Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İstanbul Seritifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) arasında online formatda işgüzar görüş keçirilib

2022-ci ilin 16 dekabr tarixində Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İstanbul Seritifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) arasında online formatda işgüzar görüş keçirilib.

Tədbiri giriş sözü ilə Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov açaraq tədbir iştirakçılarını Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun və öz həmkarları adından salamlayaraq İstanbul Seritifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirelə dərin təşəkkürünü bildirib.

S.Gülməmmədov Auditorlar Palatasının “Auditor xidməti haqqında” 1994-cü il 16 sentyabr tarixli 882 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmasından, 1996-cı il 4 aprel tarxindən etibarən fəaliyyət göstərməsindən, Palatanın vəzifə və funksiyalarından, Palatanın intensiv fəaliyyəti sayəsində Azərbaycanda milli audit sisteminin bərqərar olmasından, auditor xidmətlərinin həcmindən, şəffaflığın artırılmasından, korrupsiyaya qarşı mübarizədən, kölgə iqtisadiyyatının aradan qaldırılmasından, maliyyə hesabatlılığının təkmilləşdirilməsindən, bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolundan, Palatanın 40-dan artıq ölkənin audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq etməsindən, Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) və Avropanın Mühasiblər və Auditorlar Federasiyası (EFFA) kimi nüfuzlu beynəlxalq audit və mühasibatlıq qurumlarına tam hüquqlu üzv qəbul olunmasından ətraflı şəkildə bəhs edib.

Daha sonra o, “Dövlət satınalmaları ilə aparılan auditlər barədə” mövzu ətrafında çıxış edərək Azərbaycanda dövlət satınalmaları üzrə auditlərin aparılmasından, mövcud vəziyyətdən və bu sahədə Türkiyədə aparılan audit barədə təcrübənin bəyənilməsindən danışaraq sözü Erol Demirelə verib.

Erol Demirel ilk növbədə İstanbul Seritifikatlı İctimai Mühasiblər Palatası (İSMMMO) peşənin inkişafına dair təşkil olunmuş işgüzar görüşə görə bir daha Palatanın rəhbərliyinə öz minnətdarlığını bildirərək qeyd edib ki, İstanbul Seritifikatlı İctimai Mühasiblər Palatası (İSMMMO) 1990-cı il aprelin 12-də yaradılmış və 48 min üzvü, 10 min təcrübəçisi olan təşkilatdır.

İSMMMO-nun əsas funksiyası auditorların və mühasiblərin hüquq və mənafelərini qorumaq məqsədi ilə maliyyə məlumatları, idarəetmə uçotu və məsləhət üzrə davamlı təlimlər və nəşrlər vasitəsilə peşə üzvlərinin biliklərini, karyeralarını, ixtisaslarını inkişaf etdirən elmi və texnoloji tədqiqatlar aparmaq və bununla bağlı əməli tədbirlər həyata keçirməkdir. İSMMMO aparıcı bir qurum olaraq eyni zamanda gələcəyə hesablanmış layihələri ilə üzvlərinin inkişafını təmin edir, şəffaflığı, nəzarəti, innovasiyanı təbliğ edir, akademik və peşəkar ictimaiyyətlə güclü əməkdaşlıq edərək cəmiyyətin maariflənməsinə və iqtisadi inkişafına töhfə verir.

Daha sonra Türkiyə Sertifikatlı Mühasiblər Palataları Birliyinin (TÜRMOB) idarə heyətinin üzvü və Altınbaş Unuversitetinin prorektoru professor Cemal İbiş, TÜRMOB-un idarə heyətinin üzvü Özlem Guler, İSMMMO-nun katibi Halim Bursalı, Türkiyənin İctimai Nəzarət, Mühasibat Uçotu və Audit Standartları təşkilatı (KGK) ilə oxşarlıqlarından, Auditorlar Palatası ilə İSMMMO arasında əməkdaşlığın istiqamətlərindən bəhs ediblər.

Görüşdə eyni zamanda Aparatın rəhbəri Qəşəm Bayramov “Auditorlar Palatasının Şurası yanında komitə və komissiyalar”, sədrin müşaviri Fəqan Qarayev “2023-cü ildə keçiriləcək beynəlxalq konfranslar”, sədrin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM)”, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov “Auditin keyfiyyətinə nəzarət”, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov “Rəqəmsallaşma və auditorun şəxsi kabineti sistemi” və Haqsız Rəqabətə qarşı mübarizə şöbəsinin müdiri Rövşən Cəfərli “Haqsız rəqabət halları” mövzularında ətraflı çıxış edərək iştirakçıların suallarını cavablandırıblar.

Sonda Auditorlar Palatasının icraçı direktoru S.Gülməmmədov İSMMMO-nun rəhbəri Erol Demirelə və iştirakçılara səmərəli görüşə görə təşəkkür etdi.

Eyni zamanda İstanbul Seritifikatlı İctimai Mühasiblər Palatasının (İSMMMO) sədri Erol Demirel peşənin inkişafına dair təşkil olunmuş işgüzar görüşə görə bir daha Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzova və Səbuhi Gülməmmədova öz minnətdarlığını ifadə edərək iki qurum arasında davam edən sıx əməkdaşlığa görə dərin təşəkkürünü bildirib, gələcəkdə də belə görüşlərin keçirilməsini və əməkdaşlığı daha yüksək zirvələrə qaldırmağı təklif edib.

  

 

Qalareya