Ötən ilin nəticələri üzrə yer tutmuş auditor təşkilatlarına və auditorlara diplomlar təqdim olunub - AZƏRTAC

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan islahatların mühüm istiqaməti kimi şəffaflığın artırılması, kölgə iqtisadiyyatına qarşı mübarizə və sahibkarlığın inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilməkdədir. Auditorlar Palatası auditor xidməti bazarında şəffaflığın artırılması, haqsız rəqabət və dempinq hallarının aradan qaldırılması, keyfiyyətsiz auditor xidməti göstərilməməsi və auditə ictimai etimadın gücləndirilməsi istiqamətində müvafiq tədbirlər icra edir. Son illərdə auditin tənzimlənməsi, təşkili, audit qanunvericiliyinin təkmilləşdirilməsi, auditor kadrlarının hazırlanması, auditin normativ-hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində beynəlxalq təcrübədən yararlanmaqla çoxsaylı tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində Auditorlar Palatası beynəlxalq təcrübə nəzərə alınmaqla auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi üzrə qaydaları yenidən təkmilləşdirib və Palata Şurasının 2022-ci il 15 fevral tarixli qərarı ilə təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, həmin qaydaya uyğun olaraq auditorların (auditor təşkilatlarının) 2022-ci il üzrə reytinq səviyyələri müəyyən edilib və sentyabrın 5-də reytinq üzrə yer tutmuş üzvlərə diplomların təqdimetmə mərasimi keçirilib.

Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov 2022-ci ilin nəticələri üzrə 1-3-cü yerləri tutmuş “Böyük dördlük”, xarici ticarət nişanından istifadə edən auditor təşkilatları, yerli auditor təşkilatlarının nümayəndələrini və sərbəst auditorları təbrik edib, onlara auditor fəaliyyətində uğurlar diləyib.

S.Gülməmmədov son illərdə auditin tənzimlənməsi və təşkili barədə görülmüş işlərə dair geniş məlumat verib və Palatanın üzvlərini bu sahədə təklif və tövsiyələrini təqdim etməyə dəvət edib. O qeyd edib ki, auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi barədə Qayda Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan auditorların (auditor təşkilatlarının) reytinqinin müəyyənləşdirilməsi məqsədi daşıyır və sistemdaxili istifadə üçün nəzərdə tutulub.

Auditorun reytinqi – təsdiq olunmuş qaydanın məqsədləri üçün auditorların (auditor təşkilatlarının) öz fəaliyyətlərində əldə etdikləri nəticələrin, onların işgüzar nüfuzunun və auditorların peşəkarlıq səviyyəsinin ifadəsidir. Auditorların (auditor təşkilatlarının) reytinqi auditor xidməti ilə bağlı fərdi göstəricilərin əmsallarla ifadəsi metodundan istifadə olunmaqla, Palatada fəaliyyət göstərən xüsusi komissiya tərəfindən müəyyənləşdirilib.

Reytinq cədvəlləri “Böyük dördlük”, beynəlxalq şəbəkə təşkilatlarının ticarət nişanlarından istifadə edən auditor təşkilatları, yerli auditor təşkilatları və sərbəst auditorlar üzrə ayrı tərtib edilib.

Reytinqin hesablanması üçün aşağıdakı meyar göstəricilərindən istifadə olunub:

- Auditor təşkilatlarının və sərbəst auditorun iqtisadi göstəriciləri;

- Göstərilmiş auditor xidmətinin həcmi;

- Orta müqavilə məbləği;

- Məcburi auditlə bağlı olmayan müqavilələrin sayı (ədədlə);

- Auditor təşkilatlarının və sərbəst auditorların peşəkarlıq səviyyəsinin

müəyyənləşdirilməsi üzrə sorğunun yekunu;

-Auditor təşkilatlarının və sərbəst auditorların işgüzar nüfuzunun müəyyən

edilməsi üzrə sorğunun yekunu.

Sonra qeyd edilən kateqoriyalara uyğun olaraq 1-cü yerləri tutmuş üzvlərə diplomlar və hədiyyələr təqdim olunub. Təltif olunmuş üzvlər diqqətə və qayğıya görə Palatanın rəhbərliyinə minnətdarlıqlarını bildirib, gələcəkdə apardıqları audit zamanı Beynəlxalq Audit Standartlarına və qanunvericiliyin tələblərinə riayət edəcəklərinə söz verib, ölkəmizin iqtisadi qüdrətinin gücləndirilməsi istiqamətində öz töhfələrini verəcəklərini bildiriblər.