Auditorlar Palatasında Milli İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib - AZƏRTAC

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Auditorlar Palatasında “18 iyun – Milli İnsan Hüquqları Günü” münasibətilə onlayn formatda tədbir keçirilib.

Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov geniş məruzə ilə çıxış edərək 1998-ci il fevralın 22-də Ümummilli Lider Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətlərinin müəyyənləşdirildiyini, insan hüquqlarının ümumdövlət səviyyəsinə qaldırıldığını vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiqlənib. Bu il insan hüquqlarının təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyi ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiq edilməsindən 25 il ötür. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü elan olunması bu sahədə yeni imkanlar açıb. Azərbaycan Milli İnsan Hüquqları Gününü qeyd edən yeganə ölkədir.

Diqqətə çatdırılıb ki, hər il Auditorlar Palatasında da insan hüquqlarına dair maarifləndirici tədbirlər keçirilir. Auditorlar Palatasının bu sahədə işinin mühüm hissəsi insan hüquqlarının tərkib hissəsi olan sahibkarların, mülkiyyətçilərin hüquqlarının qorunmasına yönəlib. “Auditor xidməti haqqında” qanundakı mülkiyyətçilərin, o cümlədən auditorların hüquqlarının qorunması insan hüquqlarının qorunmasının ayrılmaz hissəsidir. Palata tərəfindən maarifləndirici tədbirlər, auditorların ixtisasartırma kursları, assistent və mütəxəssislərin təkmilləşdirmə kursları, mühasibat uçotu və daxili audit kadrlarının hazırlanması üzrə tədbirlər, habelə seminarlar, vebinarlar və ustad dərsləri təşkil olunur. Bütün bunlar maarifləndirmə vasitəsilə auditorların və onun peşə fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi ilə mülkiyyətçilərinin-sahibkarların, audit istifadəçilərinin hüquqlarının qorunmasına xidmət edir.

Qeyd olunub ki, mülkiyyət münasibətlərinin formalaşmasında şəffaflığın daha da artırılması və ictimai nəzarətin genişləndirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2007-ci il iyunun 6-da “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmasından sonra mülkiyyət münasibətlərində şəffaflığın təmin edilməsinə geniş yer verilib və dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyasında, səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsində, özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsində və digər məsələlərdə müasir nəzarət formalarından istifadənin hüquqi əsasları təmin edilib. Auditor fəaliyyətində haqsız rəqabətin aradan qaldırılması və səmərəliliyin yüksəldilməsi, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, dempinq hallarının aradan qaldırılması, müstəqil auditə ictimai etimadın yüksəldilməsi və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə 2022-ci il Auditorlar Palatasında “Haqsız rəqabətə qarşı mübarizə ili” elan edilib. Belə ki, ölkəmizdə auditor fəaliyyəti sahəsində haqsız rəqabət və dempinq hallarının aradan qaldırılması sahəsində Türkiyə təcrübəsi öyrənilərək 12 metodik vəsait təsdiqlənib və tətbiq edilməsi üçün auditorlara göndərilib. Həmçinin Auditorlar Palatası Şurasının müvafiq qərarı ilə 2023-cü il audit sistemində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ili” elan edilib. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi üzrə işlər davam etdirilir. Artıq bir neçə ölkənin təcrübəsi öyrənilib və bu sahədə metodik materialların hazırlanması üzrə iş aparılır.

Qeyd edilib ki, Azərbaycanda auditor xidmətinin inkişafı son dövrlərdə qəbul olunmuş və uğurla yerinə yetirilmiş bir sıra mühüm dövlət proqramlarında və milli fəaliyyət planlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olub. Ötən dövrdə Auditorlar Palatası insan hüquqlarının, dövlətin, sahibkarların, mülkiyyətçilərin, auditorların və bütövlükdə cəmiyyətin hüquq və mənafelərinin müdafiəsini özündə ehtiva edən 10-a yaxın Dövlət Proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Ötən il Auditorlar Palatasına daxil olan 74 vətəndaş müraciətinə baxılıb, onlardan 50-si müvafiq qaydada həll olunub, 24-ü isə əsassız sayılıb rədd edilib. Cari ilin ilk altı ayında isə 20 müraciətdən 9-u müvafiq qaydada həll olunub, 8-nə müvafiq izahatlar verilib, 2-si baxılmamış saxlanılıb, 1-i isə icradadır.

Tədbirdə vurğulanıb ki, Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Auditorlar Palatası da ölkəmizdə həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərində öz töhfəsini vermək əzmindədir.