2023-cü ilin 22 may tarixində “”Auditorun şəxsi kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında” Təlimat barədə (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov) seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “”Auditorun şəxsi kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında” Təlimat barədə danışdı.
Q.Bayramov bildirdi ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə, “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”nda (2012-2020-ci illər) həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin icrasının təqvim planının 10.1-ci “Auditorların hesabatlarının interaktiv qəbulu və emalı” və 10.2-ci “E-kargüzarlıq sisteminin tətbiqi və e-imza tətbiq olunmaqla sənəd dövriyyəsinin təşkili” bəndlərinə və “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyası”nın (2021-2030-cu illər) 5.4-cü “Rəqəmsal iqtisadiyyat şəraitində auditor fəaliyyətində innovasiyaların tətbiqi istiqamətləri” bölməsinə uyğun olaraq hazırlanmış “Auditorun şəxsi kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında Təlimat”ın layihəsi Auditorlar Palatası Şurasının 2023-cü il 13 aprel tarixli 355/4 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Təlimat xidməti istifadə üçün bütün auditor təşkilatlarının və sərbəst auditorların email ünvanlarına göndərilmişdir.
Bu Təlimatda Təlimatın məqsədi, əhatə dairəsi, hüquqi əsası, anlayışlar, proqram təminatına daxil olmaq və istifadə etmək məcburiyyəti, müqavilələrin Palataya bildirilmə müddətləri, müqavilələrin və rəylərin qeydiyyatdan keçməsi qaydası, auditor təşkilatları və sərbəst auditorlar tərəfindən təqdim edilən yarımillik (illik) hesabatların yazılı formatda hazırlanması və təqdim edilməsi, peşə mənsubunun/üzvünün müqavilələrini proqram təminatı ilə məlumatlandırmamasının və ya əskik məlumatlandırmasının nəticələri, məxfilik, qüvvəyə minmə tarixi, nəzarət barədə müddəalar əks etdirilmişdir.
“Auditorun Şəxsi Kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında Təlimat”ın məqsədi, peşə mənsubunun/üzvünün sifarişçi ilə bağladığı müqavilələrin yazılı və elektron formada olmasından, minimum hədlərə riayət olunmasından və bunun nəticəsində onun ödənişsiz və ya minimum həddən aşağı işlərin görülməsinin qarşısının alınmasından ibarətdir.
Daha sonra Q.Bayramov sözü Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədova verdi. Q.Əhmədov ”Auditorun şəxsi kabineti” haqqında geniş məlumat verdi.
Q.Əhmədov bildirdi ki, Auditorlar proqram təminatına daxil olmaq üçün ilk növbədə qeydiyyatdan keçərək yeni hesab yaratmalıdırlar. Bunun üçün www.audit.gov.az veb səhifəsi üzərindən “Şəxsi kabinet” bölməsinə daxil olmaları lazımdır.
“Şəxsi kabinet” üzərinə vurub daxil olduqdan sonra yeni pəncərə açılacaqdır. Daha öncədən qeydiyyatınız varsa, açılmış pəncərədə istifadəçi adını və şifrəni daxil edərək sistemə giriş üçün “Daxil ol” düyməsini tıklayaraq kabinetə daxil olmaq mümkündür. Növbəti dəfə şəxsi profilinizə daxil olarkən, istifadəçi adınızın və şifrənizin sistemin yaddaşında qalmağını istəyirsinizsə, o zaman “Yadda saxla” düyməsini aktivləşdirin.
Q.Əhmədov Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən bağlanılmış müqavilələrin və rəylərin qeydiyyatından bəhs edərkən qeyd etdi ki, müqavilələrin və rəylərin qeydiyyatı bölməsi “Müqavilələrin/Rəylərin qeydiyyatı” proqram təminatında öz əksini tapmışdır. Bu panel vasitəsi ilə müqavilələr bağlandığı gün və ya bağlandıqdan sonrakı 10 gün ərzində sistemə yüklənilməlidir, lakin müqavilə icra olunduqda (Rəy verildikdə) həmin gün sistemə daxil edilməlidir. Həmçinin müqavilə sistemə daxil edilərkən Palata Şurasının 2022-ci il 03 oktyabr tarixli 348/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri”nə riayət olunmalıdır
Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən təqdim olunan yarımillik (illik) hesabatların təsdiq edilməsi zamanı artıq yaradılmış proqram təminatında auditorlar tərəfindən Palataya təqdim edilən yarımillik və illik hesabatlar avtomatik olaraq sistem tərəfindən yığılır, lakin sistemin təkmilləşdirilməsini nəzərə alaraq sistemdə hesabatların hər yarımildə və ildə bir dəfə təsdiqlənməsi tələb olunur. Sol tərəfdə yerləşən “Hesabatlar” bölməsinin yanında “+” işarəsini tıklayaraq “Hesabat” bölməsinə daxil olaraq yuxarıda “6 aylıq Təsdiq et” və ya “12 aylıq Təsdiq et” düyməsini tıklayaraq müvafiq dövr üzrə hesabatlarını təsdiq edirlər.
Auditor təşkilatları və sərbəst auditorlar tərəfindən statistik hesabatların təqdim edilməsi üçün Kabinetin sol hissəsində müvafiq bölmələr mövcuddur. “Hesabatlar” bölməsi 6 menyudan ibarətdir, onlardan 4-ü Statusu/Dövriyyəsi, Fəaliyyət sahələri, Əlaqəli xidmətlər və verilən rəylər bölməsi bildiyiniz statistik hesabatın bölmələridir. İşçilər və hesabat bölməsi Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2018-ci il 12 iyun tarixli 301/1 nömrəli qərarı ilə təsdiq edilmiş və 2 bölmədən ibarət olan hesabatdır.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 76 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası