Tarixi torpaqlarımıza Qayıdış ən böyük hədəfimizdir - Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov

Respublika qəzeti - 13 yanvar 2023-cü il

Möhtərəm Prezidentimizin müasir olduğu qədər də tarixi köklərə söykənən, uzaqgörən olduğu qədər  də çevik və cəsarətli, milli olduğu qədər də  demokratik, regionda  siyasi sabitliyin təminatçısı olan siyasəti son 19 ildə ölkəmizi beynəlxalq arenada özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursuna malik nüfuzlu dövlət kimi möhkəmləndirmiş və işğal altında olan torpaqlarını azad edən ölkəmizə sosial-iqtisadi inkişafın bütün sahələrində gələcəkdə daha böyük uğurlar qazanmaqda mühüm rol oynayacaqdır. Bu baxımdan, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü də müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan və dünya ictimaiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qətiyyətli, gələcəyə hədəflənmiş tarixi addımının şahidi oldu.

Qərbi Azərbaycan İcmasının inzibati binasında ölkə başçısının İcmanın İdarə Heyətinin üzvləri ilə görüşündə çıxışı yeni tarixi mərhələdə qarşıda duran strateji vəzifələrə həsr edilmiş konsepual mahiyyətli, proqram xarakterli müddəalarla zəngin olmaqla Azərbaycan cəmiyyətinin yeni hədəflərə səfərbər etmək baxımından ciddi ictimai-siyasi və tarixi hadisədir. İcma Qərbi azərbaycanlıların qəlblərində nisgil salmış Vətən həsrətinə son qoymaq, dədə-baba yurdlarımıza sahib çıxmaq, həmvətənlərimizin tarixi keçmişi ilə bərabər daha uğurlu gələcəkləri və inkişafı baxımdan çox mühüm işlər həyata keçirmək əzmindədir.

Qərbi Azərbaycan ərazisinin əzəli Azərbaycan torpaqları olması barədə tarixi həqiqətləri dilə gətirən Prezident son iki yüz ildə ermənilər tərəfindən dəfələrlə deportasiya, soyqırımı və etnik təmizləmələrə məruz qalan soydaşlarımızın tarixi-mənəvi haqqının bərpa olunmasının bütün beynəlxalq konsepsiyalara uyğun olduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev çıxışında Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələr üzərində xüsusi dayanaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması tapşırığını verdi və bildirdi ki, indi bizim gündəliyimizdə duran əsas məsələ budur: “Bu baxımdan inanıram ki, biz İcmanın məram və məqsədini, gələcəyə yönəlik və tarixi həqiqətlərə əsaslanan kompleks tədbirləri müəyyənləşdirəcəyik. Bu tədbirləri orta və uzunmüddətli Yol Xəritələri çərçivəsində prioritet ardıcıllıqla reallaşdırmaq üçün ölkədə, həmçinin xaricdə olan Qərbi azərbaycanlıların yüksək zəka, iradə və vətənsevərlik xüsusiyyətlərindən bəhrələnəcəyik və yaxın vaxtlarda öz fəaliyyətimizi nümayış etdirməyə nail olacağıq”.

Ölkə Prezidentinin fikirləri həm də Qərbi Azərbaycan İcmasının gələcək fəaliyyətinin mühüm tezisləri rolunda çıxış edirdi. Tarixi mənbələrdən də aydın göründüyü kimi, erməni millətçiləri "dənizdən-dənizə" böyük imperiya xülyasına qapılaraq XIX-XX əsrlərboyu Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım siyasəti yürüdüblər. Mərhələli şəkildə həyata keçirilən məkrli plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - tarixi torpaqlarından qovulublar, kütləvi qətl və qırğınlara məruz qalıblar.

Erməni zülmündən, işğalından ən çox əziyyət çəkənlər şübhəsiz Qərbi azərbaycanlılar olmuşdur və Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan ölkə başçısının Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə də bütün bu tarixi proseslər əsaslı və tutarlı faktlarla bir daha xatırladıldı. Ümumiyyətlə, Qərbi Azərbaycanın hissə-hissə Azərbaycandan alınması, habelə müxtəlif vaxtlarda yerli əhalinin ərazidən köçürülməsi ardıcıl davam etdirilmişdir. Ermənilər Qərbi Azərbaycanın ardınca bənzər prosesi Naxçıvanda da etmişdir. Naxçıvanın bugünkü ərazisindən iki dəfə çox ərazisi ermənilər tərəfindən müxtəlif bəhanələr ilə ilhaq edilmişdir. Avrasiya məkanında yeganə monodövlətin yalnız Ermənistan olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, başqa xalqları oradan müxtəlif yollarla çıxarıb, başqasının torpağında özləri üçün dövlət qurublar.                                     

Cənubi Qafqazda ermənilərin  yerləşdirilməsi  üçün məhz Azərbaycanın seçilməsi nə təsadüfi, nə də anlaşılması çətin məsələdir. Ortada aşkar türk düşmənçiliyi var ki, bu da millətlərin yaranış dövrünə kimi gedib çıxır. Hər zaman Azərbaycanın regionda güclənib söz, nüfuz sahibi olmasından xoflanıblar. Çünki Azərbaycan türk birliyinin açarı olan dövlətdir. Bunu bugünkü proseslər də sübut edir. Ölkəmizin Qarabağda Ermənistan üzərində qələbəsi tarixi torpaqlarımıza sahiblik hissinin gerçək ifadəsidir. İndi düşmən qüvvələrin qorxusu budur ki, Azərbaycanın güclənməsi, Türk dünyasına sürətli inteqrasiyası gələcəkdə bugünkü Ermənistanın yerləşdiyi və başqa ölkələrin əsarətində olan tarixi torpaqlarının taleyi barədə ciddi düşünməsinə gətirəcək. Bu baxımdan, Qərbi Azərbaycan İcmasının yaradılmasının hədəfləri torpaqlarımızın bütövlüyünə hesablanıb. Görüş zamanı dövlət başçısı xalqımızın tarixi həqiqətlərini bir daha diqqətə çatdıraraq İcma qarşısında mühüm tapşırıqlar qoyub. "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar", - deyə Prezident İlham Əliyev bildirib.      

Prezident Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının mahiyyətini də  açıqla­dı, onun sülhsevər məzmun daşımasının vacibliyini, beynəlxalq konvensiyalardakı müddəalara əsaslanmasının zəruriliyini diqqətə çatdırdı.

Çox önəmlidir ki, möhtərəm Prezidentimiz Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfransların keçirilməsi zərurətini və Qərbi Azərbaycan İcmasının qarşısında duran əsas vəzifələrin icrasında dövlət dəstəyinin göstərilməsini dəfələrlə qeyd etmişdir.

Ölkə Prezidentinin çıxışı zamanı Qərbi Azərbaycanla və onun mərkəzi İrəvan şəhəri, bu tarixi Azərbaycan torpaqları haqqında söylədiyi mühüm fikirlər, Qərbi Azərbaycan tarixinin bütün məsələlərinin sistemli şəkildə tədqiq olunması və bu tədqiqatların bir neçə dilə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılması məsələsini önə çəkməsi xalqımız üçün tarixi, elmi, siyasi, mənəvi-psixoloji əhəmiyyət kəsb edən böyük bir siyasi hadisə kimi qiymətləndirilməlidir.

Dövlətimizin başçısı əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus binanı Qərbi azərbaycanlılara hədiyyə etməklə, həm də bu soydaşlarımızın da tezliklə tarixi torpaqlarına qaytarılacağına rəmzi işarə vurdu. Bir daha vurğuladı ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq tez idi, bu gün biz vaxt itirməməliyik.

Biz Qərbi azərbaycanlılar özumüz də dədə-baba yurdlarımıza qayıtmaq üçün Prezidentin Qərbi Azərbaycan İcmasının qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün var qüvvəmizlə çalışmalıyıq.

Mən bir Qərbi Azərbaycanlı kimi əminəm ki, Dövlət başçısının qoyduğu bu mühüm vəzifələrin öhdəsindən məhz biz birləşərək gələcəyik.

Möhtərəm Prezidentimizin 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsi zamanı da bir daha Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasını onların haqq işi olduğunu qeyd etməsi bizə bütün bunları deməyə əsas verir.   

 

 

Səbuhi Gülməmmədov

Azərbaycan Respublikası

Auditorlar Palatasının icraçı direktoru