Ulu Öndərin adını daşıyan Mərkəzdə reallaşan tədbirdə YAP Veteranlar Şurasının üzvləri professor Misir Mərdanov və professor Vahid Novruzov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, şəhər ağsaqqalları, müharibə veteranları, partiya fəalları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə tər gül dəstələri qoyublar.
Tədbir iştirakçıları şəhidlərimizin Gəncə Şəhidlər Xiyabanındakı məzarlarını ziyarət edib, igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Bayram Aslanov bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda işlər görüb. Respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə fədakarlıq göstərib. Hazırda Ulu Öndərin siyasi varisi, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı tərəqqi edir.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Dahi rəhbərin bizlərə miras qoyduğu məqsədyönlü siyasət sayəsində ölkəmiz bütün sahələrdə sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini getdikcə möhkəmləndirir, siyasi- iqtisadi cəhətdən regionda aparıcı gücə çevrilir – deyə YAP Veteranlar Şurasının üzvü, professor Misir Mərdanov vurğulayıb.
YAP Veteranlar Şurasının üzvü, professor Vahid Novruzov qeyd edib ki, ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artması məhz Ümümilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olub.
Fəal gənclərdən Göyüş Şəfizadə təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaratmasından danışıb. Bildirib ki, dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu gün Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, sosial-iqtisadi və digər sferalarında, ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edilməsində, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəallıq nümayiş etdirirlər.
Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter almasının, sabit dövlət quruluşunun yaranmasının məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu iftixar hissi ilə dilə gətirən digər natiqlər Ümummilli Liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar
Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevin apardığı ardıcıl və sistemli islahatlar, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə istər regionda istərsə də bütün dünyada qazandığı uğurları diqqətə çatdıran natiqlər xüsusi ilə vurğulayıblar ki, Azərbaycan dövləti tarixi ədalətsizliyə son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Artıq Azərbaycan dövlətinin qarşısında erməni vandalizminin viran qoyduğu torpaqlara yenidən həyat bəxş etmək, 30 ilə yaxın təcavüzə məruz qalan Qarabağın dirçəlişi missiyası dayanıb.
Tədbir iştirakçıları çıxışlarında hər birimizdə sonsuz iftixar hissi doğuran qələbəmizi təmin edən Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bütün Azərbaycan xalqı adından bir daha sonsuz minnətdarlıqlarını bildirdilər.
Diskussiya şəraitində davam edən tədbirdə böyük maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.




Qalareya