Ulu Öndər Heydər Əliyev zəmanəmizin əbədiyaşar lideridir - AZƏRTAC

Bakı, 14 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Auditorlar Palatasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Ulu Öndər Heydər Əliyev zəmanəmizin əbədiyaşar lideridir” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Heydər Əliyevin büstü ziyarət edilib, sonra Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbir onlayn formatda davam edib.

Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış əlamətdar gün - 15 İyun – Milli Qurtuluş Günü 30 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olub, inkişafın sarsılmaz təməlləri qoyulub.

Bu il Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhvali-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşıb, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Bildirib ki, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıdıb. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.

Səbuhi Gülməmmədov vurğulayıb ki, bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” olan Neft Kontraktının imzalanması ilə atıldı. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.

Diqqətə çatdırıb ki, Prezident Heydər Əliyev tərəfindən 1994-cü ilin 16 sentyabr tarixində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu imzalayıb və ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini həyat keçirmək üçün 1996-cı il 5 aprel tarixindən Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlayıb.

“Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Ona görə də 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması böyük əhəmiyyət kəsb edir və dünyaya bir daha nümayiş etdirildi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır”,-deyə Palatanın icraçı direktoru qeyd edib.

Səbuhi Gülməmmədov bildirib ki, Ulu Öndərdən bizə miras qalan Azərbaycan dövləti bu gün inkişaf edir və gələcəyə ümidlə baxır.

Sonra 15 İyun - Milli Qurtuluş Günü barəsində müzakirələr aparılıb.