Azərbaycan Respublikasının Auditorlar Palatasında 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Ulu öndər Heydər Əliyev zəmanəmizin əbədiyaşar lideridir” mövzusunda tədbir Auditorlar Palatasının inzibati binasında Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstünün ziyarəti ilə başlayıb.
Tədbir sonradan onlayn formatda iclas şəklində davam edib. Tədbir iştirakçıları Ulu Öndərimiz Heydər Əliyevin və Azərbaycan torpaqları uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş videofilm nümayiş olunub
Açılış nitqi ilə çıxış edən Palatının icraçı direktoru Səbuhi Gülməmmədov geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış əlamətdar gün - 15 İyun – Milli Qurtuluş Günü 30 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olub, inkişafın sarsılmaz təməlləri qoyulub.
Bu il Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.
Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirib. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu.
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi və bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Bu istiqamətdə ilk addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” olan Neft Kontraktının imzalanması ilə atıldı. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə qədim İpək Yolunun bərpasına, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Çini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.
Məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və bir başa təşəbbüsü ilə Azərbaycan Respublikasının müstəqil, demokratik inkişaf yoluna qədəm qoymasından sonra ölkədə həyata keçirilən iqtisadi islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi, xəzinədarlıq sisteminin yaradılması, nazirlik, komitə və başqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qurumlarının ləğv olunması, dövlət orqanlarına onların öz səlahiyyətlərinə aid olmayan yoxlamalar aparılmasının qadağan edilməsi və bu istiqamətdə ardıcıl şəkildə həyata keçirilən digər məqsədyönlü tədbirlər ölkədə beynəlxalq standartlara cavab verən maliyyə nəzarəti sisteminin qurulmasını zərurətə çevirdi və maliyyə nəzarətinin bütün dünyada geniş yayılmış, mütərəqqi forması olan auditin (auditor xidmətinin) Azərbaycanda da tətbiqi həyati tələbata döndü.
Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən 1994-cü ilin 16 sentyabr tarixində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu imzalanyıb və ölkədə auditor xidmətinin dövlət tənzimlənməsini həyat keçirmək üçün 1996-cı il 5 aprel tarixindən Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlayıb.
1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.
Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Heydər Əliyev deyirdi: “Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın”. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır və Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Son 20 ildə Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bütün bunlar əyani şəkildə göstərir ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələri tərəfindən öyrənilməkdədir.
Tarix möhtərəm Prezidentimizin simasında ulu öndər Heydər Əliyevin bir daha müdrikliyini də təsdiq etdi. Müdrik Heydər Əliyev söyləmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıracaqdır. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Ona görə də 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması böyük əhəmiyyət kəsb edir və dünyaya bir daha nümayiş etdirildi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır.
S.Gülməmmədov bildirib ki, ölkə Prezidentinin Sərəncamı ilə bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Heydər Əliyev ili” elan edilmiş və bu məqsədlə istər ölkə daxilində, istərsə də ölkə xaricində təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq müxtəlif səpkili tədbirlər həyata keçirilir. Auditorlar Palatası da bununla bağlı olaraq Tədbirlər Planı təsdiq edib və bir neçə tədbirlər keçirib və ilin sonunadək əlavə tədbirlərin də keçirilməsi nəzərdə tutulub.
Sonda S.Gülməmmədov sözlərini möhtərəm Prezidentimiz İlham Əliyevin “Heydər Əliyev ideyaları yaşayır, fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır, onun yaratdığı və qurduğu Azərbaycan yaşayır və inkişaf edir. Biz hamımız Vətənimizi onun göstərdiyi yolla irəli aparmalıyıq” sözləri ilə yekunlaşdırıb.
Sonra tədbirdə Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov, Cənub bölgəsində auditi təmsil edən, “LŞ Audit” MMC-nin direktor-auditoru Fərhəddin Hüseynov, Palatanın Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov, Auditorlar Palatası Veteranlar Şurasının sədri, Sərbəst auditor Çingiz Abbasov, Gəncə bölgəsində auditi təmsil edən, Sərbəst auditor Hafiz Əhmədov, Audit sistemində icra intizamı və daxili nəzarət şöbəsinin müdiri Zaur Almazov, Naxçıvanda auditi təmsil edən, Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktor-auditoru Roman Hüseynov, Haqsız rəqabətə qarşı mübarizə idarəsinin rəis müavini Şəfiqə Əsgərova “15 İyun - Milli Qurtuluş Günü”nün əhəmiyyətindən danışıb, qeyd ediblər ki, Milli Qurtuluş Gününün Bayram kimi təqvimə daxil olması müstəqil Azərbaycanın daha da bütün sahələrdə inkişafına, əmin-amanlığına, tərəqqisinə, habelə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə öz töhfəsini verib. Eyni zamanda vurğulanıb ki, biz xoşbəxt xalqıq ki, ulu öndər Heydər Əliyevin banisi olduğu və rəhbərlik etdiyi Azərbaycanda yaşamışıq və bu gün onun ideyalarını və siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və onun yaxın silahdaşı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında peşəkar fəaliyyətimizdə ölkəmizin iqtisadi qüdrətinin artırılmasına öz töhfəmizi veririk.
Qalareya