2022-ci il 15 noyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunan tədbirdə iştirak və çıxış etmişdir.

 YAP – 30 UĞURLAR, VƏZİFƏLƏR

 

         30 ildə nəyə nail olmuşuq?                 

Qurucusu  Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində Prezident İlham Əliyevin sözləri ilə desək “ümumxalq partiyasına” çevrilmişdir - nüfuz qazanmışdır. Buna gətirən səbəblər:

1. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi;

2. Demokratik, hüquqi, dünyəvi dövlətin qurulması;

3. Sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması;

          4. Vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi;

          5. Qanunçuluq və ictimai həmrəylik üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması;

          6. İnsanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsini gücləndirməklə  xalqımızı öz ətrafında birləşdirilməsi;

          7. Dövlətimizin hərbi gücünün artırılması;

          8. Əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlərə imza atmışdır.             

 

Bu göstərilənlər son 30 ildə görülmüş işlərin yalnız bir hissəsini təşkil edir.

Təbii ki, YAP-ın və onun üzvlərinin qarşısında duran ən mühüm vəzifə ölkəmizin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsindən ibarət olmuşdur. (44 günlük müharibə Ali Baş Komandan, şanlı Azərbaycan ordusu, iqtisadi güc).  Məhz əldə edilən nəticələr YAP-a xalqın etimadının gücləndirilməsinə və ölkəmizin dayanıqlı inkişafını təmin edə biləcək yeganə siyasi qüvvə kimi nüfuz qazanmasına zəmin yaratmışdır. İnkar edilməz bir faktdır ki, əldə edilən uğurlar YAP-ın rəhbərləri Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli mənafeyinin qorunmasına, dövlətimizin təlükəsizliyinə, iqtisadi və hüquqi islahatların aparılmasına yönəlmiş siyasətinə və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin yeni dövrün çağırışları nəzərə alınmaqla müdrik və cəsarətli tərzdə davam etdirilməsi sayəsində mümkün olmuşdur. Əldə edilən uğurlar barədə YAP sədri, ölkə Prezidenti İlham Əliyev cənablarının sözlərini xatırlamaq yerinə düşərdi: “Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik”. Özünün 30 illik tarixi dövründə YAP həmişə Azərbaycanın əsas reallığını nəzərə almış və düzgün inkişaf istiqamətində fəaliyyət göstərmişdir. Azərbaycan xalqının milli mənafeləri əsas götürülməklə, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və şanlı Vətən müharibəsində qələbə mümkün olmuşdur. Məhz tarixi köklərimizə söykənməklə və güclü irəli inkişaf yolu seçməklə, Azərbaycan reallığını qabaqcıl xarici nailiyyətlərlə zənginləşdirməklə ölkəmizin zəngin və güclü, demokratik və sivil, harmonik inkişaf etmiş ölkəyə çevrilməsinə nail olunmuşdur.

 Biz sübut etdik ki, nəinki tarixi ədaləti bərpa etməyə, həm də Böyük Qayıdış kimi möhtəşəm bir mərhələnin uğurlarına imza atmağa qadir xalqıq. 

Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatların ən mühüm elementlərindən biri də onların aşkarlıq şəraitində reallaşdırılmasıdır. YAP-ın 7-ci qurultayında Yeni Azərbaycan Partiyasının sədri, ölkə prezidenti cənab İlham Əliyev demişdir: “Yeni dövr şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisara son qoymaq dövrüdür.” Dünya təcrübəsi göstərir ki, aşkarlıq özü ilə tərəqqi gətirirsə, qapalılıq mütləq tənəzzül ilə nəticələnir. Heç də təsadüfi deyildir ki, Partiyamızın sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətində aşkarlıq və şəffaflıq amilinə xüsusi diqqət yetirilir və bu priinsipə əməl olunması hər bir rəhbər işçinin, məmurun və Partiya üzvünün ümdə vəzifəsi hesab edilir. Eyni zamanda ölkəmizdə şəffaflığın artırılması investisiya cəlbediciliyinin yüksəldilməsində mühüm rol oynamaqla iqtisadiyyatımızın şaxələndirilməsi, davamlılığın möhkəmləndirilməsi və rəqabətin artırılması nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir ki, bu da Böyük Qayıdış dönəmində çox vacibdir. Ölkəmizin sosial iqtisadi inkişafının mühüm bir istiqamətini də regionların inkişafı təşkil etmişdir. Artıq Azərbaycanda urbanizasiyanın, məskunlaşmanın yeni növü təşəkkül tapmaqdadır ki, bu da Böyük Qayıdışla əlaqədar işğaldan azad olunmuş ərazilərimizin məskunlaşmasında özünü biruzə verir. Bu baxımdan kənd ərazilərinin inkişaf strategiyası, kənd təsərrüfatının və ümumilikdə kəndin modernizasiyasının sürətli tərəqqisi, “ağıllı kənd” və şəhərlərin yaradılması,  ərzaq məhsulları ilə özünü təminat sahəsində əldə edilən uğurlar, yeni texnologiyaların tətbiqi, mövcud torpaq sahələrinin səmərli istifadəsi, gələcəkdə ərzaq təminatının daha yüksək səviyyədə həll olunması üçün zəmin yaradır. Milli iqtisadi  müstəqilliklə  dünyəvi proses olan qloballaşma  arasında  optimal uzlaşmanın əldə olunması məhz Azərbaycanın iqtisadi inkişaf  modelinin uğurlarından biri kimi mühüm əhəmiyyət kəsb edir. Ölkə ictimaiyyəti Prezident İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahididir. Prezident İlham Əliyev gələcəkdə çoxpartiyalı idarəçilik sisteminin oturuşması üçün iqtidar komandasının iradəsi olduğunu və parlamentin də bu istiqamətdə hüquqi baza yaratmalı olduğunu dəfələrlə vurğulamışdır. YAP üzvü olaraq bizim üzərimizə bir vətəndaş olaraq düşən vəzifələr ondan ibarət olmalıdır ki, Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin Partiyanın VII Qurultayında geniş, dərin məzmunlu və proqram xarakterli gələcək fəaliyyətlə bağlı istiqamətlər və konturlar üzrə həyata keçiriləcək işlərdə çox yaxından iştirak edək və bu istiqamətdə ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə öz xüsusi töhfəmizi verək. Biz növbəti qələbə və zəfərlər yolunda Yeni Azərbaycan Partiyası ətrafında daha da sıx birləşərək irəliyə doğru inamla addımlamalıyıq.

Yekun olaraq bir daha qeyd etmək istərdim ki, Yeni Azərbaycan Partiyası ötən 30 il ərzində böyük inkişaf yolu keçib və bir çox uğurlara imza atıb. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcək. Bir sözlə bu gün ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi uğurlarla, müstəqiliyimizlə, dinamik inkişafımızla, qələbələrimizlə fəxr edir, çox sevinirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və bu ideyalar Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurla, cəsarətlə həyata keçirilir. Fikrimi Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının reallaşmasında möhtərəm İlham Əliyevin ən yaxın silahdaşı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fikri ilə tamamlamaq istərdim: “Azərbaycan üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır”.

VAHİD NOVRUZOV

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, 

YAP Veteranlar Şurasının üzvü, 

 iqtisad elmləri doktoru, professor

 

    

 

Qalareya