Azərbaycan Respublikasının Auditorlar Palatası ölkə Prezidenti cənab İlham Əliyevin müstəqil maliyyə nəzarəti sahəsində proqram xarakterli göstərişlərini rəhbər tutaraq, mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, 40-a yaxın xarici ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri, anlaşma memorandumları imzalamışdır. Bu sazişlərin reallaşması ölkədə şəffaflığın artırılması və auditin inkişafı sahəsində xarici tərəfdaşlarla birgə tədbirlər həyata keçirmək və təcrübə mübadiləsi aparmaq üçün önəmli əhəmiyyət kəsb edir.
Növbəti belə anlaşma memorandumunun imzalanması 2023-cü ilin 24 may tarixində Ali təhsil üzrə federal dövlət büdcəli təhsil müəssisəsi "Voronej Dövlət Universiteti”nin nümayəndə heyətlərinin Bakıya səfəri zamanı baş tutub.
2023-cü il 24 may tarixində Auditorlar Palatasında Azərbaycan Respublikasının Auditorlar Palatası və Ali təhsil üzrə federal dövlət büdcəli təhsil müəssisəsi "Voronej Dövlət Universiteti” arasında Anlaşma Memorandumu imzalanıb.
Qurumlar arasında imzalanmış Anlaşma Memorandumunun əsas məqsədi təlim, ixtisasartırma və peşəkar fəaliyyətin təkmilləşdirilməsi məqsədilə kadr mübadiləsi, birgə tədqiqat fəaliyyəti və birgə nəşrlər, seminar və tədris tədbirlərində iştirak etmək, tədris materiallarının və digər məlumatların mübadiləsi, xüsusi qısamüddətli təlim proqramlarının hazırlanmasıdır.
Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açaraq qonaqları salamlayıb. V.Novruzov tədbirin əhəmiyyətindən danışaraq, bu Memorandumun bağlanmasının tərəflərin fəaliyyət göstərdiyi ərazilərdə mühasiblərin, auditorların və digər bu kimi peşə sahiblərinin inkişafı ilə bağlı əməkdaşlıq etməkdə, təşkilatların üzvlərinin peşə səviyyəsinin yüksəldilməsində, tərəflərin mütəxəssisləri arasında işgüzar əlaqələrin yaradılmasınıda böyük rol oynayacağını vurğulayıb.
Eyni zamanda tədbir iştirakçılarına ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə son dövrlərdə iqtisadi islahatların aparılması, kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın artırılması, korrupsiyaya və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində görülən işlər və müstəqil auditə göstərilən böyük diqqət qayğı barədə geniş məlumat verib.
Daha sonra iqtisad elmləri doktoru, professor, Voronej Dövlət Universitetinin rektoru, Rusiya Rektorlar İttifaqının Vitse-prezidenti və İdarə Heyətinin üzvü, Voronej Vilayəti Universitetləri Rektorlar Şurasının sədri, Rusiya Mərkəzi Universitetlər Assosiasiyasının sədri Yendovitski Dmitriy Aleksandroviç bu əməkdaşlığın mühasib və auditorlar üçün davamlı peşəkar təlimlərin işləyib hazırlamasına və peşəkar ixtisasartırma proqramlarının təkmilləşdirməsinə, qarşılıqlı maraq doğuran məsələlər üzrə təkliflər irəli sürülməsinə, peşə fəaliyyəti ilə bağlı informasiya mübadiləsinin təşkilinə, qarşılıqlı şəkildə təşkil olunan tədris proqramlarının, layihələrin və tədbirlərin dəstəklənməsinə böyük töhfə verəcəyini bildirib.
Tədbirdə Auditorlar Palatasının sədr müavini Fəxrəddin İsmayılov, icraçı direktor Səbuhi Gülməmmədov, Aparatın rəhbəri Qəşəm Bayramov, Auditorların ixtisasartırması və peşə təhsili üzrə komitənin üzvü, Sərbəst auditor Nazim Axundov, Voronej Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsinin Xarici Ölkələrin Regionşünaslıq və İqtisadiyyatı kafedrasının dosenti, iqtisad elmləri namizədi Lomsadze Dmitriy Georgieviç və Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadi Təhlil və Audit kafedrasının dosenti, Beynəlxalq rəqabətə davamlılıq üzrə rektorun köməkçisi, iqtisad elmləri namizədi Svetaşova Yuliya Vyaçeslavovna iştirak ediblər.
Sonda qurumlar arasında Anlaşma Memorandumu imzalanıb və Voronej Dövlət Universitetinin rektoru Yendovitski Dmitriy Aleksandroviç Palatanın Fəxri Qonaqlar Kitabına səmimi ürək sözlərini yazıb.
Tədbir zamanı ölkələrdəki auditor kadrlarının hazırlanması səviyyəsi müzakirə olunub və qurumlar arasındakı gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb.
Qalareya