Auditorlar Palatasında “Auditdə kadr problemi” mövzusuna həsr edilmiş “Dəyirmi masa” təşkil edilib

Azərbaycan Respublikasının Auditorlar Palatasında 2023-cü ilin 09 iyun tarixində “Auditdə kadr problemi” mövzusuna həsr edilmiş onlayn formatda “Dəyirmi masa” təşkil edilib.

“Dəyirmi masa”nı Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor  Vahid Novruzov açaraq kadr hazırlığı sahəsində görülmüş işlər, mövcud olan problemlər və qarşıya qoyulan məsələlərdən bəhs edib.

V.Novruzov kadr hazırlığı sahəsində korrupsiya, ƏL/TM və kölgə iqtisadiyyatına qarşı mübarizədə auditorların öhdəliklərinə həsr olunmuş tematik kursların, treninq və praktik məşğələlərin, seminar və “dəyirmi masa”ların təşkil edildiyini, rəqəmsal iqtisadiyyat və innovasiyaların tətbiqi sahəsində auditorların ixtisas səviyyələrinin yüksəldildiyini, təcrübəli auditorlar tərəfindən ustad dərslərinin təşkil edildiyini bildirib.

V.Novruzov eyni zamanda ali təhsil müəssisələri ilə fəal əməkdaşlığa nail olmaqla, gənclərin auditor peşəsinə daha geniş cəlb olunmalarının təmin edilməsinin, kadr hazırlığının bütün mərhələlərini əhatə edən vahid koordinasiya sisteminin yaradılmasının, innovasiyalı, rəqəmsal və  dayanıqlı iqtisadi inkişafa töhfəsini verəcək beynəlxalq sertifikatlı auditorların hazırlanmasının, auditor kadrlarının hazırlığı və yenidən hazırlanması ilə məşğul olan müəllimlərin seçim prosedurlarının təkmilləşdirilməsinin, ənənəvi maliyyə hesabatlılığı auditindən fərqli əlaqəli auditor xidmətləri və qeyri-maliyyə hesabatlarının auditi üzrə mütəxəssislərin yetişdirilməsinin, habelə ixtisasartırma kurslarının təşkilinin IFAC-ın Beynəlxalq Təhsil Standartlarının tələblərinə uyğun həyata keçirilməsinə nail olunmasının, yeni növ əlaqəli auditor xidmətləri üzrə tədris proqramlarının hazırlanmasının və tətbiqinin vacibliyini vurğulayıb.

Daha sonra Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov əsas məruzəçi kimi “Auditdə kadr problemi” barədə geniş məruzə ilə çıxış edib.

N.Talıbov bildirib ki, Azərbaycan Respublikasında auditor kadrlarının və onların ixtisas səviyyələrinin yüksəldilməsi üzrə beynəlxalq təcrübə nəzərə alınmaqla müasir sistem  yaradılmış və fəaliyyət göstərməkdədir. Bu sistemə mühasibat uçotu və audit üzrə ali təhsilli mütəxəssislərin hazırlanması, auditor adı almaq üçün müraciət edən şəxslərin bilik səviyyələrinin müəyyənləşdirilməsi üzrə ixtisas imtahanlarının keçirilməsi və auditorların ixtisasartırma səviyyəsinin yüksəldilməsi üzrə hər il keçirilən ixtisasartırma kursları daxildir.

2012-2022-ci illər ərzində müntəzəm olaraq “Auditor təşkilatlarının əməkdaşları (assistentlər və mütəxəssislər) üçün ixtisasartırma kursları”, “Daxili audit”,  “Auditorların ixtisasartırma kursları”, “Maliyyə hesabatlarının hazırlanmasına dair ixtisasartırma kursları” təşkil edilmişdir. 

Azərbaycanda auditin inkişafını şərtləndirən əsas amillərdən biri yüksək səviyyəli auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin artırılmasıdır.

Auditorlar Palatası tərəfindən təşkil edilən ixtisasartırma kursları daimi, icbari və davamlı xüsusiyyətlə nəzəri və praktik istiqamət daşımalıdır. Nəzəri istiqamətdə təşkil olunan kurslar ölkədə audit, maliyyə-mühasibat, iqtisadi qanunvericilik sahəsində baş vermiş dəyişiklikləri, audit və mühasibat uçotu üzrə beynəlxalq və milli standartları, normativ sənədləri, yeni informasiya texnologiyalarından və proqramlardan istifadə olunmasını və digər məsələləri əhatə etməlidir. Praktik ixtisasartırma kursları isə yeni, qabaqcıl iş təcrübəsinin öyrənilməsi, beynəlxalq audit praktikasının mütərəqqi üsullarından istifadə olunması istiqamətlərini əks etdirməlidir.

Auditin və mühasibat uçotunun inkişafını zəruri edən amil­lərindən biri də rəqəmsallaşma nəticəsində əsas resursun mad­di deyil, intellektual aktivlər olduğu iqtisadiyyata keçiddir. Məhz bu şəraitdə müəssisənin inteqrasiya olunmuş hesa­bat­lı­lığa  keçməsi zərurəti yaranır. Çünki ənənəvi maliyyə hesa­bat­ları məhsulların (işlərin, xidmətlərin) dəyərinin yaradıl­ma­sın­da əsas amilləri tam əks etdirmir.

Auditin inkişafı və auditor fəaliyyətinə ictimai marağın yüksəldilməsi auditorların hazırlanması və attestasiyası sisteminin təkmilləşdirilməsini, onların ixtisasartırma prosesinin fasiləsizliyini və çevikliyini təmin etməyi tələb edir.

Klassik audit sisteminin formalaşdırılması və auditor peşəsini seçən gənclərin bu fəaliyyətə cəlb edilməsi üçün kadr hazırlığının bütün mərhələlərini əhatə edən vahid koordinasiya sistemini reallaşdırmaq məqsədilə Auditorlar Palatasının Tədris Mərkəzi yaradılmalıdır.

Bəzi mütəxəssislər təklif edir ki, auditor peşəsinə əsas iq­tisadi deyil, texniki təhsili olan namizədlərin cəlb edilməsinə üs­tünlük verilsin. İnkişafa belə bir baxışın əsaslandırılması üçün bö­yük şansı var, çünki təkcə maliyyə məsələlərində deyil eks­per­ti­za, həm də tərəqqi perspektivlərinin, müasir texno­logi­ya­la­rın, risklərin və imkanların qiymətləndirilməsi və idarə olun­ma­sı haqqında anlayışın əldə edilməsi də vacibdir. Bu halda qabaqcıl kompüter bilikləri maliyyə sektorunda çalışan is­tə­nilən işçi üçün əsas və zəruri hesab olunur.

Bu fikirlər bir-birini tamamlayır, çünki informasiya tex­no­lo­giyalarının inkişafı İT sənayesi işçiləri olmadan mümkün deyil. Bu, mühasibat uçotu və auditin keyfiyyətcə yeni səviyyəyə çıx­masına imkan verəcək.

Mövzu ətrafında eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və audit” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov, Daxili Auditorlar İnstitunun Azərbaycan Bölməsinin  vitse-prezidenti Fuad Kələşli, Azərbaycan Kooperasiya Universitetinin İnsan resursları departamentinin rəhbəri  Zakir Nazıyev,   Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İqtisadiyyat və menecment” fakultəsinin dekanı, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru, dosent İlham Rüstəmov, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, Sərbəst auditor Nazim Axundov, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev, “Barattson” şirkətinin nümayəndəsi Pünhan Gəraylı, Bakı Biznes Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Ayətulla Cabbarov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Biznesin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, iqtisadçı alim, professor Məhəbbət Məmmədov çıxış edərək kadr hazırlığı məsələsinin əhəmiyyətindən, qarşıda duran problemlərdən bəhs etdilər.

Sonda V.Novruzov auditor və mühasib peşələrinin imicinin yüksəldilməsinin, auditor peşəsinə marağın artmasının, kadrların hazırlanmasının təkmilləşdirilməsinin Auditorlar Palatasının qarşısında duran əsas məsələlər olduğunu qeyd edərək “Dəyirmi masa” iştirakçılarına tədbirə qoşulduqlarına görə öz təşəkkürünü bildirdi.

 “Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2022-ci il 20 iyul tarixli 1/25 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Dəyirmi masa”nın üzvləri, ali təhsil müəssisələrinin, peşəkar tədris mərkəzlərinin nümayəndləri və Palatanın əməkdaşları iştirak edib.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası