2023-cü ilin 24  fevral tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “26 fevral - Xocalı soyqırımı-  insanlığa qarşı cinayət” faciəsinin  31-ci ildönümünə həsr edilmiş onlayn tədbir keçirilib

Tədbir Xocalı faciəsi zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra “26 fevral- Xocalı soyqırımı - insanlığa qarşı cinayət” faciəsinə həsr olunmuş videoçarx nümayişi etdirilib.

Açılış nitqi ilə çıxış edən Palatının icraçı direktoru Səbuhi Gülməmmədov geniş məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycan xalqının qan yaddaşına çevrilmiş 26 fevral Xocalı hadisələrindən 31 il ötür. 1992-ci il fevralın 26-da baş verən faciəli hadisələr erməni faşistlərinin xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün çoxlu sayda dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, minlərlə insanın yaralanması şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. 26 fevral Xocalı faciəsi Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.

1-ci Qarabağ müharibəsinin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən bu şəhərdə müharibədən əvvəl 7 min insan yaşayırdı. 1991-ci ilin oktyabrından şəhər Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinə soyqırım törətdilər.

Bu soyqırım zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib,130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.

Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub, biliblər ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, hətta uşaqları belə qətlə yetirməkdən çəkinmirlər. Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib.

Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: Biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər. 

Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Bir çox milli faciələrimiz kimi, Xocalı soyqırımına da siyasi-hüquqi qiymətin verilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlişindən sonra mümkün oldu. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 26 fevral - “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul etdi. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanır. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. Ulu Öndərin 1997-ci il 25 fevral tarixli Sərəncamına əsasən, hər il fevralın 26-sı saat        17:00-da Azərbaycan ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 1996-cı ildə xocalılılarla görüşən ümummilli lider Heydər Əliyev bu faciəsinin tarixin ən qanlı səhifələrindən biri olduğunu qeyd etmişdir.

S.Gülməmmədov bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Liderin Vətən və xalq qarşısında müstəsna xidmətlərindən biri İlham Əliyev kimi bir rəhbərin yetişdirməsini və həmin layiqli varisin 20 ildir ki, Azərbaycana bacarıqla rəhbərlik etdiyini, onu inamla gələcəyə apardığını vurğuladı.

Daha sonra S.Gülməmmədov bildirdi ki, Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra insanların qəlbində ümid çırağı yanmağa başladı. Ulu Öndərin söylədiyi “gün gələcək Azərbaycanın bayrağı Şuşada və digər işğal olunmuş ərazilərdə dalğalanacaq” sözləri xalqımızın inamını artırdı. Artıq işğaldan azad olunmuş bütün rayon, kənd və qəsəbələrdə geniş abadlıq quruculuq işləri aparılır. Hesab edirəm ki, biz 44 günlük möhtəşəm Qələbəyə görə başda Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına, Şanlı Ordumuzun zabitlərinə əsgərlərinə, bir yumruq ətrafında birləşən xalqımıza, həm də ümummilli lider Heydər Əliyevə borcluyuq. Çünki bizi 30 il ərzində qələbəyə yaxınlaşdıran ordu quruculuğunun əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub. Ona görə də ümummilli lider Heydər Əliyev təkcə Azərbaycan dövlətinin deyil, həm də qalib Azərbaycanın böyük Zəfərinin banisidir.

Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaqdır. Bu gün xalqımız o inamın reallıqda öz əksini tapmasından qürurlanır. Prezidentimizin dekabrın 1-də xalqa müraciətində qeyd etdiyi kimi, “Azərbaycanın müasir tarixində yeni mərhələ başlayır. Bu mərhələdə işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçiriləcəkdir. Ən əsası isə budur ki, biz yeni mərhələyə daha güclü və qüdrətli Azərbaycanla qədəm qoyuruq”.

Fəxr hissi ilə qeyd etmək istəyirik ki, artıq istər 1-ci və istərsə də 2-ci Qarabağ müharibəsində həlak olan baba və nənələrin, ata və anaların, qardaş və bacıların, körpə uşaqların ruhu şaddır və onların ailə üzvləri bu günü gördülər, lakin çox təəssüf edirik ki, şəhidlərimiz bu günü görmədilər.

Sonra tədbirdə Auditorlar Palatasının üzvü, “Azəruçot” MMC-nin direktrou Eldar Təhməzov, Palatanın Auditin hüquqi tənzimlənməsi və dövlət orqanlarıiş idarəsinin rəisi Elnur İbrahimov, Sərbəst auditor İlham Süleyman, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə, “Flex Audit” MMC-nin auditoru Hüseyn Quliyev, “THE VVAY PARTNERS INTERNATIONAL CONSULTING” MMC-nin direktoru Kamal Hüseynzadə və Sərbəst auditor Murtuzəli Həsənov da mövzu ətrafında çıxış edərək Xocalı faciəsinin sadəcə Azərbaycanın deyil, eyni zamanda insanlıq tarixinin qara bir səhifəsi olaraq yaddaşlara həkk olunduğunu və həmin günün Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq bir gün olduğunu qeyd ediblər.

Şəhidlərimizin əziz xatirəsi əsrlər və qərinələr keçsə də Azərbaycan xalqının qəlbində daima yaşayacaqdır.

Allah şəhidlərimizə rəhmət eləsin!