Azərbaycan Respublikasının Auditorlar Palatasında 2023-cü ilin 11 oktyabr tarixində “Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik göstərişin hazırlanması”na həsr edilmiş onlayn formatda “Dəyirmi masa” (moderator – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov) təşkil edilib.
“Dəyirmi masa”nı N.Talıbov moderator və əsas məruzəçi kimi açaraq “Qeyri-maliyyə hesabatlarının auditinin aparılmasına dair metodik göstəriş” haqqında geniş məruzə ilə çıxış edərək qeyri-maliyyə hesabatlarının məqsədi, qeyri-maliyyə hesabatlarının tətbiqinin vacibliyi və əhəmiyyəti, qeyri-maliyyə hesabatlarının tətbiqi üzrə beynəlxalq təcrübə, qeyri-maliyyə hesabatlarının növləri və qeyri-maliyyə hesabatlarının auditinin aparılması haqqında bəhs edib.
N.Talıbov bildirib ki, qeyri-maliyyə hesabatının məqsədi maraqlı tərəflərin informasiya ehtiyaclarını və sorğularını ödəmək üçün təşkilatların iqtisadi, ekoloji, sosial aspektlər və idarəetmə sistemləri üzrə fəaliyyətləri haqqında dolğun, tam, vaxtında, dəqiq, balanslaşdırılmış, müqayisə edilə bilən, etibarlı və obyektiv məlumatlarla təmin etməkdən ibarətdir.
Qeyri-maliyyə hesabatları risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi, korporativ idarəetmə və biznes etikası təcrübələrinin inkişafı, ekoloji və sosial fəaliyyətlər də daxil olmaqla idarəetmənin səmərəliliyinin artırılması, maraqlı tərəflərlə dialoqun və konstruktiv qarşılıqlı əlaqənin inkişafı, işgüzar nüfuzun gücləndirilməsi və investisiya cəlbediciliyinin artırılması kimi vəzifələrin həlli üçün bir vasitədir.
Qeyri-maliyyə hesabatları müəssisə və təşkilatların fəaliyyətinin müstəqil qiymətləndirilməsi və onun əsasında dayanıqlı inkişaf və korporativ sosial məsuliyyət sahəsində indekslər və reytinqlərin tərtib edilməsi üçün məlumat mənbəyi rolunu oynayır. Müəsisə və təşkilatların ən vacib aspektlər üzrə cəmiyyətə və ətraf mühitə təsirini xarakterizə edən məlumatların müqayisəli təhlili və ümumiləşdirilməsi imkanını təmin edən fəaliyyətlərinin adekvat qiymətləndirilməsi onların qeyri-maliyyə hesabatlarında açıqlanan əsas göstəricilər əsasında həyata keçirilə bilər.
Qeyri-maliyyə hesabatlarının "Davamlı inkişaf sahəsində fəaliyyətlər haqqında hesabat", "Illik hesabat", "Inteqrasiya edilmiş hesabat" kimi növləri var.
Ölkəmizdə qeyri-maliyyə hesabatlarının tətbiqinə dair normativ aktın olmaması və həmin hesabatların formasının müəyyən edilməməsi belə hesabatların yoxlanılmasında xüsusi yanaşma tələb edir. Belə ki, əgər belə yoxlama ISAE-3000 "Tarixi Maliyyə Məlumatlarının Auditi və Təhlillərindən başqa təsdiqləmə tapşırıqları" və ISAE-3410 "İstixana qazları haqqında hesabat üzrə təsdiqləmə tapşırıqları" BAS-larına müvafiq olaraq aparılarsa bu proses audit hesab edilir. Əgər sifarişçi tərəfindən BAS-lardan fərqli standartların və ya qaydaların tətbiqi şərt kimi qoyularsa bu yoxlama verifikasiya sayılır. Bu metodiki göstəriş yalnız BAS-ların tətbiqinə dair auditi ehtiva edir.
Qeyri-maliyyə hesabatlarının auditi zamanı auditor lazımlı məlumatları müəssisədə aparılan reyestrlərdən, statistik məlumatlardan, protokollardan,işgüzar yazışmalardan və digər mənbələrdən, başqa mənbələr mövcud və ya yetərli olmadığı hallarda isə rəhbərliyin arayışlarından (əminlik olduğu halda) əldə edə bilər. Bu məlumatlar qeyri-maliyyə hesabatındakı müvafiq göstəricilərlə müqayisə edilir və kənarlaşma olub-olmadığı müəyyənləşdirilməlidir.
Auditdə növbəti mərhələ müəssisənin sosial və ekoloji sahədəki fəaliyyətinin yoxlanılmasıdır. Bu mərhələdə də auditor hesabatda olan natural göstəriciləri və onların məbləğ ifadələri ilkin sənədlərlə - sosial və ətraf mühitin mühafizəsi, bərpası və s. sahəyə aid olan alış, qəbul-təhvil aktları, kağız və elektron qaimələr, aidiyyəti qurumların hesabatları və yazışmaları və sair sənədlərlə müqayisə etməli və hesabat göstəricilərinin dürüstlüyünə əmin olmalıdır. Nəzərə alınmalıdır ki, ekoloji sahədəki fəaliyyətinin yoxlanılması zamanı ISAE-3410 "İstixana qazları haqqında hesabat üzrə təsdiqləmə tapşırıqları" tətbiq edilə bilər.
Hesabatı təqdim edən qurum qanunvericiliklə müəyyən edilmiş funksiyaları həyata keçirən qeyri-kommersiya təşkilatıdırsa, belə təşkilatlar adətən ya büdcədən, ya müvafiq dövlət müəssisəsinin vəsaiti və ya beynəlxalq layihələr hesabına maliyyələşdirilə bilər. Təcrübədə hətta hibrid formada maliyyələşdirilən müəssisələrə də rast gəlmək mümkündür.
“Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2022-ci il 20 iyul tarixli 1/25 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Dəyirmi masa”nın üzvləri və və Palatanın əməkdaşları iştirak edib.
Azərbaycan Respublikasının Auditorlar Palatası