Auditorlar Palatasında Zəfər Gününə həsr olunmuş onlayn tədbir keçirilib - AZƏRTAC

Bakı, 4 noyabr, AZƏRTAC

Noyabrın 4-də Auditorlar Palatasında Zəfər Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açıb. Bildirib ki, şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq öz torpaqlarını 30 ilə yaxın davam edən işğaldan azad etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünün tam təmin edilməsinə nail oldu. Böyük şanlı Qələbənin şərəfinə Azərbaycan Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi qeyd edilməsi qərara alınıb.

Palata sədri Vətən müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin çoxəsrlik tarixinin nadir hadisəsi olduğunu diqqətə çatdırıb. V.Novruzov, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərdiyi mübarizə yolunun böyük cəsarət və siyasi uzaqgörənliklə tarixi uğurla nəticələnən davamı və inkişaf etdirilməsinin bariz nümunəsidir: “Şanlı Qələbənin ardınca Qarabağa və ətraf bölgələrə Böyük Qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilib. Prezident İlham Əliyevin Qarabağ ərazisindəki süni şəkildə erməniləşdirilmiş coğrafi adların-toponimlərin əsl azərbaycanlı adlarının bərpa edilməsi istiqamətində irəli sürdüyü təşəbbüslər, atdığı düşünülmüş addımlar tarixi ərazilərimizin xalqımıza mənsub olmasının özünütəsdiqidir. Qarabağda real Qayıdış istiqamətində addımlar atılır. Prezident İlham Əliyev artıq Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, Zəngilan rayonunda “ağıllı” kəndin təməllərini atıb, Cəbrayıl şəhərinin bərpa edilməsinin, Hadrutda məscidin təməl daşını qoyub. Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkilmiş Zəfər Yolu Böyük Qayıdışın arteriyasıdır. Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır”.

V.Novruzov vurğulayıb ki, İkinci Qarabağ müharibəsində Auditorlar Palatasının əməkdaşları və üzvlərinin övladları da iştirak edib və böyük şücaətlər göstəriblər. Onlardan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimovun oğlu baş leytenant Kamil Rəhimov şəhid olub və ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Sonra bütün şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.

Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədovun oğlu Peyman Gülməmmədov da ikinci Qarabağ müharibəsində iştirak edib və Prezident İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Auditorlar Palatasının üzvü Nazim Axundovun oğlu tibb xidməti leytenantı Murad Axundov da, həmçinin Vətən müharibəsində iştirak edib, Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Laçının azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Sonda V.Novruzov bildirib ki, bu Qələbəni, Zəfəri bizlərə yaşadan ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Sonra tədbirdə Palata sədrinin müavini Fəxrəddin İsmayılov, icraçı direktor Səbuhi Gülməmmədov, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəis müavini Bəhruzə Qasımova, “Azəruçot” MMC-nin direktoru Eldar Təhməzov, Auditorlar Palatasının üzvü, sərbəst auditor Nazim Axundov, Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev, Auditorlar Palatasının üzvü, Sərbəst auditor Hafiz Əhmədov, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin baş mütəxəssisi Minarə Hüseynova, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyəti, yüksək rəhbərlik məharəti, qəhrəman ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 gün davam edən Vətən müharibəsində heyrətamiz Qələbəsi, eyni zamanda, Prezident İlham Əliyevin Qələbədən sonrakı günlərdə Qarabağda Böyük Qayıdış proqramının icrası istiqamətində apardığı məqsədyönlü fəaliyyəti haqqında dəyərli fikirlər səsləndiriblər.

Sonda tədbirdə Zəfər Gününə həsr olunmuş videofilm nümayişi etdirilib.