2023-cü ilin 22 fevral tarixində “10 saylı “Hesabat dövründən sonrakı hadisələr” BMUS və “560 saylı “Sonrakı hadisələr” BAS barəsində ustad dərsi (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Fatimə Bayramova - “Deloitte &Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin Audit üzrə baş mütəxəssisi, Nəriman Niftəliyev “Deloitte &Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin Audit üzrə meneceri) keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq 10 saylı “Hesabat dövründən sonrakı hadisələr” Beynəlxalq Mühasibat Uçotu Standartının əhatə dairəsi, məqsədi və tələbləri barədə məlumat verdi. O qeyd etdi ki, bu standartın məqsədi müəssisənin hesabat dövründən sonrakı hadisələri nəzərə almaqla maliyyə hesabatlarına düzəlişləri nə vaxt etməli olduğunu və müəssisənin maliyyə hesabatlarının dərc edilmək üçün razılıq verildiyi tarixi və hesabat dövründən sonrakı hadisələr haqqında məlumatın açıqlamasını müəyyən etməkdən ibarətdir.
10 №-li “Hesabat dövründən sonrakı hadisələr“ Mühasibat Uçotunun Beynəlxalq Standartı həmçinin, hesabat dövründən sonrakı hadisələr fəaliyyətin fasiləsizliyi prinsipinin uyğun olmadığını göstərərsə, müəssisənin maliyyə hesabatlarını fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən hazırlamamasını tələb edir.
Hesabat dövründən sonrakı hadisələr: hesabat dövrünün sonu ilə maliyyə hesabatlarının dərc edilmək üçün razılıq verildiyi tarix arasındakı dövrdə baş verən mənfi və ya müsbət xarakterli hadisələrdir. Bu hadisələrin iki növü müəyyən oluna bilər:
- hesabat dövrünün sonunda mövcud olan şərtləri təsdiqləyən hadisələr (düzəliş edilməsini nəzərdə tutan hesabat dövründən sonrakı hadisələr ); və
- hesabat dövrü tarixindən sonra yaranmış sərtləri təsdiqləyən hadisələr (düzəliş edilməsini nəzərdə tutmayan hesabat dövründən sonrakı hadisələr).
Daha sonra Q.Bayramov “560 saylı “Sonrakı hadisələr” Beynəlxalq Audit Standartının əhatə dairəsi, məqsədi və tələbləri barədə məlumat verdi. O qeyd etdi ki, bu standart maliyyə hesabatlarının auditində sonrakı hadisələrlə əlaqədar auditorun məsuliyyətindən bəhs edir.
Q.Bayramov bildirdi ki, maliyyə hesabatlarının çərçivələrində iki cür hadisələr müəyyən edilir:
- Maliyyə hesabatlarının tarixinə mövcud olan vəziyyətləri təsdiqləyən hadisələr; və
- Maliyyə hesabatlarının tarixindən sonra baş verən vəziyyətləri təsdiqləyən hadisələr
Auditorun məqsədləri aşağıdakılardır:
Daha sonra Q.Bayramov sözü məruzəçilərə “Deloitte &Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin Audit üzrə baş mütəxəssisi Fatimə Bayramovaya və “Deloitte &Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin Audit üzrə meneceri Nəriman Niftəliyevə verdi.
F.Bayramova “10 saylı “Hesabat dövründən sonrakı hadisələr” BMUS ilə bağlı məruzə ilə çıxış etdi. Məruzəçi bildirdi ki, hesabat dövründəki hadisələr aşağıdakılardır:
- Hesabat dövrünün sonu ilə maliyyə hesabatlarının dərc edilmək üçün razılıq verildiyi tarix arasındakı dövrdə baş verən mənfi və ya müsbət xarakterli hadisələr;
- Düzəliş tələb edən: Hesabat dövrünün sonunda mövcud olan şərtləri təsdiqləyən hadisələr;
- Düzəliş tələb etməyən: Hesabat dövründən sonra yaranmış şərtləri təsdiqləyən hadisələr.
Məruzəçi nümunələr göstərərək qeyd etdi ki, dərc edilmə üçün razılıq verilmə tarixi yəni təsdiq edilmək üçün səhmdarlara təqdim edildiyi tarix deyil, dərc olunma tarixi və rəhbərliyin hesabatları müşahidə şurasına təqdim olunmaq üçün təsdiq etdiyi tarix rəhbərliyin strukturundan, qanunun tələblərindən və maliyyə hesabatlarının hazırlanması və tamamlanması prosedurundan asılı olaraq dəyişə bilər.
F.Bayramova bildirdi ki, düzəliş edilməsini (əlavə tanınma) nəzərdə tutan hesabat dövründən sonrakı hadisələrə hesabat dövrünün sonuna cari öhdəliyə sahib olmasını təsdiq edən məhkəmə qərarı, aktivin hesabat dövrünün sonunda qiymətdən düşməsi haqqında və ya daha əvvəl tanınmış zərərə düzəliş edilməli olduğu haqqında məlumatın əldə edilməsi (müştəri bankrot olması, inventar satışı və s.), əvvəl alınmış aktivlərin ilkin dəyərinin və ya əvvəl satılmış aktivlərin satışından daxilolmaların hesabat dövründən sonra müəyyən edilməsi, hüquq və ya praktikadan gələn öhdəliyə əsasən hesabat dövründən sonra mənfəətin bölüşdürülməsi və ya mükafat məbləğinin müəyyən olunması, hüquq və ya praktikadan gələn öhdəliyə əsasən hesabat dövründən sonra mənfəətin bölüşdürülməsi və ya mükafat məbləğinin müəyyən olunması daxildir.
Düzəliş edilməsini nəzərdə tutmayan hesabat dövründən sonrakı hadisələrə isə investisiyaların ədalətli dəyərinin aşağı düşməsi (hesabat dövrünün sonunda investisiyaların vəziyyəti ilə əlaqəli deyil, lakin sonrakı dövrlərdə yaranmış şərtləri əks etdirir) və dividendlərin hesabat dövründən sonra açıqlanması (öhdəlik tanınmır, lakin açıqlama tələb olunur) daxildir.
Daha sonra N.Niftəliyev “560 saylı “Sonrakı hadisələr” BAS ilə bağlı çıxış edərək bildirdi ki, standartın məqsədi sonrakı dövrdə audit zamanı baş verən hadisələrin maliyyə hesabatlarında düzgün əks etdirildiyinə dair kifayət qədər müvafiq audit sübutu əldə etmək və auditor hesabatının tarixindən sonra məlum olan lakin hesabat tarixində aşkar olunsaydı hesabatda əks etdirilməli olan faktlara müvafiq cavab verməkdir.
N.Niftəliyev eyni zamanda maliyyə hesabatlarının tarixi - maliyyə hesabatları ilə əhatə olunan sonuncu dövrün başaçatma tarixi, maliyyə hesabatlarının təsdiqlənməsi tarixi – hesabatların hazırlandığı və məsul şəxslər tərfindən imzalanması tarixi, auditor hesabatının tarixi – auditorun maliyyə hesabatları üzrə hesabatın tarixi kimi qeyd etdiyi tarix, maliyyə hesabatlarının dərc edildiyi tarix – auditor hesabatının və auditi aparılmış maliyyə hesabatlarının üçüncü tərəflərə və ya onlar üçün təqdim edildiyi tarix, sonrakı hadisələr – maliyyə hesabatlarının tarixi ilə auditor hesabatının tarixi arasında baş verən hadisələr, habelə auditor hesabatının tarixindən sonra auditora məlum olan faktlar haqqında məlumat verdi.
Məruzəçi son olaraq əsas tarixlər üzrə auditorun öhdəlikləri, maliyyə hesabatlarının tarixi ilə auditor hesabatının tarixi arasında baş verən hadisələr, düzəliş və ya açıqlama tələb edə biləcək sonrakı hadisələri müəyyən etmək üçün prosedurlar, auditor hesabatının tarixindən sonra, maliyyə hesabatlarının təqdim edildiyi tarixdən əvvəl auditora məlum olan faktlar haqqında məlumat verərək çıxışını yekunlaşdırdı.
Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən ustad dərsinin mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 87 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası