2023-cü ilin 17 yanvar tarixində “2022-ci il üçün maliyyə hesabatlarının auditinin xüsusiyyətləri və auditor hesabatlarının hazırlanmasında beynəlxalq audit standartlarının tətbiqi məsələləri” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov; məruzəçi – Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) mövzusunda seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “2022-ci il üçün maliyyə hesabatlarının auditinin xüsusiyyətləri və auditor hesabatlarının hazırlanmasında beynəlxalq audit standartlarının tətbiqi məsələləri” mövzusunda seminar haqqında geniş məlumat verərək bildirdi ki, 2022-ci il üçün maliyyə hesabatlarının auditinin xüsusiyyətləri və auditor hesabatlarının hazırlanmasında beynəlxalq audit standartlarının tətbiqi məsələlərində Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorlar tərəfindən 200 saylı “Müstəqil auditorun ümumi məqsədləri və auditin beynəlxalq audit standartlarına uyğun aparılması”, 210 saylı “Audit tapşırığı şərtlərinin razılaşdırılması”, 230 saylı “Auditin sənədləşdirilməsi”, 250 saylı “Maliyyə hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması”, 300 saylı “Maliyyə hesabatlarının audıtının planlaşdırılması", 500 saylı “Audit sübutları”, 505 saylı “Kənar mənbədən təsdiqləmələr”, 700 saylı “Maliyyə hesabatları haqqında rəyin formalaşdırılması və hesabat verilməsi”, 701 saylı “Müstəqil auditorun hesabatında əsas audit məsələləri”, 705 saylı “Müstəqil auditorun hesabatında fərqlı rəylər”, 706 saylı “Müstəqil auditorun hesabatında izahedici paraqraflar və dıgər məsələlər paraqrafları” 720 saylı “Auditi aparılmış maliyyə hesabatlarını əks etdirən sənədlərdəki digər məlumatlar üzrə auditorun məsuliyyəti” beynəlxalq audit standartlarının tələblərinə riayət olunmaqla düzgün tətbiq edilməsi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Bunlarla yanaşı, auditorlar həm də Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının və Beynəlxalq Mühasibat Uçotu Standartlarının da tələblərinə düzgün riayət edilməsini yoxlamalıdırlar.
Daha sonra moderator sözü məruzəçi Nəcəf Talıbova verdi.
Nəcəf Talıbov 2022-ci ildə 16 №-li MUBS-a, 37 №-li MUBS-a edilmiş düzəlişlər haqqında geniş məlumat verərək bildirdi ki, həmin dəyişikliklər 2022-ci il yanvarın 1-dən bir sıra MHBS-lara düzəlişlər qüvvəyə minmişdir.
Məruzəçi 37 №-li MUBS-a və 16 №-li MUBS-a edilmiş düzəlişlər haqqında danışarkən bildirdi ki, ağır müqavilələr və müqavilənin yerinə yetirilməsinin dəyəri “Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər” adlı 37 №-li MUBS-a əsasən, öhdəliklərin yerinə yetirilməsi ilə bağlı qaçınılmaz məsrəflər gözlənilən iqtisadi səmərələrdən artıq olduqda müqavilə ağır hesab edilir. Dəyişiklik müqavilənin gəlirsizliyini qiymətləndirərkən şirkətin hansı xərcləri daxil etməli olduğunu müəyyən edir. Beləliklə, müqavilənin icrası ilə bağlı birbaşa xərclərə aşağıdakılar daxildir: belə bir müqavilənin icrası üçün əlavə xərclər (məsələn, əmək və materiallar üçün birbaşa xərclər); müqavilələrin icrası ilə birbaşa əlaqəli olan digər xərclərin bölüşdürülməsi (məsələn, müqavilənin yerinə yetirilməsi üçün istifadə olunan əsas, tikili və avadanlıq obyekti üzrə amortizasiya ayırmalarının bölüşdürülməsi). Bəzi müəssisələr əvvəllər yalnız əlavə məsrəfləri icra məsrəflərinə daxil etdiyinə görə, düzəliş ağır müqavilələr üçün böyük məbləğdə ehtiyatın tanınmasına imkan verəcək.
16 №-li MUBS isə müəssisələrə aktivi istifadəyə hazırlayarkən istehsal edilmiş əşyaların və ya məhsulların satışından əldə edilmiş məbləğlərin torpaq, tikili və avadanlıqların ilkin dəyərindən çıxılmasını qadağan edir. Bunun əvəzinə, müəssisə bu cür satışlardan əldə edilən gəlirləri xərclərlə birlikdə mənfəət və ya zərərdə tanımalıdır. Belə aktivlərin dəyərini ölçmək üçün müəssisə, amortizasiya istisna olmaqla, Ehtiyatlar haqqında 2 №-li MUBS-u tətbiq etməlidir, çünki aktiv hələ təyinatı üzrə istifadəyə hazır deyil.
Son olaraq o qeyd etdi ki, 2022-ci il ərzində aşağdakı Beynəlxalq Audit Standartlarına edilmiş son dəyişikliklər ingilis dilindən Azərbaycan dilinə tərcümə olunmuş, redaktə edilmiş, onların şərhi hazırlanmış və Auditorlar Palatasının internet səhifəsində yerləşdirilmişdir:
1. 250 saylı “Maliyyə hesabatlarının auditi zamanı qanun və qaydaların nəzərə alınması” BAS;
2. 540 saylı “Uçot qiymətləndirmələrinin, o cümlədən ədalətli dəyər qiymətləndirmələrinin və əlaqəli açıqlamaların auditi” BAS;
3. “Auditin keyfiyyət konsepsiyası;
4. 220 saylı “Maliyyə hesabatlarının auditinin keyfiyyətinə nəzarət” BAS;
5. 1 saylı “Maliyyə hesabatlarının auditini və ya təhlilini, yaxud digər təsdiqləmə və ya əlaqəli xidmətlər üzrə tapşırıqları yerinə yetirən şirkətlərdə keyfiyyətin idarə edilməsi” İSQM;
6. 2 saylı “Keyfiyyətin idarə edilməsi standartı. Tapşırığın keyfiyyətinin təhlili” İSQM;
7. 4400 saylı (düzəliş edilmiş) “Əlaqəli Xidmətlər üzrə Beynəlxalq Standart. Razılaşdırılmış prosedurlar üzrə tapşırıqlar”.
Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 76 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası