2023-cü ilin 18 aprel tarixində “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”ın tətbiqinə dair seminar (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov) keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”ın tətbiqi haqqında danışdı.
Q.Bayramov bildirdi ki, “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyası”nda (2021-2030-ci illər) həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin icrasının təqvim planının 1.1-ci “Auditorlar Palatası tərəfindən aparılan keyfiyyətə kənar nəzarət prosedurlarının nəticəliliyinin yüksəldilməsi”, 1.4-cü “Kiçik və orta auditor təşkilatlarının və sərbəst auditorların apardıqları auditin keyfiyyətinə kənar nəzarətə dair metodik bazanın təkmilləşdirilməsi”, 1.7-ci “Mütəxəssis və işçilərin fəaliyyətinin yaxşılaşdırılması, iş fəaliyyətinin müvafiq keyfiyyətinin təmin edilməsi üçün bütün səviyyələrdə cari nəzarətin həyata keçirilməsi”, 1.22-ci “Keyfiyyətə kənar nəzarət üzrə normativ-hüquqi bazanın mütəmadi olaraq təkmilləşdirilməsi”, 14.1-ci “Auditin keyfiyyətinə kənar nəzarətə dair metodik bazanın təkmilləşdirilməsi” və Auditorlar Palatasının 2023-cü il üzrə iş planının 1.2.1-ci “Beynəlxalq təcrübə nəzərə alınmaqla “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydaların təkmilləşdirilməsi” bəndlərinə, Beynəlxalq Audit Standartlarına, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları ilə Birlikdə), 1 saylı Beynəlxalq Keyfiyyətə Nəzarət Standartına, 1 Saylı “Maliyyə Hesabatlarının Auditini yə ya Təhlilini, yaxud Digər Təsdiqləmə yə ya Əlaqəli Xidmətlər üzrə Tapşırıqları Yerinə Yetirən Şirkətlər üçün Keyfiyyətin İdarə Edilməsi”, 2 Saylı “Tapşırığın keyfiyyətinin təhlili” Beynəlxalq Keyfiyyətin İdarə Edilməsi Standartları, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) 1 saylı “Keyfiyyətin təmin edilməsi” üzvlük öhdəliyinin tələblərinə müvafiq olaraq hazırlanmış “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”ın layihəsi 2023-cü ilin 14 mart tarixində Auditorlar Palatasının Şura iclasında müzakirə edilərək onun 354/3 saylı qərarı ilə təsdiq edilmişdir. Qaydalar Giriş və 12 fəsildən ibarətdir.
2010-cu ildən başlayaraq Azərbaycan Respublikasında tətbiqinə başlanılmış BAS-da da auditin keyfiyyətinə dair müvafiq standart və müddəalar auditorlardan apardıqları auditlərin keyfiyyətinin yüksəldilməsinə dair konkret vəzifə və tələblər müəyyənləşdirilmişdir. Bu istiqamətdə Auditorlar Palatasında auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi və keyfiyyətə kənar nəzarətin həyata keçirilməsi istiqamətində bir sıra sənədlər işlənib hazırlanmış və tətbiq edilmişdir. Bununla belə son dövrlərdə audit təcrübəsində baş vermiş yeniliklər auditorun qarşısında duran vəzifələrin müasir şəraitə uyğun olaraq daha da genişləndirilməsi BAS-ın yeni tələb və prinsiplərinin qəbul edilməsi auditor xidmətinin keyfiyyətinə nəzarətin təkmilləşdirilməsini aktuallaşdırmışdır. Bu mənada auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətində daxili nəzarət sisteminin tətbiqi ilə yanaşı xidmətin keyfiyyətinə kənar nəzarətin daha da təkmilləşdirilməsi zərurəti yaranmışdır.
Q.Bayramov çıxışını tamamladıqdan sonra sözü Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədova verdi.
Məruzəçi Q.Əhmədov “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar” haqqında geniş məruzə ilə çıxış etdi. O, Keyfiyyətə kənar nəzarət, onun məqsəd və vəzifələrindən, Keyfiyyətə kənar nəzarətin təşkilindən, Keyfiyyətə kənar nəzarətin keçirilməsi proqramından, Keyfiyyətə kənar nəzarətin həyata keçirilməsi qaydalarından, Ayrı-ayrılıqda seçilmiş hər bir auditor dosyesi üzrə tapşırığının keyfiyyətə kənar nəzarətindən, Keyfiyyətə kənar nəzarətin konfidensiallığından, Nəzarət qrupunun və Şöbənin iş sənədlərindən, Ayrı-ayrılıqda hər bir auditor dosyesinin qiymətləndirilməsindən, Nəticələrin sənədləşdirilməsi və elan olunmasından, Keyfiyyətə nəzarət monitorinqlərin nəticələrinin sənədləşdirilməsindən, Auditor hesabatlarının monitorinqindən bəhs etdi.
Q.Əhmədov Keyfiyyətə kənar nəzarətin həyata keçirilməsi qaydalarından bəhs edərkən bildirdi ki, auditorlar apardıqları auditor yoxlamalarının keyfiyyətinə daxili nəzarət sistemini təşkil etməli və onu inkişaf etdirməlidir. Keyfiyyətə daxili nəzarət sistemi Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə, BKNS, BAS, BKİS və Etika Məcəlləsinə müvafiq olmalıdır. Auditor tərəfindən maliyyə hesabatlarının auditi aparılmamışdırsa, o halda maliyyə məlumatlarının təsdiqlənməsi üzrə digər müqavilə öhdəlikləri yoxlamaya monitorinqə cəlb edilməlidir. Auditor auditin keyfiyyəti sahəsində öz siyasətini aşağıdakı qaydada müəyyən etməlidir:
- Keyfiyyətə nəzarət siyasəti və proseduralarının sənədləşdirilməsi və auditorun əməkdaşlarının onunla tanış olması;
- Keyfiyyətə nəzarətə cavabdeh olan bütün şəxslərin kifayət qədər peşəkar səriştəyə malik olması və öz vəzifələrinin icrası üçün zəruri səlahiyyətlərlə təmin edilməsi;
- Auditor tərəfindən sifarişçilərə göstəriləcək maliyyə hesabatlarının auditi və əlaqəli təsdiqləmə xidmətləri qəbul edilərkən sifarişçilərdən asılı olmamaq və müstəqillik şərtlərinin araşdırılması, onlara gələcək əməkdaşlıq zamanı riayət edilməsi;
- Auditor elə mövcud sifarişçi ilə gələcəkdə münasibətləri davam etdirməyəcək ki, bu sifarişçinin əməlləri barədə kifayət qədər məlumatlara malik olması, kifayət qədər nöqsan və çatışmamazlıqlara malik olan sifarişçilər haqqında məlumatlar olduğu halda, auditorun onlarla gələcəkdə münasibətləri davam etdirməməsi;
- Müqavilə öhdəliyi üzrə tapşırıqlara (audit aparılması barədə müqavilə) auditorun rəhbərliyi və ya audit üzrə məsul tərəfdaş tərəfindən planlaşdırılması və nəzarət olunması;
- Auditorun audit müqavilə öhdəliyi üzrə tapşırıqların yerinə yetirilməsinə təyin edilmiş işçi heyəti üzərində aparıcı mütəxəssislər tərəfindən nəzarətin həyata keçirilməsi;
- Auditorun audit müqavilə öhdəliyi üzrə tapşırıqların yerinə yetirilməsinə cəlb edilmiş bütün səviyyələrdə əməkdaşlarının peşəkar təlimatlandırması və ixtisasartırma kurslarında iştirakı;
- İş yerində rəhbərlik etmə, təlimatlandırma və təlim həyata keçirilir;
- Tapşırıq üzrə audit peşəkar skeptisizm səviyyəsinə adekvat obyektiv aparılır;
- İşçi heyətinə tələbat vaxtında proqnozlaşdırılır və inkişafı planlaşdırılır;
- İşçi heyətinin seçilməsində namizədlərin peşəkarlıq səviyyəsi və iş təcrübəsi nəzərə alınır;
- Auditorun işə qəbul edilən mütəxəssisləri vəzifə borcları və gələcək inkişaf perspektivləri ilə tanış edilir;
- Mütəxəssislərin gördükləri işlərin müntəzəm surətdə qiymətləndirilməsi.
Daha sonra Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”dan bəhs edərkən bildirdi ki, Keyfiyyətə daxili nəzarət sisteminin qiymətləndirilməsi keçirilən keyfiyyətə kənar nəzarət yoxlamasının ayrılmaz tərkib hissəsidir. Qiymətləndirmənin məqsədi “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə və peşə standartlarına nə dərəcədə riayət olunduğunu müəyyənləşdirməkdir. Keyfiyyətə daxili nəzarət sisteminin qiymətləndirilməsi yoxlanılan auditorun rəhbərliyi və işçiləri arasında sorğunun keçirilməsi, eləcə də müvafiq sənədləşdirmənin yoxlanılması vasitəsilə həyata keçirilir.
Sonda Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov qeyd etdi ki, “Azərbaycan Respublikasında Auditor Xidmətinin keyfiyyətinə kənar nəzarət üzrə Qaydalar”ın 4-cü maddəsində nəzərdə tutulmuş qaydada keyfiyyətə nəzarət prosedurlarının tətbiqi zamanı auditorların və onların sifarişçilərinin fəaliyyətinə aid olan məlumatların konfidensiallığı təmin edilməlidir.
Keyfiyyətə kənar nəzarət zamanı konfidensiallıq prinsiplərinə əməl edilmədiyi hallarda, Keyfiyyətə kənar nəzarət və keyfiyyətin idarə edilməsi üzrə komitənin müfəttişləri və Keyfiyyətin idarə edilməsi şöbəsinin əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyinin və Azərbaycan Respublikası Auditorlar Palatasının daxili intizam qaydalarına uyğun olaraq məsuliyyət daşıyırlar.
Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 82 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası