Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Auditorlar Palatasının gənc əməkdaşlarını və üzvlərini 2 Fevral Azərbaycan gəncləri günü münasibətilə təbrik etmişdir.

 

 

Azərbaycan Respublikası Auditorlar Palatasının

gənc əməkdaşlarına və üzvlərinə 2 Fevral Azərbaycan

gəncləri günü  münasibətilə

T Ə B R İ K

 

Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi və şəxsən öz adımdan Sizi 2 Fevral Azərbaycan gəncləri günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər və ən səmimi arzularımı bildirirəm.

Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumundan 27 il keçir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin forumdakı tarixi nitqi ilə dövlətimizin yeni gənclər siyasətinin əsası qoyulmuş və bu istiqamətdə fəaliyyətin məzmun, forma və metodları müəyyənləşdirilmişdir. Ötən 27 il ərzində Azərbaycan gəncliyi həqiqətən mütəşəkkil qüvvəyə çevrilmiş, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında daha fəallıq göstərmişdir. 1997-ci ildə Ulu Öndərimizin "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olmuşdur.

Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar iqtisadiyyat, elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar.

Çox xoşdur ki, Sizlər ölkəmizdə hesabatlılığın və şəffaflığın artırılması istiqamətində, habelə kölgə iqtisadiyyatına və korrupsiyaya qarşı mübarizə sahəsində iqtisadiyyatın möhkəmləndirilməsi naminə vəzifə borclarınızı şərəf və ləyaqətlə yerinə yetirirsiniz.

İnanıram ki, Auditorlar Palatasının üzvləri olan gənc auditorlarımız bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində müstəqil hesabatlılığı və audit institutunu inkişaf etdirmək, onun təsirliliyini artırmaq, audit xidmətlərində rəqəmsallaşma işini tətbiq etmək və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək  sahəsində müəyyən etdiyi tövsiyə və tapşırıqların həyata keçirilməsində, ölkəmizin iqtisadiyyatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında öz mühüm töhfələrini verəcək və mənsub olduqları şərəfli və məsul auditor peşəsinə sədaqətlə xidmət edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının uğurlu siyasəti sayəsində günü-gündən çiçəklənən Vətənimizin xoşbəxt və firavan gələcəyi naminə Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Bayramınız mübarək!

 

Dərin hörmətlə,

 

Vahid  NOVRUZOV

Azərbaycan  Respublikası

Auditorlar  Palatasının  sədri,

iqtisad  elmləri  doktoru, professor