Auditorlar Palatasının sədrinin müşaviri Yaşar Namazəliyevin təqaüdə çıxması ilə əlaqədar onlayn formatda tədbir keçirilmişdir
Auditin keyfiyyətinə nəzarət sahəsində çalışaraq öz layiqli yerini tutmuş, kollektivdə böyük hörmət qazanmış Auditorlar Palatasının sədrinin müşaviri Yaşar Namazəliyevin təqaüdə çıxması ilə əlaqədar 30 sentyabr 2022-ci il tarixində onlayn tədbir keçirilmişdir. Ömrünün təxminən 50 ilini ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına həsr etmiş, zəhmətlə yüksələn insan, bacarıqlı təşkilatçı, qayğıkeş və mehriban iş yoldaşı olan Yaşar Namazəliyev 1949-cu il martın 9-da Füzuli rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1970-ci ildə Dadaş Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun «Maliyyə və kredit» ixtisası üzrə bitirmişdir.
Bu gün Azərbaycanda bazar infrastrukturları sistemində özünəməxsus yer tutan milli auditin təşəkkülündə və inkişafında müstəsna xidmətləri olan mütəxəssislərdən biri olan Yaşar Namazəliyev 1993-cü ilin yanvar ayında Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzdində Təsərrüfat hesablı Auditor Mərkəzinin (Azəraudit) direktoru işləmişdir. Respublikada Auditorlar Palatasının yaranması ilə əlaqədar olaraq həmin Mərkəz 1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ləğv olunmuşdur. Auditorlar Palatası tərəfindən auditor fəaliyyətinin həyata keçirilməsi üçün ilk lisenziya alaraq müstəqil «Azəri-Audit» auditor firmasının təsisçisi, direktor-auditoru vəzifəsində işləmiş və Palata Şurasının üzvü olmuşdur.
2001-ci il iyunun 12-də Azərbaycan Respublikası Auditorlar Palatasının Nəzarət depatamentinin direktoru, sonra isə müxtəlif rəhbər vəzifələrdə və nəhayət 2020-ci il iyulun 1-dən isə Palata sədrinin müşaviri vəzifəsində işləmişdir. Onun zəngin həyat təcrübəsi, təşkilatçılıq bacarığı, nəcib insani keyfiyyətləri əməkdaşlar və auditorlar arasında mehriban münasibətlərin bərqərar olmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir. Yaşar müəllim rəsmiyyətlə səmimiyyəti, tələbkarlıqla qayğıkeşliyi bacarıqla uzlaşdırır və məhz bunun sayəsində Azərbaycan auditorları ailəsində daim mehriban münasibətlərin, sağlam işgüzarlıq mühitinin hökm sürməsinə şəxsi töhfəsini vermişdir.
Əqidəsi möhkəm, mənəviyyatı saf, davranışı sadə, təvazökar və təmənnasız olan Yaşar müəllim 2000-ci ildən ABŞ-da yerləşən Daxili Auditorlar İnstitutunun üzvlüyünə qəbul edilərək Beynəlxalq sertifikat almışdır. 2007-ci il dekabrın 27-də Azərbaycan Respublikasınin "Fəxri auditoru" döş nişanına layiq görülmüş və nəhayət Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Auditorlar Palatasının işçilərin və üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2011-ci il 15 sentyabr tarixli 1730 №-li Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Sonda Auditorlar Palatasının əməkdaşları və kollektivi Yaşar Namazəliyevə xoş arzularını çatdıraraq ona möhkəm can sağlığı, xoşbəxtlik, işlərində uğurlar arzulamışdır.

Qalareya