Azərbaycan Respublikasının Auditorlar Palatasında “İstehsal müəssisələrində məhsulun maya dəyərinin düzgünlüyünün auditi” mövzusunda ustad dərsi və “Hədəfli maliyyə sanksiyalarının tətbiqi” mövzusunda seminar keçirilmişdir

2023-cü ilin 06 mart tarixində “İstehsal müəssisələrində məhsulun maya dəyərinin düzgünlüyünün auditi” mövzusunda ustad dərsi (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Sərbəst auditor Nazim Axundov) və “Hədəfli maliyyə sanksiyalarının tətbiqi” mövzusunda seminar (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimov) keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “İstehsal müəssisələrində məhsulun maya dəyərinin düzgünlüyünün auditi” mövzusunda ustad dərsi haqqında məlumat verərək bildirdi ki, məhsulun (işin, xidmətin) maya dəyəri  məhsulun (işin, xidmətin) istehsalı prosesində istifadə olunan təbii   ehtiyatlara,   xammal, material, yanacaq və enerjiyə, əsas  fondlara,  əmək  ehtiyatlarına, həmçinin, məhsulun  istehsalı və  satışına  sərf olunan  digər  xərcləri özündə  əks   etdirir.

Məhsulun (işin, xidmətin) istehsalı və satışına  sərf olunan  xərclərin  uçotu  ilkin sənədlərə   əsasən  istehsala  və  məhsul   buraxılışına  (işin  görülməsinə,  xidmətin göstərilməsinə) aid bütün əməliyyatlar  üzrə qəbul edilmiş qaydaya əsasən  aparılır.

İlkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur.

Xərclərin  məhsul  istehsalı  və satışına  aid  edilməsinin düzgünlüyünün  yoxlanıl- ması çox vacib  məsələlərdən biridir.  Belə ki,  məhsulun  maya dəyəri  müəssisənin işinin  keyfiyyətini  müəyyən    edən ən mühüm  qiymət  göstəricisidir.  Məhsulun maya dəyərinin həcmi  mənfəətin,  fondların və  ehtiyatların, həmçinin, vergiyə  cəlb olunan  mənfəətin   formalaşmasına  təsir edir.

Maya dəyərinin  planlaşdırılması, uçotu və  hesablanması  zamanı  məhsulun  istehsalı və  satışı  ilə  əlaqədar olan  xərclər  aşağıdakı  maddələr üzrə  qruplaşdırılır:

a)  xammal və  materiallar;

b) emala  qayıdan  tullantılar (çıxılmaqla);

c) satın alınmış məmulatlar, yarımfabrikatlar və kənar   müəssisələr tərəfindən göstərilmiş  istehsal  xarakterli  xidmətlər;

ç) texnoloji  məqsədlər üçün  yanacaq və  enerji;

d) istehsalat işçilərinə əməkhaqqı;

e) sosial  ehtiyaclar   üçün ayırmalar;

ə) istehsala  hazırlıq və mənimsənilmə  xərcləri;

f) ümumistehsal  xərcləri;

g) ümumtəsərrüfat  xərcləri;

ğ)  çıxdaşa (braka) görə  itkilər;

h) sair  istehsal  xərcləri;

x) kommersiya  xərcləri.

Daha sonra Q.Bayramov sözü Sərbəst auditor Nazim Axundova verdi. Məruzəçi salamlayaraq  İstehsal müəssisələrində məhsulun maya dəyərinin düzgünlüyünün auditi sahibkarlıq subyektlərində xərclərin azaldılması, məhsulun maya dəyərinin aşağı salınması, gəlirliyin və istehsalın səmərəliyinin artırılması, istehsal edilən məhsulun rentabelliyinin yüksəldilməsi idarəetmədə çox mühüm rol oynayan aspektlərdən sayılır. Bu səbəbdən audit prosesində istehsal edilən məhsulun maya dəyərinin düzgün formalaşması çox aktualdır və idarəetmə qərarlarının qəbul edilməsində mühüm rol oynayır.

İstehsal edilən məhsulun maya dəyərinin düzgün hesablanmasının auditi zamanı hazır məhsulun maya dəyərinin nə dərəcədə iqtisadi cəhətdən əsaslandırıldığını müəyyən etmək üçün müəssisədə xərclərin məhsul çeşidləri arasında bölüşdürülməsi metod və üsulunun seçilməsinin düzgünlüyü aydınlaşdırılmalı və qiymətləndirilməlidir.

İstehsal xərcləri və məhsulun maya dəyəri material xərcləri, əmək haqqı xərcləri, sosial fondlara ayırmalar, amortizasiya xərcləri və digər xərclər əsasında formalaşır.

İstehsalatda zay məhsul keyfiyyət baxımından müəyyən edilmiş standartlara və ya texniki şərtlərə cavab verməyən və təyinatı üzrə istifadə oluna bilməyən və ya yalnız nöqsanlar aradan qaldırıldıqdan sonra istifadə oluna bilən məhsullar hesab edilir.

Texniki qəbul zamanı müəyyən edilmiş nöqsanların xarakterindən asılı olaraq, zay məhsulun yararlı hala gətirilə bilən və ya düzəlməsi mümükün olunmayan kimi qiymətləndirilir.

İstehsal xərclərinin uçotunun yoxlanılmasının məqsədi və  vəzifələri aşağıdakılardır:

- Birbaşa və dolayı (inzibati) xərclərin uçota alınması və əks etdirilməsinin düzgünlüyünə qiymət verilməsi

- Müəyyən xərclərin, o cümlədən məhsulun istehsalı üçün normalaşdırılan xərclərin maya dəyərinə aid edilməsinin düzgünlüyünün təsdiqi

Təsərrüfat subyektləri uçot siyasətlərinə əsasən istehsal edilən məhsulun maya dəyərinə birbaşa aid olmayan xərcləri (ümumtəsərrüfat), ümumistehsalat, köməkçi sahələr) məhsulun maya dəyərinə aid edirlər. Adətən, istehsal sahəsi əməktutumlu olanda əmək haqqının xüsusi çəkisinə, material tutumlu olanda materialların xüsusi çəkisinə və ya məhsulun maya dəyərinə aid olan birbaşa xərclərin xüsusi çəkisinə əsasən müəyyən edirlər.

Daha sonra Q.Bayramov “Hədəfli maliyyə sanksiyalarının tətbiqi” mövzusunda seminar haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair təlimat bütün fiziki və hüquqi şəxslərin sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlarla əlaqələrin yaranmasından əvvəl, yarandığı anda və sonrasında öhdəliklərinin əhatəli təsviri üçün hazırlanmışdır.

Təlimatın məqsədi müxtəlif sahələrdə Qanunun tətbiqinin praktiki üsul və vasitələrinin həmin sahələrə uyğun olaraq müəyyən edilməsidir.

Təlimatda maliyyə institutları, qeyri-maliyyə institutu olan öhdəlik daşıyan şəxslər, auditor xidməti göstərən şəxslər, nəzarət orqanları, digər dövlət orqanları (qurumları), eyni zamanda müəyyən kateqoriya kommersiya və qeyri-kommersiya hüquqi şəxslərin Qanundan irəli gələn öhdəliklərinin icrası ilə bağlı atmalı olduğu addımlar nəzərdə tutulmuşdur.

Q.Bayramov seminarın mövzusu haqqında qısa məlumat verdikdən sonra sözü Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, sərbəst auditor Elnur İbrahimova verdi.

Məruzəçi E.İbrahimov Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin   2023-cü il 21 fevral tarixli 3-21-28/3-6-3/2023 nömrəli Qərarı ilə təsdiqlənmiş “Hədəfli maliyyə sanksiyalarının tətbiqi”nə dair Təlimat haqqında geniş məruzə ilə çıxış etdi.

E.İbrahimov bildirdi ki, Təlimatda nəzərdə tutulan subyektlər sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumların siyahısını “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.9-cu maddəsində nəzərdə tutulan hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatından əldə edirlər.

E.İbrahimov Təlimatın “Maliyyə institutları”, “Milli depozitar”, “Prosessinq mərkəzləri”, “Notariuslar”, “Vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər”, “Rieltorlar”, “Qeyri-hökumət təşkilatları və dini qurumlar”, “Auditor xidməti göstərən şəxslər”, “Dövlət qurumları” adlı 9 bölmədən ibarət olduğunu bildirərək 8-ci Auditor xidməti göstərən şəxslər bölməsi üzrə daha ətraflı məlumat verdi.

E.İbrahimov vurğuladı ki, auditor xidməti göstərən şəxslər hədəfli maliyyə sanksiyaları üzrə siyahının öz sistemində təxirəsalınmadan yenilənməsinə imkan verən sistemə malik olmalı və auditor xidməti göstərərkən (yoxlamalar apararkən) müştərinin, müştəri hüquqi şəxs olduqda, həmçinin:

- benefisiar mülkiyyətçinin;

- hüquqi şəxsin hesabı üzrə imza səlahiyyətli şəxslərin;

- təsisçilərin;

- mühüm iştirak payının sahiblərinin;

- hüquqi şəxsin idarəetməsini həyata keçirən şəxslərin;

- hüquqi təsisatlarda təsisçi, idarəçi, təminatçı, benefisiar və ya benefisiarlar qrupunun;

- hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxsin (nəzarət və ya sahiblik zənciri də daxil olmaqla)

siyahıdakı şəxs olması (eyniləşdirmə məlumatlarında oxşarlıq) yoxlanmalı, mümkün uyğunluq halında şəxsə xidmət göstərən əməkdaş dərhal (həmin iş gününün sonundan gec olmayaraq) bu barədə müvafiq qaydada Maliyyə Monitorinqi Xidmətinə məlumat verilməlidir.

Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən ustad dərsinin və seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 88 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

 

 

Qalareya