2023-cü ilin 16 may tarixində “Dövlət büdcəsinə məcburi ödənişlərin düzgün hesablanması və ödənilməsi istiqamətində auditorların öhdəliklərinin artırılması və məsuliyyətlərinin gücləndirilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova) mövzusunda seminar və “Dövlət sifarişi ilə audit tapşırıqlarının icra edilməsi” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadə) mövzusunda ustad dərsi keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Dövlət büdcəsinə məcburi ödənişlərin düzgün hesablanması və ödənilməsi istiqamətində auditorların öhdəliklərinin artırılması və məsuliyyətlərinin gücləndirilməsi” haqqında geniş məlumat verdi.
Q.Bayramov bildirdi ki, əsasən büdcə, sosial sığorta və təminatlar üzrə hesablaşmaların auditinin düzgün aparılmasına xüsusi diqqət yetirilməlidir.
Büdcə ilə hesablaşmaların auditi dedikdə, ilk növbədə büdcəyə ödənilməli olan vergilərin və sosial sığorta üzrə hesablaşmaların auditi başa düşülür. Vergilərin dərəcələri, hər bir verginin obyekti, onların hesablanması və büdcəyə ödənilməsi qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi və müvafiq normativ hüquqi aktlarla tənzimlənir.
Büdcəyə ödənilməli olan vergilərin düzgün hesablanmasının və vaxtında ödənilməsinin yoxlanılması auditordan yüksək peşəkarlıq tələb edir. Praktika göstərir ki, heç də bütün təsərrüfat subyektləri vergilərin hesablanması və ödənilməsi proseslərini düzgün həyata keçirmirlər. Məhz buna görə dövlət vergi orqanları tərəfindən onlara qarşı maliyyə sanksiyaları tətbiq edilir.
Bu səbəbdən büdcə ilə hesablaşmaların auditi prosesində auditor riski daha yüksəkdir. Audit prosesində auditorun mühüm vəzifələrindən biri vergilərin və digər məcburi ödənişlərin düzgün hesablanmasını və büdcəyə köçürülməsini dəqiqliklə yoxlamaqdır. Burada sifarişçi təşkilata vergilərin vaxtında və düzgün hesablanıb ödənilməsi barədə məsləhətlər və vergi orqanları tərəfindən tətbiq oluna biləcək maliyyə sanksiyaları barədə məlumat vermək mühüm rol oynayır.
Büdcə ilə hesablaşmaların uçotda düzgün əks etdirilməsi, aparılmış mühasibat yazılışlarının, büdcə ödənişləri üzrə analitik uçotun aparılması qaydalarının düzgünlüyü, analitik uçotla sintetik uçot arasında kənarlaşmaların olub-olmaması yoxlanılmalıdır. Bundan başqa, təsərrüfat subyekti tərəfindən vergi orqanlarına təqdim edilmiş hesabatların düzgün tərtibi və vaxtında təqdim edilməsi, bu səbəbdən vergi orqanları tərəfindən maliyyə sanksiyalarının tətbiq edilib-edilməməsi halları araşdırılmalıdır.
Mövcud vergi qanunvericiliyində bir sıra hallarda vergilər üzrə güzəştlər nəzərdə tutulmuşdur. Güzəştlərin düzgün tətbiq edilməsinin yoxlanılması üçün auditor təsərrüfat subyektinin fəaliyyətinin xüsusiyyətlərini öyrənməli və güzəştlərin nə dərəcədə düzgün tətbiq edildiyinə qiymət verməlidir.
Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu qaydaları məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən müəyyən edilir.
Müəssisənin işçi heyəti ilə dövlət sosial sığortası, pensiya təminatı və s. üzrə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün «Sosial sığorta və təminat üzrə hesablaşmalar» hesabından istifadə edilir.
«Sosial sığorta və təminat üzrə hesablaşmalar» hesabına «Sosial sığorta üzrə hesablaşmalar», «Pensiya təminatı üzrə hesablaşmalar» və başqa subhesablar açıla bilər.
Sosial sığorta və təminat üzrə hesablaşmaların auditinin məqsədi həmin sosial fondlara ödənişlərin hesablanmasının düzgünlüyünü, hesablanmış məbləğlərin vaxtında təyinatı üzrə köçürülməsini, onların mühasibat uçotunda düzgün əks etdirilməsini və müvafiq hesabatların düzgün tərtib edilərək müvafiq fondlara təqdim edilməsini və bu hesablaşmaların qüvvədə olan qanunverici və normativ aktların tələblərinə uyğun olduğunu müəyyən etməkdir.
Audit prosesində informasiya mənbəyi «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» hesabı olduğu üçün sosial sığorta və təminat üzrə hesablaşmaların auditini əməyin ödənişi üzrə hesablaşmaların auditindən sonra aparmaq lazımdır.
Audit zamanı auditor aşağıdakıları yoxlamalıdır:
Q.Bayramov seminarın mövzusu ətrafında çıxış etdikdən sonra sözü Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi.
N. Talıbov mövzu ətrafında geniş çıxış edərək qeyd etdi ki, «Büdcə ilə hesablaşmalar» hesabının analitik uçotu vergilərin növləri üzrə aparılır. Bu hesab üzrə aşağıdakı subhesablar açıla bilər:
Audit zamanı, ilk növbədə, büdcə ilə hesablaşmalar üzrə daxili nəzarətin vəziyyəti öyrənilməli, vergiyə cəlb edilən bazanın tamlığı və düzgünlüyü yoxlanılmalıdır. Vergi dərəcələrinin düzgün tətbiq edilməsinə (fəaliyyət növündən asılı olaraq) və vergilərin məbləğinin düzgün hesablanmasına xüsusi diqqət yetirmək lazımdır. Ödəniş sənədləri, vergi orqanlarına təqdim edilən hesabatlar üzrə büdcəyə çatası vergi və ödənişlərin vaxtında və düzgün ödənilməsi, büdcə ödənişləri üzrə hesabatlarda yaranmış qalıqlar təhlil edilməlidir.
Maliyyə hesabatlarının auditi və əlaqəli xidmətlərin göstərilməsi zamanı auditorların qarşısında ciddi öhdəliklər yaradan Beynəlxalq Audit Standartları barəsində və bu sahədə mühüm əhəmiyyətə malik olan 250 saylı “Maliyyə hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması”, 240 saylı “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti”, BAS-lar barədə ətraflı məlumat verdi.
Daha sonra Q.Bayramov “Dövlət sifarişi ilə audit tapşırıqlarının icra edilməsi” mövzusunda ustad dərisinə keçid edərək mövzu haqqında məlumat verdi.
Q.Bayramov bildirdi ki, Səlahiyyətli dövlət orqanlarının sifarişlərinin icrasının auditorlar tərəfindən səriştəli, keyfiyyətlə yerinə yetirilməsi istiqamətində Auditorlar Palatası tərəfindən koordinasiya, auditorların fəaliyyətinə qanunla müəyyən olunmuş hədd çərçivəsində nəzarət işinin təşkili, habelə həmin orqanların sifarişi ilə auditor təşkilatları və sərbəst auditorlar tərəfindən aparılan yoxlamaların keyfiyyətinin yüksəldilməsinə nail olunması, yoxlamaların nəticələrinin düzgün rəsmiləşdirilməsi və aidiyyatı üzrə müəyyən edilmiş müddətlərdə təhvil verilməsinin təmin edilməsi məqsədilə “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair Qayda”nın layihəsi hazırlanmış və Auditorlar Palatası Şurasının 2017-ci il 25 avqust tarixli 289/1 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Qaydalar aşağıdakı 7 bölmədən ibarətdir:
Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan auditlərin keyfiyyətinin artırılması, auditor təşkilatları və sərbəst auditorlar tərəfindən auditor xidmətləri göstərilərkən ölkə qanunvericiliyinin, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), Auditorların Müstəqillik Qaydalarının tələblərinə əməl edilməsi, auditin səmərəliliyinin təmin edilməsi və bu istiqamətdə vahid yanaşmanın tətbiq olunması məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Nazim Rəcəbovun Azərbaycan Respublikasının Auditorlar Palatasına ünvanlandığı 2022-ci il 29 dekabr tarixli məktubunda qeyd edilən təklifləri nəzərə alaraq və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi ilə 2010-cu il 5 may tarixində imzalanmış “Korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu rəhbər tutaraq Auditorlar Palatası sədrinin 23 fevral 2023-cü il tarixli 1/7 nömrəli sərəncamı ilə səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan auditlərin keyfiyyətinin artırılması sahəsində təklif və tövsiyələrin hazırlanması məqsədilə işçi qrupu yaradılmış və hal-hazırda həmin istiqamətdə işlər davam etdirilir.
Moderator ustad dərsi haqqında geniş məlumat verdikdən sonra sözü “SR Audit Solutions” MMC-nin direktor-auditoru Səftər Vəlizadəyə verdi.
S.Vəlizadə bildirdi ki, Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditorun yoxlama aparmaq hüququ “Auditor xidməti haqqında” AR qanunu, “Prokurorluq haqqında” AR qanunu, AR Cinayət-Prosesual Məcəlləsi və digər qanun və qaydalarla müəyyən olunur:
Auditorların səlahiyyətli dövlət orqanları tərəfindən mütəxəssis qismində cəlb edilməsi aşağıdakı qaydada həyata keçirilir:
Səlahiyyətli dövlət orqanlarının sifarişlərini icra edən auditorlar aşağıdakı hüquqlara malikdirlər:
Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən ustad dərsinin və seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 87 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası