Fevralın 14-də Avrasiya regionu ölkələrinin peşəkar mühasibatlıq və audit qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, onların fəaliyyətlərinin koordinasiyası, mühasib və auditor peşəsinə olan ictimai etimadın yüksəldilməsi məqsədilə 2021-ci il 9 dekabr tarixində yaradılmış, ictimai əsaslarla fəaliyyət göstərən və Azərbaycan Respublikası Auditorlar Palatasının da üzv olduğu “Avrasiya Mühasiblər və Auditorlar qrupu”nun növbəti illik ümumi yığıncağı keçirilib.
Rusiya Federasiyasının “Sodrujestvo” Auditor Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə onlayn formatda baş tutan tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ermənistan və Rusiyanın peşəkar mühasibatlıq və audit qurumlarının rəhbər şəxsləri və nümayəndələri təmsil olunub.
Yığıncaqda Azərbaycanın Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Palata sədrinin müşaviri Fəqan Qarayev iştirak ediblər.
Tədbirin gündəliyinə uyğun olaraq Avrasiya Mühasiblər və Auditorlar Qrupunun 2022-ci il üzrə fəaliyyətinə dair hesabatı dinlənilib, Qrupun Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Assosiativ üzvlüyünə qəbul olunması məsələsi müzakirə edilib, Qrupun tərkibində fəaliyyət göstərən Komissiyaların əsasnamələri, 2023-cü il üzrə iş planları və tərkibləri, habelə Qrupun 2023-cü il üzrə iş planı təsdiq edilib.
Ümumi Yığıncaqda Qrupun 2023-cü il üzrə sədrinin seçilməsi məsələsi də müzakirə olunub. Rusiya Federasiyasının “Sodrujestvo” Auditor Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri İqor Kozırev tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov Avrasiya Mühasiblər və Auditorlar Qrupunun sədri vəzifəsinə təklif olunub. Təklif səsə qoyularaq üzv dövlətlərin səsvermə səlahiyyəti olan nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub.
Daha sonra Özbəkistan Milli Mühasiblər və Auditorlar Assosiasiyasının sədri Minovar Tulaxodjayeva, Rusiya Federasiyasının “Sodrujestvo” Auditor Təşkilatları Assosiasiyasının Baş icraçı direktoru Olqa Nosova, Belarus Auditorlar Palatasının sədri Dmitriy Siç və digərləri Vahid Novruzovu təbrik edib və ona Qrupun gələcək fəaliyyətində uğurlar arzu ediblər.
Vahid Novruzov ona göstərilən etimada görə yığıncaq iştirakçılarına minnətdarlığını bildirib və ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanda auditor fəaliyyəti sahəsində əldə edilmiş nailiyyətlərdən – korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə, şəffaflığın artırılmasında və kölgə iqtisadiyyatının azaldılmasında ölkəmizdə uğurla həyata keçirilən islahatlardan, o cümlədən bu istiqamətlərdə auditin rolundan bəhs edərək Azərbaycanın Auditorlar Palatasının Avrasiya Mühasiblər və Auditorlar Qrupunun səmərəli fəaliyyətinin təşkilində yaxından iştirak edərək öz dəstəyini göstərəcəyini bildirib.
Azərbaycan Respublikası Auditorlar Palatasının təşkilatçılığı ilə 2023-cü il ərzində auditin aktual məsələlərinə dair keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi-praktik konfranslar Avrasiya Mühasiblər və Auditorlar Qrupunun 2023-cü il üzrə təsdiq edilmiş iş planına daxil edilib.
Qeyd edək ki, ötən ildən etibarən Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev Avrasiya Mühasiblər və Auditorlar Qrupunun “Beynəlxalq əməkdaşlıq üzrə” Komissiyasının, Auditorlar Palatasının idarə rəisi Qoşqar Əhmədov isə “Rəqəmsal iqtisadiyyat şəraitində mühasibat uçotu və auditin transformasiyası üzrə” Komissiyasının işinə rəhbərlik edir.