Azərbaycan Respublikasının Auditorlar Palatası, Dövlət İmtahan Mərkəzi və İmtiyazlı Sertifikatlaşmış Mühasiblər Assosiasiyası (ACCA) “Azərbaycanda maliyyə və mühasibatlıq sahələri üzrə professionallar üçün trendlər’’ mövzusunda birgə tədbir keçirib

2023-cü il 9 mart tarixində Dövlət İmtahan Mərkəzinin inzibati binasında “Azərbaycanda maliyyə və mühasibatlıq sahələri üzrə professionallar üçün trendlər’’ mövzusunda Azərbaycan Respublikası Auditorlar Palatasının, Dövlət İmtahan Mərkəzinin və İmtiyazlı Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının (ACCA) Türkiyə, Azərbaycan və Gürcüstan ölkələri üzrə regional mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavini Bəhram Xəlilov, ACCA-nın Türkiyə, Azərbaycan və Gürcüstan ölkələri üzrə regional mərkəzinin Biznesin inkişafı üzrə meneceri Ülgen Coşkun Kıymık, Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, ali təhsil müəssisələrinin nümayəndələri, DİM-in struktur bölmə rəhbərləri, Auditorlar Palatasının üzvləri və ACCA sertifikatına malik tələbələrdən ibarət ümumilikdə 60 nəfər iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin, eyni zamanda Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mühasibat uçotu üzrə yüksək maliyyə savadlığına malik kadrların yetişdirilməsinə töhfə verməyin DİM-in məqsədləri sırasına daxil olduğunu vurğulayıb. O, eyni zamanda DİM-in Maliyyə Nazirliyi, peşəkar mühasib təşkilatları, tədris mərkəzləri və ali təhsil müəssisələri ilə əməkdaşlığının mütəxəssislərin müvafiq sahə üzrə yeniliklər və dəyişikliklərlə zamanında xəbərdar olmasına, eləcə də yenilənən və rəqabətli əmək bazarının tələblərini daim ödəməyə imkan yaradacağını bildirib, habelə “Peşəkar Mühasib Sertifikatı”nın əldə edilməsi üçün imtahanların Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) tərəfindən təsdiq edilən standartlara uyğunlaşdırılması üçün ACCA ilə sıx əməkdaşlığın önəmini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Auditorlar Palatasının sədrinin müşaviri Fəqan Qarayev gənc nəslin audit, mühasibatlıq və maliyyə sahələrinə artan marağından və bu sahələr üzrə peşəkar kadrların yetişdirilməsinin əhəmiyyətindən danışıb. O, həmçinin ölkədə hesabatlılığın və şəffaflığın təmin edilməsində, korrupsiyaya və kölgə iqtisadiyyatına qarşı mübarizədə, maliyyə resurslarından daha səmərəli istifadə edilməsində və ölkə iqtisadiyyatının investisiya cəlbediciliyinin artırılmasında Beynəlxalq Standartların tətbiqinin əhəmiyyətindən bəhs edib.

Daha sonra Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva peşəkar mühasib sertifikatının əldə edilməsi ilə əlaqədar DİM-lə birgə görülən işlərdən bəhs edib.

Tədbirdə ACCA-nın Türkiyə, Azərbaycan və Gürcüstan ölkələri üzrə regional mərkəzinin Biznesin inkişafı üzrə meneceri Ülgen Coşkun Kıymık ACCA tərəfindən “Qlobal İstedadlar Trendi 2023” mövzusunda aparılmış təqdiqatın nəticələri barədə ətraflı məlumatı auditoriya ilə paylaşıb. Qeyd edək ki, Azərbaycanın da daxil olduğu 148 ölkədən 8405 mühasibin iştirak etdiyi tədqiqatda Azərbaycan respondentlərin sayına görə 5-ci yeri tutub.

Son olaraq, DİM-in Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektorunun əməkdaşı Emil Əliyev “Peşəkar Mühasib Sertifikatı” imtahanları ilə əlaqədar ümumi məlumatlar və statistik göstəricilər barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra tədbirin sual-cavab hissəsində mövzu ətrafında geniş müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.

Sonda peşəkar qurumlar tərəfindən belə tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyi vurğulanıb.

 

 

Qalareya