Azərbaycan Respublikasının Auditorlar Palatasında “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” mövzusunda ustad dərsi və ““Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə  qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunvericiliyində dəyişiklik edilməsi barədə" seminar keçirilmişdir

2023-cü ilin 15 fevral tarixində “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Sərbəst auditor Altay Cəfərov) mövzusunda ustad dərsi və ““Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli, "Hədəfli maliyyə sanksiyaları haqqında " Azərbaycan Respublikasının  2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli və "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli № 783-VIQD nömrəli Qanunlarının  qüvvəyə minməsi ilə əlaqədar PL/TM-ə qarşı mübarizədə auditorların rolu, vəzifələri və məsuliyyəti sahəsində əhəmiyyətli dəyişikliklərin edilməsi barədə” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) seminar keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Maliyyə hesabatlarının auditi zamanı dələduzluqla bağlı auditorun məsuliyyəti barədə” ustad dərsi haqqında geniş məlumat verərək bildirdi ki, 240 saylı “Maliyyə hesabatlarının auditi zamani dələduzluqla bağlı auditorun məsuliyyəti” BAS maliyyə hesabatlarının auditi zamanı ortaya çıxan dələduzluq faktları ilə bağlı auditorun məsuliyyətindən bəhs edir.

Dələduzluğun qarşısının alınması və aşkar edilməsinə görə birbaşa məsuliyyət həm müəssisənin idarəetməyə məsul şəxslərinin, həm də rəhbərliyin üzərinə düşür. Auditorun məqsədləri aşağıdakılardır:   

 (a) Dələduzluq nəticəsində maliyyə hesabatlarında yol verilmiş əhəmiyyətli təhriflər riskini aşkar etmək və qiymətləndirmək,               

(b) Dələduzluq nəticəsində yol verilmiş qiymətləndirilmiş əhəmiyyətli təhriflər riski ilə bağlı yetərli münasib audit sübutu əldə etmək üçün uyğun cavab tədbirləri hazırlamaq və həyata keçirmək, habelə

(c) Audit zamanı müəyyən olunmuş və ya ehtimal olunan dələduzluğa qarşı lazımi şəkildə cavab vermək.

Daha sonra Q.Bayramov sözü Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimova və sərbəst auditor Altay Cəfərova verdi.

Məruzəçilər dələduzluğun xüsusiyyətləri, dələduzluğun qarşısının alınması və aşkarlanmasına görə məsuliyyət, tələblər, dələduzluq baxımından yol verilmiş əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, dələduzluq aşkar edilmiş əsas təhriflər riskinə qarşı cavab tədbirləri, audit tədqiqatlarının qiymətləndirilməsi, tapşiriği davam etdirə bilməyən auditor, yazılı təqdimatlar, idarəetmə və idarəetməyə məsul şəxslərlə əlaqə, tənzimləyici və hüquq mühafizə orqanları ilə əlaqə, sənədləşdirmə haqqında geniş məlumat verdilər.

Vəli Rəhimov bildirdi ki, maliyyə hesabatlarındakı təhriflər iki halda səhvən və dələduzluqla baş verir, dələduzluq isə yanlış maliyyə hesabatlılığından irəli gələn və ya  aktivlərin qeyri-qanuni mənimsənilməsi üzündən baş verən  təhriflərdir.

Dələduzluq halının qarşısının alınması üçün verilən tələblər peşəkar inamsızlıq, tapşırıq qrupunun üzvlər arasında müzakirə, riski qiymətləndirmə prosedurları və əlaqədar fəaliyyətlər, aşkar edilmiş qeyri-adi və ya gözlənilməz münasibətlərin dələduzluq nəticəsində yol verilmiş əhəmiyyətli təhriflər riskinin olmasına dəlalət edə bildiyini dəyərləndirməkdən ibarətdir.

Dələduzluq nəticəsində aşkar edilmiş əhəmiyyətli təhriflər riskinə qarşı cavab tədbirləri ümumi cavab tədbirlərindən, təsdiqləmələr səviyyəsində dələduzluq nəticəsində yol verilmiş əhəmiyyətli təhriflər riskini aradan qaldırmaq üzrə tətbiq edilən prosedurlardan, rəhbərliyin nəzarət vasitələrinə məhəl qoymaması ilə bağlı risklərin aradan qaldırılmasına cavab olan audit prosedurlarından ibarətdir.

Eyni zamanda məruzəçi sərbəst auditor A.Cəfərov mövzu ətrafında fikirlərini bildirərək qeyd etdi ki, audit sübutları 3 halda dəyərləndirilməlidir:

• auditin sonuna yaxın yerinə yetirilmiş analitik prosedurların dələduzluq nəticəsində baş vermiş və əvvəllər aşkar edilməmiş əhəmiyyətli təhriflər riskinə işarə edib-etməməsini dəyərləndirməlidir.

• auditor mövcud təhriflərin auditin digər aspektləri, xüsusilə də rəhbərlik tərəfindən təqdimetmələrin dürüstlüyü baxımından verə biləcəyi nəticələri, dələduzluq nümunəsinin çox ehtimal ki, yeganə hadisə olmadığını qəbul etməklə, dəyərləndirməlidir.

• əgər auditor maliyyə hesabatlarının dələduzluq nəticəsində əhəmiyyətli təhriflərə məruz qaldığını təsdiq edərsə və ya bu barədə qəti qərara gələ bilməzsə, o, həmin təhriflərin audit üçün verə biləcəyi nəticələri dəyərləndirməlidir.

Sənədləşdirmə zamanı auditor 315 saylı (düzəliş edilmiş) “Müəssisə və onun mühitinin öyrənilməsi əsasında əhəmiyyətli təhriflər riskinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi” BAS-ın tələb etdiyi qaydada audit sənədləşdirməsinə aşağıdakıları daxil etməlidir:

   - tapşırıq qrupunun üzvləri arasında müzakirə zamanı müəssisənin maliyyə hesabatlarının dələduzluq nəticəsində əhəmiyyətli təhriflərə məruz qalması barədə qəbul edilmiş mühüm qərarları;

- maliyyə hesabatları və təsdiqləmələr səviyyəsində dələduzluq nəticəsində yol verilən aşkar edilmiş və qiymətləndirilmiş əhəmiyyətli təhriflər riskini.

Daha sonra moderator Q.Bayramov seminara keçid edərək “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunvericiliyində edilmiş dəyişikliklər haqqında ümumi məlumat verərək sözü Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimova və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbova verdi.

Məruzəçilər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci “Monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsi” Maddəsində aşağıdakı dəyişikliklərin edildiyini bildirdilər:

11.2. Aşağıdakı hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir:

11.2.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;

11.2.2. əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar.

11.3. Aşağıdakı əməliyyatlar barədə məlumat və sənədlər məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur:

11.4. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər bu Qanunun 4.14-cü, 4.15-ci və 11.1–11.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada ona təqdim etməlidirlər.

“Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci “Hədəfli maliyyə sanksiyalarının tətbiqi qaydası” Maddəsində aşağıdakı dəyişikliklərin edildiyini bildirdilər:

5.1. Azərbaycan Respublikasının ərazisində bütün fiziki şəxslər və ya qurumlar, o cümlədən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş öhdəlik daşıyan şəxslər (bundan sonra – öhdəlik daşıyan şəxslər), habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan aktivləri beynəlxalq və ölkədaxili siyahılar hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və həmin maddədə göstərilən şəxslərə xəbərdarlıq etmədən dondurmalı və dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), habelə maliyyə monitorinqi orqanına həmin internet informasiya ehtiyatı vasitəsilə məlumat verməlidirlər.

13-cü “Nəzarət tədbirləri” Maddəsində aşağıdakı dəyişikliklərin edildiyini bildirdilər:

13.1. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirirlər.

13.2. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri üzərində nəzarət tədbirləri istisna olmaqla bu Qanunun tələblərinə riayət edilməsinə nəzarət maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilir.

13.4. Maliyyə monitorinqi orqanı, habelə aidiyyəti nəzarət orqanları öhdəlik daşıyan şəxslərə, habelə auditor xidməti göstərən şəxslərə, dini qurumlara, qeyri-hökumət təşkilatlarına, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə bu Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar hazırlayıb təqdim edir. Digər fiziki şəxslərə və qurumlara münasibətdə bu Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi ilə bağlı təlimatlar maliyyə monitorinqi orqanı tərəfindən hazırlanır və onların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirilməsi üçün tədbirlər görülür.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” isə aşağıdakı dəyişikliklərin edildiyini bildirdilər:

598.9. Auditor xidməti göstərən şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi və ya məlumat və sənədlərin saxlanmasına dair tələblərə riayət olunmamasına, yaxud maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində maliyyə monitorinqi orqanının verdiyi yazılı göstərişlərin vaxtında və ya tam icra edilməməsinə, həmçinin nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən ustad dərsinin və seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 85 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası