Auditorlar Palatasında 2023-cü ilin 07 iyun tarixində “Əsas vəsaitlərin uçotunun auditi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Sərbəst auditor Aygün Səfərova) mövzusunda ustad dərsi keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Əsas vəsaitlərin uçotunun auditi” haqqında geniş məlumat verdi.
Q.Bayramov bildirdi ki, əsas vəsaitlərin uçotunun əsas məqsədi istehsal və qeyri-istehsal prosesində iştirak edən əsas və saitlərin düzgün qeydiyyata alınması, onlara amortizasiya normalarının, habelə əmlak vergisinin düzgün hesablanmasıdır.
Müəssisə və təşkilatlar istehsal prosesi dövründə müxtəlif material dəyərlilərindən istifadə edirlər. Bunların arasında başlıca yeri müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində iştirak edən əsas vəsaitlər tutur.
Əsas vəsaitlər iki hissəyə ayrılır: istehsal prosesində iştirak edən əsas vəsaitlər və qeyri-istehsal prosesində iştirak edən əsas vəsaitlər.
İstehsal prosesində iştirak edən əsas vəsaitlərə binalar, qurğular, avadanlıq və məhsul istehsalında iştirak edən digər əsas vəsaitlər aiddir.
Qeyri-istehsal prosesində iştirak edən əsas vəsaitlərə mənzil-kommunal təsərrüfatını, elm və mədəniyyət idarələrini, səhiyyə sahələrini və başqalarını aid etmək olar.
İqtisadi fəaliyyət sahələrində - sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, rabitədə, tikintidə və s. əsas vəsaitlər hər bir sahənin tələblərinə müvafiq olaraq qruplaşdırılır.
Bu baxımdan, əsas vəsaitlər aşağıdakı qruplara bölünür:
binalar (sex korpusları, emalatxanalar, idarə binaları, yaşayış binaları, sosial- məişət, mədəniyyət, səhiyyə binaları və s.);
qurğulara (neft və qaz qurğuları, mədən şaxtaları, avtomobil yolları, körpülər, estakadalar, su anbarları və s.)
ötürücü qurğular (elektrik xətləri, boru kəmərləri, istilik şəbəkəsi, qaz şəbəkəsi və s.);
güc maşın və avadanlıqları (qazanlar, buxar mühərrikləri, turbinlər, güc transformatorları və s.);
nəqliyyat vasitələri - bu qrupa təkər üzərində hərəkət edən bütün nəqliyyat vasitələri (vaqonlar, avtomobillər, traktorlar və s.);
təsərrüfat inventarları (kontor şkafı, divan, kassa aparatı, yazı makinası, kitabxana fondu və s.);
çoxillik əkmələr - parklar, bağlar, bulvar, müəssisələrin ərazisində və küçədə əkilmiş ağaclar və s;
işlək və damazlıq heyvanlar, quşlar və arı ailələri;
torpağın meliorasiyası və su hövzələri (qurğularsız).
Hər bir müəssisə və təşkilat istehsal prosesini qurmaq və davam etdirmək üçün müəyyən miqdarda əsas vəsait alır.
Əsas vəsaitlər müəssisəyə müxtəlif yollarla daxil ola bilər: kapital qoyuluşları hesabına; təmirə çəkilmiş xərc hesabına (təmir xərci əsas vəsaitin üstünə gəlir); modernləşdirmə; başqa müəssisə və təşkilatlardan daxil olan, təsisçilərin payı kimi, əvəzsiz əsas vəsaitlər.
Əsas vəsaitlərin texniki sazlığının və saxlanmasının auditi zamanı auditor əsas vəsaitlərin analitik uçotu ilə sintetik uçotunun uyğunluğunu yoxlamalıdır. Analitik uçotla sintetik uçot arasında fərq yaranarsa, məqsədi və səbəbi aydınlaşdırılmalı və rəhbərliyə məlumat verilməlidir.
Bütün əsas vəsaitlərin maddi məsul şəxslərin cavabdehliyinə verilməsi yoxlanılmalıdır.
Analitik uçotun registri bütün məlumatları özündə əks etdirən inventar vərəqələridir. Əsas vəsaitlərin analitik uçotunun dürüstlüyü inventar vərəqələri ilə yoxlanılır.
Əsas vəsaitlərin inventarizasiyasının vaxtında aparılmasının böyük əhəmiyyəti vardır. Ona görə də auditor buna fikir verməli və inventarizasiyanın mühasibat uçotunda əks etdirilən əsas vəsaitlərlə uyğunluğuna diqqət yetirməlidir.
Audit dövründə auditor əsas vəsaitlərin ilin sonunda keçirilən inventarizasiyası materiallarını yoxlamalıdır.
Əsas vəsaitlərin hərəkətinin auditi zamanı onların alınmasının və tikilməsinin məqsədyönlülüyünə, vaxtında və düzgün sənədləşdirilməsinə və qiymətinin reallığına fikir verilməlidir.
Q.Bayramov ustad dərsi haqqında geniş məlumat verdikdən sonra sözü Sərbəst auditor Aygün Səfərovaya verdi.
A.Səfərova əsas vəsaitlər, əsas vəsaitlərin ilkin tanınmada ədalətli dəyəri, əsas vəsaitlərin tanınmasının dayandırılması, əsas vəsaitlərin kateqoriyaları, əsas vəsaitlərin uçot sxemi, əsas vəsaitlərin uçotu üzrə ilkin sənədlər, əsas vəsaitlərin auditinin məcburi mərhələsi kimi əhəmiyyətlilik dərəcəsinin hesablanması, əsas vəsaitlərin auditi üzrə plan və proqram, əsas vəsaitlərin auditi üzrə və əsas vəsaitlərin auditi üzrə iş sənədi haqqında geniş məlumat verdi.
Məruzəçi bildirdi ki, aktivin balans dəyəri - yığılmış amortizasiya və qiymətdən düşmə zərərləri çıxıldıqdan sonra aktivin balans hesabatında tanınan dəyəridir.
İlkin dəyər – aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri və yaxud, tətbiq edilməsi mümkün olan təqdirdə, digər standartların (məsələn, “Səhm üzrə mənfəət” adlı 2 No-li MHBS-ın) xüsusi tələblərinə uyğun olaraq ilkin mərhələdə tanınmış aktivə aid edilən məbləğdir. aktivin satın alınması və ya tikilməsi, daşınması və quraşdırılması zamanı, onun əldə edilməsi üçün ödənilmiş pul vəsaiti və ya pul vəsaitlərinin ekvivalentləri və yaxud, tətbiq edilməsi mümkün olan təqdirdə, digər Standartların xüsusi tələblərinə uyğun olaraq ilkin mərhələdə tanınmış aktivə aid edilən məbləğdir
Amortizasiya edilmiş dəyər aktivin ilkin dəyərindən və ya bu dəyəri əvəz edən digər məbləğdən son qalıq dəyərinin çıxılmasından sonra əldə olunan dəyərdir.
Amortizasiya – istismara yararlı müddətdə aktivlərin amortizasiya edilmiş dəyərinin müəyyən olunmuş hissələrlə müntəzəm olaraq (sistematik) paylaşdırılmasıdır (bölüşdürülməsidir).
Müəssisəyə xas olan dəyər – aktivin davamlı istifadəsindən və istismar müddənin sonunda silinməsindən və ya öhdəliyin yerinə yetirilməsilə bağlı yaranması gözlənilən nağd vəsait axınının diskontlaşdırılmış dəyəridir.
Ədalətli dəyər – bir-birindən asılı olmayan, yaxşı məlumatlandırılmış və bu cür əməliyyatları həyata keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatların icrası zamanı aktivlə əvəz edilməsi və ya öhdəliklərin əvəzində ödənilməsi mümkün olan vəsaitlərdir.
Qiymətdən düşmə zərəri – aktivin balans dəyəri ilə bərpa edilə bilən məbləği arasındakı fərqi ifadə
edən məbləğdir.
Torpaq, tikili və avadanlıqlar – aşağıdakı meyarlara cavab verən maddi aktivlərdir:
(a) istehsalda və ya mal-materialların çatdırılması və ya xidmətlərin göstərilməsində istifadə edilməsi, digər tərəflərə icarəyə verilməsi və ya inzibati məqsədlər üçün saxlanılması məqsədilə saxlanılan;
(b) bir hesabat dövründən artıq istifadə edilməsi gözlənilən.
Bərpa edilə bilən məbləğ – aktivin xalis satış qiyməti və onun istifadə dəyərindən daha yüksək olan dəyərdir.
Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən ustad dərsinin mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 78 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası