Açılış nitqi ilə çıxış edən Palatının icraçı direktoru Səbuhi Gülməmmədov geniş məruzə ilə çıxış edərək bildirib ki,1998-ci il 22 fevral tarixində Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilmiş, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Həmçinin Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli 832 nömrəli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib. Bu il insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu ilk strateji sənəd olan həmin Dövlət Proqramının təsdiq edilməsindən artıq 25 il ötür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun 18-nin ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilməsinin təsdiqlənməsi bu sahəyə yeni imkanlar açmaqla, yeni yanaşma tərzi aşılanıb.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) bu təşəbbüsə aktiv şəkildə qoşularaq insan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirlərinin təşkili ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, elm, təhsil, tibb və mədəniyyət müəssisələrinə, vətəndaş cəmiyyəti institututlarına, o cümlədən həmkarlar ittifaqlarına, qeyri-hökumət təşkilatlarına və mediaya çağırış edib.
Bununla əlaqədar Auditorlar Palatasında da hər il insan hüquqlarına dair maarifləndirici tədbirlər keçirilir.
Təqdirəlayiq haldır ki, belə bir günün dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini və demokratik prinsiplərə, ümumtanınmış insan hüquqları dəyərlərinə böyük önəm verdiyini bir daha nümayiş etdirir. Xüsusi qeyd edilməlidir ki, Azərbaycan öz Milli İnsan Hüquqları gününü qeyd edən yeganə ölkədir.
Əhalinin müxtəlif qruplarının hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş hüquqların bərpası demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin qurulması prosesinə təkan verən təşəbbüslər, insan hüquqları sahəsində maarifləndirmə işinin təşkili məqsədilə mütərəqqi ideyaların axtarışı və əldə olunmuş ideyaların tətbiqi aylıq çərçivəsində praktik yanaşma ilə real icra olunur və təsdiqini tapır.
Auditorlar Palatasının insan hüquqlarının müdafiəsi sahəsində işinin mühüm bir hissəsi insan hüquqlarının tərkib hissəsi olan sahibkarların, mülkiyyətçilərin hüquqlarının qorunmasına yönəlib və “Auditor xidməti haqqında Qanun”dakı mülkiyyətçilərin, o cümlədən auditorların hüquqlarının qorunması insan hüquqlarının qorunmasının ayrılmaz hissəsidir. Mülkiyyətçilərin hüquqlarının qorunmasının təminatçısı dövlətdir. Lakin mülkiyyətçilərə, vergi ödəyicilərinə, mühasibat uçotu subyektlərinə, audit sifarişçilərinə qarşı hər hansı bir qurumun, orqanın və ya istənilən bir təsirin qarşısını alan, peşə baxımından onların hüquqlarının keşiyində duran məhz müstəqil auditorlardır.
Palata tərəfindən çoxsahəli maarifləndirici tədbirlər, yəni auditorların ixtisasartırma kursları, assistent və mütəxəssislərin təkmilləşdirmə kursları, mühasibat uçotu və daxili audit kadrlarının hazırlanması üzrə tədbirlər, habelə çoxsaylı seminarlar, vebinarlar və ustad dərsləri nəticə etibarilə maarifləndirmə vasitəsilə auditorların və onun peşə fəaliyyətinin yüksək səviyyədə yerinə yetirilməsi ilə mülkiyyətçilərinin-sahibkarların, audit istifadəçilərinin hüquqlarının qorunmasına xidmət edir.
İqtisadi inkişafın bazisi rolunu oynayan mülkiyyət münasibətlərində baş verən mütərəqqi dəyişikliklər üstqurumun təkmilləşdirilməsini, idarəetmənin və planlaşdırmanın məzmun və mahiyyətcə yeni istiqamətdə inkişafını zəruri etmiş, bazar iqtisadiyyatı infrastrukturlarının, o cümlədən sivil nəzarət strukturlarının yaranmasını zəruri prosesə çevirmişdir.
Əlamətdar bir haldır ki, mülkiyyət münasibətlərinin formalaşmasında şəffaflığın daha da artırılması və ictimai nəzarətin genişləndirilməsi Ulu Öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da diqqət mərkəzində duran problemlərdəndir.
Möhtərəm Prezidentimiz tərəfindən 2007-ci il 6 iyun tarixli «Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında» Fərmanının imzalanmasından sonra mülkiyyət münasibətlərində şəffaflığın təmin edilməsinə geniş yer verilmiş və dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması və restrukturizasiyasında, səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsində, özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsində və digər məsələlərdə müasir nəzarət formalarından istifadənin hüquqi əsasları təmin edilib.
Xüsusi vurğulanmalıdır ki, auditor fəaliyyətində haqsız rəqabətin aradan qaldırılması və səmərəliliyin yüksəldilməsi, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, dempinq hallarının aradan qaldırılması, müstəqil auditə ictimai etimadın yüksəldilməsi və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə 2022-ci il Auditorlar Palatasında “Haqsız rəqabətə qarşı mübarizə ili” elan edilib.
Belə ki, ölkəmizdə auditor fəaliyyəti sahəsində haqsız rəqabət və dempinq hallarının aradan qaldırılması sahəsində Türkiyə təcrübəsi öyrənilərək 12 metodik vəsait təsdiq olunub tətbiq edilməsi üçün auditorlara göndərilib.
S.Gülməmmədov qeyd edib ki, Auditorlar Palatası Şurasının müvafiq qərarı ilə 2023-cü il audit sistemində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ili” elan edilib.
Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi üzrə işlər davam etdirilir. Artıq bir neçə ölkənin təcrübəsi öyrənilmiş və bu sahədə metodik materialların hazırlanması üzrə işlər aparılır.
Azərbaycanda auditor xidmətinin inkişafı son dövrlərdə qəbul olunmuş və uğurla yerinə yetirilmiş bir sıra mühüm dövlət proqramlarında və milli fəaliyyət planlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olub.
Şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, hesabatlılığının təkmilləşdirilməsi, maliyyə vəsaitlərindən istifadənin səmərəliliyinin gücləndirilməsi, açıq və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunun sürətləndirilməsi, regionların və sahibkarlığın süni maneələr və müdaxilələr olmadan inkişaf etdirilməsi kimi mühüm məqsədləri özündə ehtiva edən dövlət proqramları çərçivəsində Auditorlar Palatası bir çox mühüm problemlərin həllinə nail olunub. Ötən dövr ərzində Auditorlar Palatası insan hüquqlarının, dövlətin, sahibkarların, mülkiyyətçilərin, auditorların və bütövlükdə cəmiyyətin hüquq və mənafelərinin müdafiəsini özündə ehtiva edən 10-a yaxın Dövlət Proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri uğurla yerinə yetirilib.
Eyni zamanda, ötən 2022-ci il ərzində Auditorlar Palatasına daxil olan ümumilikdə 74 vətəndaş müraciətlərinə baxılmışdır, onlardan 50-si müvafiq qaydada həll olunmuş, 24-ü isə əsassız sayılıb rədd edilmişdir. 2023-cü ilin ilk altı ayı ərzində isə 20 müraciətdən 9-u müvafiq qaydada həll olunmuş, 8-nə müvafiq izahatlar verilmiş, 2-si baxılmamış saxlanılmış və 1-i isə hal-hazırda icradadır.
Sonda S.Gülməmmədov vurğulayıb ki, hazırda da ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Auditorlar Palatası olaraq biz gələcəkdə də ölkəmizdə həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərində öz töhfəmizi vermək əzmindəyik.
Tədbirdə eyni zamanda Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur Ibrahimov, Auditorlar Palatasının Şura üzvü, Sərbəst auditor Altay Cəfərov, "ELVİ AUDİT” məhdud məsuliyyətli cəmiyyətinin direktor-auditoru Elxan İsmayilov, Sərbəst auditor Ənvər Aslanov, "AZFİNANCE AND CONSULTİNG" məhdud məsuliyyətli cəmiyyətinin direktor-auditoru Elnur Kazımov, “AZƏRİ AUDİT SERVİS” məhdud məsuliyyətli cəmiyyətinin auditoru Yasin Şirinov insan hüquqlarının əhəmiyyətini vurğulayaraq, insan hüquqlarından və azadlıqlarından, qanunun aliliyindən, biznesdə insan haqlarının qorunması – kənar ekspertlərin cəlb edilməsindən, hesabatlılıqdan, sosial auditdə istehsalatda insan hüquqlarının qorunmasının təsdiqindən, tövsiyələrin verilməsindən, xarici tərəfdaşların cəlbindən, şəffaflıq və qeyri – maliyyə hesabatlılığından, sosial hesabatlılıqdan, rəqəmsal iqtisadiyyat şəraitində sahibkarların hüququndan bəhs ediblər.
Qalareya