Auditorlar Palatasında 2022-ci ilin 28 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarxın nümayişi ilə başlayıb.
Tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, YAP Səbail rayon Auditorlar Palatası ərazi partiya təşkilatının sədri, professor Vahid Novruzov açaraq, Yeni Azərbaycan Partiyasının Azərbaycanda gərgin, mürəkkəb, ağır bir dövrdə - 1992-ci il noyabrın 21-də yaranması və bu dövr ərzində böyük, uğurlu, şanlı yol keçməsi və Azərbaycanın ən böyük, aparıcı partiyası yerini tutmasından danışdı və geniş məruzə ilə çıxış edib.
V.Novruzov bildirib ki, dünya politoloqlarının ümumi rəylərinə görə siyasi partiyalar olmayan ölkədə demokratik cəmiyyət bərqərar ola bilməz. Tariximizə “91”-lər kimi adlarını həkk etmiş xalqımızın vətənpərvər, siyasi reallığı dərindən dərk edən və Azərbaycanın gələcəyi naminə hər cür mərhumiyyətlərə hazır olan ziyalı insanlar və ictimai xadimlərimiz ulu öndər Heydər Əliyevə müraciət edərək məhz onun rəhbərliyi ilə “Yeni Azərbaycan Partiyasının” yaradılması məsələsini gündəmə gətirdilər. Həyatında daima rasional fikirlərə hörmətlə yanaşan, öz xalqının ehtiyac və qayğılarını dərindən duyan və doğma Azərbaycanı öz canından da çox sevən Heydər Əliyevin razılığı və rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında yaradılan YAP 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən siyasi partiya kimi rəsmi qeydiyyata alındı.
Qurucusu Heydər Əliyev olan YAP ötən 30 il ərzində Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını, demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasını, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılmasını, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsini, qanunçuluq, ictimai həmrəylik və firəvan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılmasını, insanların müstəqil dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsini özünün məqsədi hesab etməklə xalqımızı öz ətrafında birləşdirərək milli müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətimizin gücünün artırılması və əhalinin siyasi rifahının yüksəldilməsi istiqamətində mühüm nailiyyətlərə imza atmışdır. Təbii ki, YAP-ın və onun üzvlərinin qarşısında duran ən mühüm məsələ ölkəmizin ərazi bütövlüyünün təmin olunması və torpaqlarımızın işğaldan azad edilməsindən ibarət olmuşdur.
İnkar edilməz bir faktdır ki, əldə edilən uğurlar YAP-ın rəhbərləri ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli mənafeyinin qorunmasına, dövlətimizin təlükəsizliyinə, iqtisadi və hüquqi islahatların aparılmasına, vətəndaş həmrəyliyinin formalaşdırılmasına istiqamətlənmiş və Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin yeni dövrün çağırışları nəzərə alınmaqla müdrik və cəsarətli tərzdə davam etdirilməsi sayəsində mümkün olmuşdur.
Əldə edilən uğurlar barədə YAP sədri, ölkə Prezidenti İlham Əliyev cənablarının sözlərini xatırlamaq yerinə düşərdi:
“Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçatmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik-istər xarici borc baxımından, iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yəni,biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik”.
Özünün 30 illik tarixi dövründə YAP həmişə Azərbaycanın əsas reallığını nəzərə almış və düzgün inkişaf istiqamətində fəaliyyət göstərmişdir. Azərbaycan xalqının milli mənafeləri əsas götürülməklə, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi və şanlı Vətən müharibəsində qələbəsi mümkün olmuşdur. Məhz tarixi köklərimizə söykənməklə və güclü irəli inkişaf yolu seçməklə, Azərbaycan reallığını qabaqcıl xarici nailiyyətlə zənginləşdirilməklə ölkəmizin zəngin və güclü, demokratik və sivil, harmonik inkişaf etmiş ölkəyə çevrilməsinə nail olunmuşdur.
Tədbirdə eyni zamanda YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Yeni Azərbaycan Partiyasının yaranması və qısa müddət ərzində ölkədə aparıcı siyasi qüvvəyə çevrilməsində ümummmilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu, 30 il ərzində partiyanın əldə etdiyi nailiyyətlər, ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün həyata keçirdiyi işlər barədə geniş məruzə ilə çıxış etdi. O qeyd etdi ki, 1993-cü ildə xalqın tələbi və təkidi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanı parçalanmadan, məhv olmaqdan qorudu, xalqımızın xilaskarına çevrildi. Məhz həmin dövrdə yeni yaranan partiya möhkəmləndi və inkişaf etdi, ölkədə əminamanlığın yaradılması, iqtisadi inkişafa başlanmasına öz töhfələrini verdi. Bu gün YAP-ın sıralarında birləşən yüz minlərlə insan Ulu öndər Heydər Əliyevin davamçılarıdır. O bidirmişdir ki, YAP bu gün Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir, ideyalarını yaşadır və bunun timsalında müasir, yeni Azərbaycan yaranır.
Bu məsələ ilə bağlı Auditorlar Palatasının əməkdaşları, üzvləri və Yeni Azərbaycan Partiyasının üzvləri (Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Auditorlar Palatasının Şura üzvü, Sərbəst auditor Altay Cəfərov, “Azel - Audit” MMC-nin direktoru Elzadə Süleymanova, Auditin təşkili və təhlili şöbəsinin müdiri Nigar İsmayılova, Auditorlar Palatasının əməkdaşı Ləman Hüseynova, “SR Audit Solutions” MMC-nin direktoru Səftər Vəlizadə, Kadr hazırlığı idarəsinin rəis müavini Aytən Seyidəliyeva, Haqsız rəqabətə qarşı mübarizə şöbəsinin baş mütəxəssisi İlkanə Təhməzova) çıxış edərək Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının uğurlarından danışıblar. Qeyd olunub ki, ölkədə əldə olunan uğurlar YAP-ın hər bir üzvünün sevincidir. Bundan sonra da ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında hər bir YAP üzvü böyük qələbələrə imza atacaq. Bir daha Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olmаsı münasibətilə təbrik etdilər və gələcək işlərində uğurlar arzuladılar.
Sonda 8 gənc əməkdaş (Gülzar İslamzadə, Turab Həsənov, Barat Orucov, İlkanə Təhməzova, Rasim Cavadov, Nicat Salehov, Xanuma Qiyasova, Peyman Gülməmmədov) Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmiş və ölkənin ictimai-siyasi həyatında fərqlənən 8 nəfər partiya fəalı (Fəqan Qarayev, Nərgiz Abdullayeva, Nərmin Quliyeva, Həbibə Paşa, Fatma Kamalova, Nigar İsmayılova, Aytən Seyidəliyeva, Şəfiqə Əsgərova) YAP Səbail rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif ediliblər.
Qalareya