“Rəqəmsal iqtisadiyyatda şəffaflıq” kitabında iqtisadiyyatın əsas modelləri araşdırılıb - AZƏRTAC

Bakı, 14 dekabr, AZƏRTAC

Auditorlar Palatasının mütəxəssisləri tərəfindən “Rəqəmsal iqtisadiyyatda şəffaflıq” adlı kitab hazırlanıb.

Palatadan AZƏRTAC-a bildirilib ki, kitabda rəqəmsal iqtisadiyyatın əsas modelləri araşdırılıb və Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsi təhlil edilib. İqtisadiyyatın rəqəmsallaşdırılmasında maliyyə hesabatlarının formalaşması, həmin hesabatların təqdimatı, emalı və əldə edilən məlumatların istifadəsi, hesabat göstəricilərinin şərhi nəzərdən keçirilir.

Rəqəmsal iqtisadiyyatın inkişafı ilə maliyyə hesabatlarının zəruri keyfiyyət xüsusiyyətlərinin təmin edilməsi arasında sıx əlaqə yaradılır. Hesabat istifadəçilərinə təşkilatın fəaliyyəti və istifadə olunan normativ baza haqqında əlavə məlumat vermək, alternativ metodlar əsasında göstəricilərin müəyyənləşdirilməsi, iqtisadi təhlil əmsallarının hesablanması, təşkilatın perspektivləri ilə bağlı proqnozun tərtibi, onlayn rejimdə hesabat tərtibçiləri ilə qarşılıqlı əlaqənin təmini üçün menyudan istifadə etməklə maliyyə hesabatlarının dəyişdirilmiş rəqəmsal formatda təqdim olunması əsaslandırılır.

Yeni şəraitdə hesabat sənədlərinin müqayisəliliyinin keyfiyyətini artırmaq məqsədilə maliyyə hesabatlarının təqdim edilməsinin vahid formasının yaradılması məsələsi aktualdır. Bu işdə ümumilikdə rəqəmsal iqtisadiyyatın tətbiqi və xüsusilə maliyyə hesabatlarının təqdim edilməsi yolları şərh olunur. Rəqəmsallaşma şəraitində mühasibat uçotu və auditlə bağlı məsələlər də geniş nəzərdən keçirilib. Dövlətin müasir rəqəmsal iqtisadiyyatının və informasiya cəmiyyətinin səmərəli şəkildə qurulması üçün insan kapitalı xüsusi əhəmiyyət kəsb edir. Təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştəliliyin aşılanmasına diqqət yetirməli, indikindən əsaslı şəkildə fərqlənən yeni bacarıqlar, ixtisaslar və peşələr verməlidir.

Nəşrin müəllifləri Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru professor Vahid Novruzov və qurumun Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi, doktorant Qoşqar Əhmədovdur.

Kitabın məsləhətçisi və peşə redaktoru Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, rəyçiləri Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev və Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimovdur. Kitab iqtisadçılar, mühasiblər, maliyyəçilər, auditorlar, müəllimlər, tələbələr və tədqiqatçılar üçün nəzərdə tutulub.

Qalareya