Azərbaycan Respublikasının Auditorlar Palatasında “Qabaqacıl auditorların və auditor təşkilatlarının nümayəndələrinin aparmış olduqları auditlərin tədris vəsaiti kimi müvafiq proqrama salınmaqla auditorlara metodiki dəstəyin göstərilməsi” mövzusunda  ustad dərsində “Maliyyə hesabatları üzrə nümunəvi audit faylının təqdimatı” keçirilmişdir

 

2023-cü ilin 25 yanvar tarixində “Qabaqacıl auditorların və auditor təşkilatlarının nümayəndələrinin aparmış olduqları auditlərin tədris vəsaiti kimi müvafiq proqrama salınmaqla auditorlara metodiki dəstəyin göstərilməsi” mövzusunda  ustad dərsində “Maliyyə hesabatları üzrə nümunəvi audit faylının təqdimatı” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçilər – Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova) keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq 230 saylı “Auditin sənədləşdirilməsi” Beynəlxalq Audit Standartının əhatə dairəsi, məqsədi və tələbləri barədə məlumat verdi. O qeyd etdi ki, maliyyə hesabatlarının auditinin aparılması və sənədləşdirilməsi üçün 230 saylı standartdan başqa, xüsusilə də 200 saylı “Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılması”, 210 saylı “Audit tapşırığı şərtlərinin razılaşdırılması”, 250 saylı “Maliyyə hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması”, 260 saylı “İdarəetməyə məsul şəxslərlə əlaqə”, 300 saylı “Maliyyə hesabatlarının audıtının planlaşdırılması", 500 saylı “Audit sübutları”, 505 saylı “Kənar mənbədən təsdiqləmələr”, 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi”, 701 saylı “Müstəqil auditorun hesabatında əsas audit məsələləri”, 705 saylı “Müstəqil auditorun hesabatında fərqlı rəylər”, 706 saylı “Müstəqil auditorun hesabatında izahedici paraqraflar və digər məsələlər paraqrafları” Beynəlxalq Audit Standartının da tələblərinə düzgün riayət etmək lazımdır.

Daha sonra Q.Bayramov Auditorlar Palatası Şurasının 2015-ci il 20 oktyabr tarixli 267/7 nömrəli qərarı ilə təsdiq edilmiş “Auditin aparilmasi və sənədləşdirilməsinə dair Təlimat” haqqında danışdı və audit faylının hazırlanmasında həmin Təlimatdan istifadə edilməsini tövsiyə edərək sözü Vəli Rəhimova verdi.

V.Rəhimov Beynəlxalq Mühasiblər Federasiyası tərəfindən qəbul edilmiş Beynəlxalq Audit Standartları əsasında tərtib edilmiş “Auditin aparilmasi və sənədləşdirilməsinə dair Təlimat” haqqında geniş məruzə ilə çıxış etdi.

Məruzəçi Təlimatın 30 bölməsi “Auditin məqsədləri və müvafiq öhdəliklər (BAS 200 daxil)”, “Audit faylı və iş sənədləri (bas 230 daxil)”, “Audit tapşırıqları ilə əlaqədar keyfiyyətə nəzarət (KNBS 1, BAS 220 və PMEM daxil)”, “Audit tapşırığı (KNBS 1, BAS 210 VƏ BAS 220 daxil)”, “Planlaşdirma (BAS 300 daxil)”, “Əhəmiyyətli təhrif risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qiymətləndirilmiş risklərə qarşı cavab tədbirləri (BAS 315 VƏ BAS 330 daxil)”, “Saxtakarlığa diqqət yetirilməsi ilə bağlı auditorun öhdəliyi (BAS 240 daxil)”, “Maliyyə hesabatlarinin auditində qanunvericiliyin nəzərə alinmasi (bas 250 daxil)”, “Xüsusi mühasibat çərçivələri (bas 800, bas 805 və bas 810 daxil)”, “Əhəmiyyətlilik (bas 320 daxil”, “Xidmət təşkilatindan istifadə edən iqtisadi subyektlə əlaqədar audit məsələləri (bas 402 daxil)”, “Audit sübutu (bas 500, bas 501 və bas 505 daxil)”, “İlkin audit tapşırıqları – ilkin qalıqlar (bas 510 daxil)”, “Müqayisəli məlumat – müqayisəli göstəricilər və müqayisəli maliyyə hesabatlari (bas 710 daxil)”, “Analitik prosedurlar (bas 520 daxil)”, “Seçmə (bas 530 daxil)”, “Uçot ehtimallari açiqlamalarinin auditi (bas 540 daxil)”, “Əlaqəli tərəflər ( bas 550 daxil)”, “Sonraki hadisələr və gözlənilməyən vəziyyət (bas 560 daxil)”, “Fəaliyyətin fasiləsizliyi (bas 570 daxil)”, “Yazılı təqdimatlar (bas 580 daxil)”, “Audit zamani müəyyən olunmuş təhriflərin qiymətləndirilməsi (bas 450 daxil)”, “Tamamlama və yoxlama”, “Auditor hesabati (bas 700, bas 705 və 706 daxil)”, “Audit olunmuş maliyyə hesabatlarina aid olan sənədlərdə digər məlumatla əlaqədar auditorun öhdəlikləri (bas 720 daxil)”, “İdarəetmə səlahiyyəti olan şəxslərin audit məsələləri ilə məlumatladirilmasi (bas 260 daxil)”, “İdarəetmə səlahiyyəti olan şəxslərə daxili nəzarətdəki nöqsanlar barədə məlumat verilməsi (bas 265 daxil)”, “Daxili auditorlarin işindən istifadə edilməsi (bas 610 və bas 620 daxil)”, “Xüsusi məsələlər – qrup maliyyə hesabatlarinin auditi (bas 600 daxil)”, “Əlavə A - audit faylinin mündəricati (nümunə) haqqında geniş məlumat verdi.

Daha sonra o Audit faylının 2 növündən: təhlili aparılan hesabat dövrü ilə əlaqəli informasiya və audit sübutunu özündə əks etdirən və məqsədi audit hesabatındakı rəyləri və hesabları dəstəkləyən CAF faylından və hər bir auditdə yenilənmiş zəruri informasiyanı özündə əks etdirən, tapşırıq şərtlərinin, daxili nəzarətin və hesabat sistemlərinin qeydlərinin, tarixi qeydlərin digər sənədlərinin, məsələn icarə sənədlərinin surətinin, əvvəlki illərin maliyyə hesabatlarının surətinin, təsis sənədlərinin surətinin, təsisçilərin iclas protokollarının daxil olduğu DAF faylından bəhs etdi.

V.Rəhimov Audit faylının tərtibatından danışarkən bildirdi ki, bütün fayllar ədədi və əlifba ardıcıllığı üzrə tərtib olunmalıdır. Tərtibatın standartlaşma dərəcəsi səmərəlilik və riskin azaldılması baxımından əhəmiyyət kəsb edir. Fiziki formada tərtib olunduğu halda sabit formalı sütunlar və rəngli sütunlar (ayırıcılar) fayl olan bölmələri aydın şəkildə göstərilməlidir. Təqdim edilən cari audit faylı üzrə indeks (mündəricat) Təlimatın əlavəsində qeyd olunur. Audit faylının məzmunu yoxlama aparan zaman istifadə ediləcək sənədlərin hazırlanmasında baza rolunu oynayan işçi sənədləri, yoxlama siyahıları və audit proqramları üçün standart formatları əks etdirir.

Məruzəçi Yekun audit faylının toplanmasından bəhs edərkən vurğuladı ki, auditor auditor hesabatı təqdim edildikdən sonra audit sənədlərini audit faylında toplamalı və müntəzəm olaraq yekun audit faylının (yeni audit prosedurlarının yerinə yetirilməsi və ya yeni nəticələrin sxemi buraya daxil deyil) toplanılması ilə bağlı inzibati prosesi tamamlamalıdır.

Audit faylının toplanılması prosesi başa çatdıqdan sonra, auditor saxlanma müddəti bitməzdən əvvəl hər hansı audit sənədini ləğv edə bilməz. Auditor dəyişikliklərin növündən asılı olmayaraq, dəyişikliklərin səbəblərini eləcə də onların nə zaman və kimin tərəfindən həyata keçirildiyini və təhlil edildiyini sənəddə qeyd etməlidir.

Son olaraq V.Rəhimov qeyd etdi ki, Audit faylının mündəricatına Maliyyə hesabatları və rəylər, Auditin yekunu və təhlili, Planlaşdırma və Nəzarət, Riskin qiymətləndirilməsi və cavab tədbiri, Dövriyyə qalıq cədvəli və düzəliş yazılışları, Qeyri-maddi aktivlər, Torpaq, Tikili və Avadanlıqlar, İnvestisiya mülkiyyəti, Filiallarda və ortaqlarda investisiyalar, Digər Maliyyə Aktivləri, İnventar, Bioloji aktivlər, Ticari və digər debitor borcları, Nağd pul və bank qalıqları, Əlaqədar tərəflə bağlı məlumatlar, Ticari və digər kreditor borcları, Borc vəsaitləri və bank kreditləri, Öhdəliklərlə və ödənişlərlə bağlı müddəalar, Cari vergi öhdəlikləri, Təxirə salınmış vergi, Kapital və ehtiyatlar, Öhdəliklər və nəzərdə tutulmayan xərclər, Direktorların mükafatlandırılması və sövdələşmələr, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat, Gəlirlər, Xərclər adlı bölmələr daxildir.

Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən ustad dərsinin mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 73 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası