“Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri barədə” 2022-ci ilin 26 oktyabr tarixində Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2022-ci il 03 oktyabr tarixli 348/1 saylı Qərarının şərhinə və tətbiqinə dair (Moderator – İcraçı direktor Səbuhi Gülməmmədov; məruzəçi – Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov) seminar keçirilib.
Tədbiri giriş sözü ilə Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov açaraq dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamladı və “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri” barədə keçirilən seminarın əhəmiyyəti haqqında geniş məlumat verdi.
O bildirdi ki, ölkədə auditor fəaliyyətində haqsız rəqabətin aradan qaldırılması və səmərəliliyin yüksəldilməsi, göstərilən auditor xidmətlərinin keyfiyyətinin artırılması, dempinq hallarının aradan qaldırılması, müstəqil auditə ictimai etimadın yüksəldilməsi və auditor peşəsinin cəmiyyətdəki nüfuzunun artırılması məqsədilə, Auditorlar Palatası Şurasının 2022-ci il 15 fevral tarixli iclasında 2022-ci il “Auditor fəaliyyəti sahəsində haqsız rəqabətə qarşı mübarizə ili” elan olunmuş və Palata sədrinin 2022-ci il 25 fevral tarixli 1/12 nömrəli sərəncamı ilə “Auditor xidməti sahəsində haqsız rəqabətin aradan qaldırılmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir.
Həmin Tədbirlər Planına uyğun olaraq haqsız rəqabətlə bağlı Palata tərəfindən əhəmiyyətli hesab edilən bir neçə sənədlər hazırlanmış və Palata Şurasında təsdiq edildikdən sonra üzvlərimizə həm məlumat və həm də tətbiq edilməsi üçün göndərilmişdir.
Bu gün isə xüsusilə üzərində dayanacağımız sənəd “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri” barədə 2022-ci il 03 oktyabr tarixli Palata Şurasının 348/1 saylı təsdiq edilmiş qərarıdır.
S.Gülməmmədov bildirdi ki, bu sənəd Palata sədrinin 2022-ci il 18 mart tarixli 1/15 saylı Sərəncam ilə yaradılmış işçi qrupu tərəfindən hazırlanmış və sənəd hazırlanarkən Beynəlxalq təcrübə nəzərə alınmış, xüsusilə qardaş Türkiyə Respublikasının təcrübəsindən istifadə edilmişdir.
Vurğulanmışdır ki, artıq tətbiq ediləcək minimum hədlər 2022-ci il 01 noyabr tarixindən məcburi xarakter daşıyacaqdır.
Sonda S.Gülməmmədov bu sənədin üzərində 6 aydan artıq iş görüldüyünü, üzvlərin dəfələrlə müzakirəsinə verildiyini, dəyirmi masada ayrıca müzakirəsi təşkil edildiyini, 2 dəfə Şurada baxıldığını, qabaqcıl üzvlərimizin, xüsusən də dördlüyün rəyləri və təklifləri nəzərə alınaraq 03 oktyabr 2022-ci il tarixdə Palata Şurasının iclasında təsdiq edildiyini qeyd edərək sözü məruzəçi Vəli Rəhimova verdi.
Məruzəçi Auditorlar Palatası Şurasının 2019-cu il 28 dekabr tarixli 316/6 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyyə olunan minimum hədləri ilə Auditorlar Palatası Şurasının 2022-ci il 03 oktyabr tarixli 348/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin tövsiyyə olunan minimum hədlərini müqayisəli şəkildə şərh edərək sənəd barədə və bölmələr üzrə nəzərdə tutulan minimum və maksimum hədlər barədə məlumat verdi.
O, qeyd etdi ki, audit olunan təsərrüfat subyektlərini yuxarıda qeyd olunan bir neçə meyar üzrə təsnifləşdirmək mümkün olduğu hallarda, ən yüksək həddin müəyyən edildiyi meyar qrupu üzrə qiymət əsas götürülür.
Təsərrüfat subyektinin müvafiq göstəriciləri cədvəl üzrə qeyd olunan meyarların ən yuxarı həddindən yüksək olarsa, göstəriləcək peşəkar xidmətin həcmi, təsərrüfat subyektinin fəaliyyətinin sahəvi xüsusiyyətləri, işçi sayı və risklərin dərəcəsindən asılı olaraq minimum hədlərin maksimum həddindən yuxarı məbləğdə müqavilələr bağlanıla bilər.
Seminarda eyni zamanda Auditorlar Palatası Aparatının rəhbəri Qəşəm Bayramov, Palatanın Şura üzvü, Sərbəst auditor Altay Cəfərov, “Azəruçot” MMC-nin direktor-auditoru Eldar Təhməzov, Sərbəst auditor İlham Süleyman, “Azəri Audit Servis” MMC-nin auditoru Yasin Şirinov, Sərbəst auditor Azər Əliyev, Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi Vasif Cavadov, Sərbəst auditor İlqar Əlizadə, “ABAK-Az Crovve LTD” MMC-nin direktor-auditoru Zamin Hüseynov, Sərbəst auditor Nazim Axundov, Sərbəst auditor Üzeyir Fətiyev, “A Audit and Consulting” MMC-nin direktor-auditoru Rüfət Əliyev, “Ernst & Yanq Holdinqs (SiAyEs) Bi.Vi.” şirkətinin Azərbaycan Respublikasındakı filialının Audit şöbəsinin meneceri Ziya Mikayılov “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri”nin əhəmiyyətini vurğulayaraq buna Auditorlar Palatasının bütün üzvlərinin ciddi şəkildə riayət etməli olduqlarını qeyd etdilər.
Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Sonda S.Gülməmmədov “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri” barədə sənədin əhəmiyyətini bir daha xüsusi vurğulayaraq bütün üzvləri təsdiq edilmiş minimum hədlərə riayət etməyə çağırdı. O, həmçinin qeyd etdi ki, üzvlər tərəfindən minimum hədlərə riayət edilməsi auditə ictimai etimadın artmasına, audit peşəsinin nüfuzunun yüksəldilməsinə və bunlar da öz növbəsində ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar prosesinə öz mühüm töhfəsini verəcəkdir.
S.Gülməmmədov tədbirdə iştirak edənlərə Palatanın rəhbərliyi adından bir daha öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırdı.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 100-dən çox auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası
Qalareya