Azərbaycan Respublikasının Auditorlar Palatasında “ZƏFƏR” Gününə həsr olunmuş onlayn tədbir keçirilib

 

2022-ci il 4 noyabr tarixində Auditorlar Palatasında “Zəfər Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib.

Tədbiri Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov açaraq bildirib ki, şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük qalibiyyətli Vətən müharibəsində düşmənə ağır zərbələr vuraraq öz torpaqlarını  30 ilə yaxın davam edən işğaldan azad etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünün tam təmin olunmasına nail oldu. Böyük Şanlı Qələbənin şərəfinə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Vətən savaşında –  II Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin ölkəmizin çoxəsirlik tarixinin nadir hadisəsi olduğunu diqqətə çatdırıb. V.Novruzov həmçinin qeyd edib ki, “Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevin qazandığı tarixi Zəfər xalqımızın ümummilli lideri Heydər Əliyevin göstərdiyi mübarizə yolunun böyük cəsarət və siyasi uzaqgörənliklə tarixi uğurla nəticələnən davamı və inkişaf etdirilməsinin bariz nümunəsidir. V.Novruzov qeyd edib: “Şanlı Qələbənin ardınca Qarabağa və ətraf bölgələrə Böyük Qayıdış mühüm ictimai-siyasi və iqtisadi əhəmiyyətə malik olan bir prosesə çevrilmişdir. Prezident cənab İlham Əliyevin Qarabağ ərazisindəki süni şəkildə erməniləşdirilmiş coğrafi adların-toponimlərin əsl azərbaycanlı adlarının bərpa edilməsi istiqamətində irəli sürdüyü  təşəbbüslər, atdığı düşünülmüş addımlar tarixi ərazilərimizin xalqımıza mənsub olmasının özünütəsdiqidir. Qarabağda real Qayıdış istiqamətində addımlar atılmaqdadır. Prezident İlham Əliyev artıq Şuşa və Ağdam şəhərlərində çoxmərtəbəli yaşayış binalarının, Zəngilan rayonunda “ağıllı” kəndin təməllərini atmış, Cəbrayıl şəhərinin bərpa edilməsinin, Hadrutda məscidin təməl daşını qoymuşdur. Füzuli rayonu ərazisindən Şuşa şəhərinə çəkilmiş Zəfər Yolu Böyük Qayıdışın arteriyasıdır. Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağda yeni həyatın daha sürətlə qurulmasına xidmət edən böyük imkandır”.                                                                                                              

V.Novruzov vurğulayıb ki, II Qarabağ müharibəsində Auditorlar Palatasının əməkdaşları və üzvlərinin övladları da iştirak edib və böyük şücaətlər göstəriblər. Onlardan Auditorlar Palatasının Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimovun oğlu baş leytenant Kamil Rəhimov şəhid olmuşdur və ölümündən sonra ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib. Onun timsalında bütün şəhidlərimizə və Ulu Öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyərək onların xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükütla yad edilib. Eyni zamanda, Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədovun oğlu Peyman Gülməmmədov da II Qarabağ müharibəsində iştirak edib və ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, ”Vətən müharibəsi iştirakçısı” medalları ilə tətif edilib. Auditorlar Palatasının üzvü Nazim Axundovun oğlu tibb xidməti leytnantı Murad Axundov da həmçinin, II Qarabağ müharibəsində iştirak etmiş, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Laçının azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Sonda V.Novruzov bildirib ki, bu qələbəni, zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.

Daha sonra İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri Məhluqə Hüseynova 17 oktyabr 2020-ci ildə Füzuli rayonunun işğaldan  azad edildiyi gün  möhtərəm Prezidentimizin verdiyi “Qələbə” xəbərini eşitdikdə  yazdığı minnətdarlıq məktubunu səsləndirib:

 “Mən Hüseynova Məhluqə Akif qizi Füzuli  rayonunda dünyaya göz açmışam! 1992-ci ildən  müharibə acısı, şəhid xəbəri, evlərimizin mərmilərlə dağılması qorxusunu yaşayaraq, 1993-cü il 23 avqust tarixində vətənimdən məcburi köçürülmüşəm..

  - Hansı bölgədənsən?

  - Qarabağlıyam!

  - Qaçqınsan?

Ilahi 9 yaşında uşaq ikən bu statusdan  necə utanırdım, necə kədərlənirdim! Amma içimdə ermənilərin  Qarabağa yaşatdığı  acını  boğaraq hər zaman başımı dik tutub bir gün o torpaqlara qayıdacağıq deyib, Qarabağı  bizə qaytaracaq Sərkərdəyə və Azərbaycan igidlərinə  inananaraq bu günü günbəgün gözlədim!  

Bəli O gözlədiyimiz gün 27 il, 9917 gün sonunda gəldi! 17 oktyabr 2020-ci ildə  Azərbaycan Sərkərdəsi Cənab Ilham Əliyev  və Böyük  Azərbaycan Ordusu Füzuli rayonunu erməni  işğalından azad etdi!!!  

Xoş gəldin  Vətənim! 

"Qələbə" xəbəri! İlahi, bu xəbər necə əzəmətlə səsləndi! İçimdəki uşaqlıq qürurumu zirvəyə qaldırdı! Bu hiss heç bir hissə bənzəmədi! 

Bu hiss həm sevincdi, həm acıdı, həm qürurlanmaqdı, həm qurtulmaqdı, həm yaşamaqdı, həm qurban verməkdi!

Bu möhtəşəm xəbəri eşitməyi mənə nəsib edən Cənab Prezidentimə! Öz canından keçən Qəhrəman Şəhidlərimizə! Bütün Azərbaycan ordusuna Minnnətdaram! 

Şəhidlərimizin Ruhu qarşısında baş əyirəm!

- 27 il bizi qoynunda saxlayan Bakım, sənə çox minnətdaram!       

Neçə  böyük ürəyin sahibi olub bizləri qoynuna aldın  sən! Inşallah torpağımıza qayıdıb bu yaxşılığı sizə illərlə-əsrlərlə qaytarmağa hazırıq! Bu gün Mən çox sevinirəm ki, düşmən Vətəndə evlərimizi darmadağın etsə də düşmən silahları ilə darmadağın olmuş məğlubiyyət hissimiz qürur hissi ilə əvəz olundu!

Yaşasın Azərbaycan! 

Yaşasın Prezidentim!

Yaşasın Azərbaycan ordusu!

Zəfər günümüz mübarək olsun!” 

Sonra tədbirdə Palata sədrinin müavini Fəxrəddin İsmayılov, icraçı direktor Səbuhi Gülməmmədov, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Kadr hazırlığı idarəsinin rəisi Elmira Behbudova, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəis müavini Bəhruzə Qasımova, “Azəruçot” MMC-nin direktoru Eldar Təhməzov, Auditorlar Palatasının üzvü, Sərbəst auditor Nazim Axundov, Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev, Auditorlar Palatasının üzvü, Sərbəst auditor Hafiz Əhmədov, Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin baş mütəxəssisi Minarə Hüseynova, Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi Elnur İbrahimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyəti, yüksək rəhbərlik məharəti, qəhrəman ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbəsi, eyni zamanda möhtərəm Prezidentimizin qələbədən sonrakı günlərdə Qarabağda Böyük Qayıdış proqramının icrası istiqamətində apardığı məqsədyönlü fəaliyyəti haqqında dəyərli fikirlər səsləndiriblər.

Sonda tədbirdə Zəfər Gününə həsr olunmuş videofilm nümayişi etdirildi və Auditorlar Palatasının üzvü, Sərbəst auditor İlham Süleymanlı iki il bundan əvvəl, 8 noyabr tarixində qələmə aldığı şeri səsləndirib:

 

MƏNİM TƏBRİKİMİN ÜNVANI -ŞUŞA!

 

Keçən yüzillikdə növbəti dəfə

Xəyanət yolunu tutdu "dığalar".

Bizim torpaqlarda yaşasalar da,

Gəlmə olduğunu unutdu onlar.

Parisin, Kremlin dəstəyi ilə

Məkrli planlar qurdular onlar.

Zori Balayanın, Ağanbekyanın

Yalan-palanına uydular onlar.

Cənnət Qarabağı hədəfə alıb,

Dedilər: "Bizimdir daha bu diyar."

"Kəsik qulağını" yadına salıb,

"Torpaqdan pay olmaz!"-dedi Bəxtiyar.

Yapışıb sovetin top-tüfəngindən

Qəfil üstümüzü aldı "dığalar".

Bir milyon insanı doğma elindən,

Yurdundan didərgin saldı "dığalar".

Alınmaz qalaydı Şuşa yüz illər,

Xəyanət qurbanı oldu, nə oldu..

Cıdır düzündəki xarı bülbüllər

Düşmən tapdağında soldu, nə soldı...

Düşmən Qarabağı çapdı-taladı,

Qəlblərə köz qoydu Xocalı adlı.

Talandı Kəlbəcər, Ağdam, Füzuli,

Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı.

...Qisas günü gəlib çatdı nəhayət,

Silaha sarıldı ərlər-ərənlər.

Tank belində yollandılar cəbhəyə,

Xocalıdan körpə ikən gələnlər.

Xalq "Qisas!" deyərək ayağa qalxdı,

Yumruq tək birləşdi bu yurd, bu ocaq.

Ali Baş Komandan bəyan elədi:

"Qarabağ bizimdir, bizim olacaq!"

Döyüş meydanında biz nərə döndük,

Mənfur düşmənlərdən qisas alaraq.

Şükürlər Allaha, bu günü gördük,

Sancıldı Şuşaya üçrəngli bayraq!

Mənim təbrikimin ünvanı - Şuşa!

Uğrunda şəhidlər can qoydu, Şuşa!

"Əziz Şuşa, artıq biz qayıtmışıq!"

Bu sözlər hicrana son qoydu, Şuşa!

 

 

Qalareya