"Heydər Əliyev İli" çərçivəsində Auditorlar Palatasında “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iqtisadi irsi”nə həsr olunmuş  “Dəyirmi masa” keçirilib.

 "Heydər Əliyev İli" çərçivəsində Auditorlar Palatasında 2023-cü ilin 27 mart tarixində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iqtisadi irsi”nə həsr olunmuş “Dəyirmi masa” (moderator – Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Sərbəst auditor Azər Əliyev, "ELVİ Audit" MMC-nin direktor-auditoru Elxan İsmayılov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov, “Azfinance and consulting” MMC-nin direktor-auditoru Elnur Kazımov, Sərbəst auditor İlham Süleyman, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov) keçirilib.

Aparatın və “Dəyirmi masa”nın rəhbəri, moderator Qəşəm Bayramov “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iqtisadi irsi” mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. 

Sonra o, öz məruzəsinə  Azərbaycan Respublikasının memarı, qurucusu Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin 100-cü ildönümünün keçirilməsi ərəfəsinin olduğunu nəzərə alaraq, dahi şəxsiyyətin  gözəl  kəlamı ilə başlamışdır.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”.

Biz də bu deviz altında Azərbaycan iqtisadiyyatının inkişafı naminə bütün gücümüzü səfərbər edərək inamla çalışacağıq.

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatın sürətlə inkişaf etdirilməsi, məqsədyönlü iqtisadi islahatların uğurla həyata keçirilməsi, qanunvericilik  bazasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. 

  Sonrakı dövrlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımız sürətlə inkişaf etmiş və MDB məkanında lider dövlətə çevrilmişdir.

Ulu öndərimiz Heydər Əliyev tərəfindən 16 sentyabr 1994-cü il tarixdə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun imzalanması ilə ölkədə auditor xidmətinin dövlət tənzimlənməsinin hüquqi əsası qoyulmuş və sonrakı illərdə milli auditin inkişafı üçün zəruri olan mükəmməl qanunvericilik bazası yaradılmışdır.

 Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ hüquqi bazasının yaradılması qısa zaman kəsiyində maliyyə nəzarətinin sivil forması olan müstəqil auditin uğurlu inkişafına imkan yaratmışdır. Auditorlar Palatası beynəlxalq və regional peşə qurumlarında, o cümlədən Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA) kimi çox nüfuzlu bir təşkilatda ölkəmizi layiqincə təmsil edir və 40-dan çox xarici ölkələrin mühasibatlıq və audit qurumları ilə sıx əməkdaşlıq edir.

Ölkə başçısının rəhbərliyi  altında  məqsədyönlü iqtisadi islahatlar  aparılmış, çoxlu sayda  dövlət  proqramları  və milli fəaliyyət planları qəbul edilmişdir. Həmin dövlət  proqramlarında və milli fəaliyyət planlarında Azərbaycan Respublikasının Auditorlar Palatasına həvalə edilmiş vəzifələr vaxtında və yüksək keyfiyyətlə icra edilmiş və nəticələri barədə hesabat hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilmişdir.

Bu günlərdə Azərbaycanın böyük oğlu, xalqının həyatında və taleyində tarixi rol oynamış Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. İstər sağlığında, istərsə vəfatından sonra Heydər Əliyev haqqında çoxsaylı kitablar, qəzet-jurnal məqalələri yazılıb və bundan sonra da yazılacaqdır.

1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycan xalqı bu taleyüklü dövrdə də Heydər Əliyevin yanında sadiq müttəfiqləri oldular, ilk növbədə özlərinə hörməti bərpa etmək üçün bütün iradəsini və həyat enerjisini səfərbər edə bildilər. Azərbaycan təcrid vəziyyətindən çıxdı və dünya birliyinin üzvü oldu, mötəbər beynəlxalq təşkilatlara qəbul edildi. Məhz onun dövründə ölkə quruculuq, demokratik cəmiyyət və hüquqi dövlət yaradılması yoluna qədəm qoydu. Azərbaycan xalqı öz gələcək inkişafının üfüqlərini məhz Heydər Əliyevin həyata keçirdiyi sistemli fundamental dəyişikliklər çərçivəsində görürdü.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı.  

Heydər Əliyev  demişdir: Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.

1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində keçirilmiş ATƏT-in Sammitində ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri tərəfindən Bakı-Tbilisi-Ceyhan (BTC) "Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası Müqavilə imzalanmışdır.

2002-ci il sentyabrın 18-də Bakıda, Səngəçal terminalında ümummilli liderimiz Heydər Əliyevin, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin təməl daşı qoyulmuş və tikintisinə başlanmışdır. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. 

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz  kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.

2014-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin 20-ci ildönümündə Səngəçal terminalında “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyulmuşdur.

Hazırda Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə genişmiqyasli işlər həyata keçirilir.

Çətin siyasi və iqtisadi şəraitdə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafının təməlini qoyub. 

2017-ci ilin sentyabrında “Əsrin müqaviləsi”nin 23-cü ildönümündə Bakıda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) imzalandı. Yenilənmiş sazişlə “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı.

Heydər Əliyev fəaliyyət göstərdiyi dövr ərzində  bir çox dövlət orden və medallara, beynəlxalq mükafatlara layiq görülmüş, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru seçilmişdir. 

Heydər Əliyev dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi dahi tarixi şəxsiyyətdir. Heydər Əliyev bütün varlığı ilə Azərbaycanın, onun bu gününün və gözəl gələcəyinin təcəssümüdür.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, hikmətanə deyimin ifadə etdiyi amal bundan sonar da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq.

Ulu Öndərin Vətəni və xalqı qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi oğul yetişdirməsidir. Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev 20 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik edir, onu inamla gələcəyə aparır.

Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başladı. Ulu Öndərin söylədiyi “gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın inamını artırdı. Artıq işğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır. Hesab edirəm ki, biz 44 günlük möhtəşəm Qələbəyə görə həm də ümummilli lider Heydər Əliyevə borcluyuq. Çünki bizi 30 il ərzində qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. Ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir.

Ulu Öndər haqda ən obyektiv və dərin mənalı fikirlərdən biri kimi dəyərləndirilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın aşağıdakı sözləri yerinə düşər.

“Böyük siyasət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaqdır!”

Mövzu ətrafında eyni zamanda Sərbəst auditor Azər Əliyev, "ELVİ Audit" MMC-nin direktor-auditoru Elxan İsmayılov, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov, “Azfinance and consulting” MMC-nin direktor-auditoru Elnur Kazımov, Sərbəst auditor İlham Süleyman, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov məruzələrlə çıxış edərək Ulu öndərimizin Azərbaycan tarixində gördüyü işlərdən, ölkə iqtisadiyyatının bütün sahələrinin uğurlu inkişafından, Dünya Azərbaycanlılarının birliyindən və 31 dekabr tarixli həmrəylik günündən, gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs etdilər.

Məruzəçilər Azərbaycanın inkişaf strategiyasının banisi, müstəqil Azərbaycan Respublikasının memarı, qurucusu Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edərək bildirdilər ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, son 20 ilə yaxın bir müddət ərzində ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən iqtisadi islahatlar nəticəsində respublikada sahibkarlıq fəaliyyəti, o cümlədən onun bir növü olan  auditor  xidməti dinamik şəkildə durmadan inkişaf edir.

“Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2022-ci il 20 iyul tarixli 1/25 nömrəli Sərəncamı ilə təsdiq olunmuş dəyirmi masanın 20 nəfər üzvləri və Palatanın əməkdaşları iştirak edib.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası