Azərbaycan Respublikası Auditorlar Palatasının əməkdaşları və kollektivi 29 sentyabr 2022-ci il tarixində İkinci Fəxri Xiyabanda Palatanın idarə rəisi Vəli Rəhimovun övladı olan, baş leytenant Kamil Rəhimlinin məzarını ziyarət etdilər. İkinci Qarabağ müharibəsinin ilk şəhidlərindən olan baş leytenant Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Rəhimli sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kamil Rəhimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Kamil Rəhimli ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Kamil Rəhimli kimi igidlərin – 2907 şəhidin canı-qanı bahasına Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi erməni faşizmi üzərində bizim tarixi qələbəmizdir. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq.
Qalareya