Azərbaycan Respublikasının Auditorlar Palatasında 2023-cü ilin 18 yanvar tarixində 20 yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş onlayn tədbir keçirilib.
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov tədbiri açıq elan etdikdən sonra tədbir iştirakçıları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə Bakı şəhərində faciəli surətdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 20 yanvar faciəsinə həsr olunmuş videoçarx nümayişi etdirilib.
Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək qəhrəman şəhidlərimizin 19 yanvardan 20 yanvara keçən gecədə Azərbaycanın üstünə çökən kabusa, Sovet Ordusunun qorxunc və qanlı basqınına qarşı sinə gərərək, birlik və bərabərliyini dünyaya isbatından danışıb.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib.
Vahid Novruzov Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyəyə yalnız bir neçə il sonra ümummilli liderin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsini və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilməsini qeyd edib.
Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
V.Novruzov daha sonra 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini və həmin müdhiş gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdığını qeyd etdi. Sonda Palata sədri II Qarabağ Müharibəsindən və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müharibədən sonra Qarabağda aparılan möhtəşəm quruculuq işlərindən və uğurlu iqtisadi islahatlardan ətraflı şəkildə danışıb.
Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov Palata sədrinin sözlərinə qoşularaq həmin gün baş vermiş faciəni bir daha yada saldı və dinc əhalinin vəhşicəsinə qətlindən, əliyalın uşaq, qadın, yaşlı insanlarımıza tutulan divandan danışıb.
S.Gülməmmədov, öz çıxışında 20 Yanvar gecəsinin sadəcə Azərbaycanın deyil, eyni zamanda insanlıq tarixinin qara bir səhifəsi olaraq yaddaşlara həkk olunduğunu və həmin günün Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün olmadığını, eyni zamanda şan, şərəf və qəhrəmanlıq günü olduğunu qeyd edib.
Sonra tədbirdə Auditorlar Palatasının üzvü, Auditorlar Palatasının Şurası yanında Etika, Mübahisələr və İntizam Komissiyasının sədri Kamil Hüseynov, Auditorlar Palatası Veteranlar Şurasının sədri, Sərbəst auditor Çingiz Abbasov, Sərbəst auditor Aftandil Əliyev, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova, “LŞ Audit” MMC-nin direktor-auditoru Fərhəddin Hüseynov, “Xəzər-Audit 2019” MMC-nin auditoru Adıgözəl Musayev, Sərbəst auditor Qulu Sultanov bu qanlı hadisələrin canlı şahidləri olduqlarını və o gecənin ağrısını yaşadıqlarını bildirib.
Qeyd edilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan xalqının yeni tarixi səhifə və şəhid olmuş qəhrəmanlarımızın 20 Yanvardan başlanan müstəqillik amalının yeni qəhrəmanlıq salnaməsi yazılıb.
Məhz ona görə də 20 yanvar gecəsinin heç vaxt unudulmayacağını və Şəhidlərimizin əziz xatirəsi əsrlər və qərinələr keçsə də Azərbaycan xalqının qəlbində daima yaşayacağını bildiribər.
Sonda Palatanın icraçı direktoru S.Gülməmmədov tədbirin və şəhidlərin ruhuna uyğun maraqlı çıxışlara görə Palatanın əməkdaşlarına və üzvlərinə təşəkkürünü bildirərək vurğulayıb ki: “Bu gün tədbirimizdə edilən çıxışlardan da bir daha göründü ki, biz qürurlu bir xalqın nümayəndəsi kimi deyə bilərik ki, şəhidlərimizin ruhu şaddır və onların qanı yerdə qalmadı”.
Eyni zamanda S.Gülməmmədov Azərbaycan xalqının çox xoşbəxt xalq olduğunu dilə gətirərək qeyd edib ki, biz çox xoşbəxt xalqıq ki, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lideri Heydər Əliyev kimi Prezidentimiz olub və onun ideyalarını, uzunmüddətli gələcəyə istiqamətlənmiş siyasətini uğurla davam etdirən İlham Əliyev kimi Pezidentimiz var. Çox sevinirik ki, möhtərəm Prezidentimiz 2003-cü ildə Prezident seçilərkən öz xalqına, millətinə, şəhidinə, qazisinə müqəddəs qurana and içərək verdiyi sözü yerinə yetirməklə bərabər, hər bir Azərbaycanlının Prezidenti olduğunu sübut edib.
S.Gülməmmədov eyni zamanda ölkə Prezidentinin 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup Qərbi azərbaycanlılardan ibarət olan ziyalıları qəbul edərkən dünya ictimaiyyətinə və Azərbaycan xalqına verdiyi mesajları şərh edərək Qarabağda olan soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı ilə bərabər, Qərbi Azərbaycanlıların da öz dədə-baba yurdlarına Tarixi Qayıdışını xalqımızın məhz sıx birləşərək bu mühüm vəzifələrin öhdəsindən gələcəyini bildirib.
Sonda S.Gülməmmədov 20 yanvar şəhidləri ilə bərabər bütün şəhidlərə Allahdan rəhmət diləyib və onların ruhları qarşısında baş əyərək şəhidlərimizin daima qəlblərimizdə yaşayacaqlarını bildirib.
Qalareya