölkə auditorları hansı vəzifələri yerinə yetirmək əzmindədirlər?

-Prezident İlham Əliyev 2023-cü il sentyabrın 15-də Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Bakıda keçirilmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına ünvanladığı müraciətdə deyib: “Azərbaycanda şəffaflığın artırılması və maliyyə nəzarətinin gücləndirilməsi sahəsində beynəlxalq audit və beynəlxalq mühasibat uçotu standartlarına keçidin əhəmiyyəti xüsusi qeyd edilməlidir. Həyata keçirilmiş kompleks tədbirlər yeni dövrün iqtisadi çağırışlarını nəzərə almaqla, ölkədə maliyyə-uçot sisteminin beynəlxalq tələblər əsasında təkmilləşdirilməsinə, iqtisadiyyatımızın dünya təsərrüfat sisteminə inteqrasiya imkanlarının gücləndirilməsinə şərait yaratmışdır.

Hesabatlılığın və obyektiv keyfiyyətli informasiya təminatının başlıca amili qismində şəffaflıq həm də resurslardan səmərəli və məqsədyönlü istifadənin əsası kimi dəyərləndirilməlidir. Müasir dövrümüzün qlobal çağırışlarına effektiv və çevik reaksiya verilməsi, eləcə də hazırkı dönəmdə Azərbaycan üçün ən önəmli məsələlərdən olan işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri ölkəmizdə maliyyə sektorunda aparılan islahatların daha da gücləndirilməsini, maliyyə imkanlarının səfərbər olunmasını labüd edir. Dövlətin maliyyə resurslarının qorunub saxlanılması, onlardan məqsədyönlü, qənaətli və səmərəli istifadə üçün bu sahədə nizam-intizamın möhkəmləndirilməsi, şəffaflığın artırılması və dövlət nəzarəti mexanizminin təkmilləşdirilməsi vacibdir. Həmçinin milli iqtisadiyyatımızın dayanıqlı inkişafını şərtləndirən amillər qismində yeni dövrün tələblərinə uyğunlaşdırılmış dövlət nəzarəti və müstəqil audit sisteminin, habelə qeyri-dövlət nəzarətinin önəmli bir forması kimi ictimai nəzarətin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.”

Ölkə auditorları üçün həm şərəfli, həm də yüksək məsuliyyət doğuran bir haldır ki, Milli Fəaliyyət Planında digər nəzarət orqanları ilə birlikdə Auditorlar Palatasına da çox mühüm vəzifələrin icrası həvalə olunub. Belə ki, Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlərin 10-a yaxın bəndində həllivacib vəzifələrin həyata keçirilməsi qarşımızda durur.

Ümumiyyətlə, ölkə auditorlarının istər şəffaflığın artırılmasında, korrupsiya və kölgə iqtisadiyyatına qarşı mübarizədə, istərsə də Milli Fəaliyyət Planında nəzərdə tutulmuş vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq, hazırda Auditorlar Palatasının kollektivi və üzvləri bu mühüm vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək əzmindədirlər ki, bu da dövlət başçısının ölkə auditorlarının fəaliyyətinə verdiyi yüksək dəyərə layiq olmaq zərurətindən irəli gəlir.

Ümid edirəm ki, keçiriləcək konfransımızda səsləndirilən fikirlər əsasında hazırlanacaq tövsiyələr ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının vəzifələrinin daha da ciddi yerinə yetirilməsinə öz müsbət töhfəsini verəcək.