Auditorlar Palatası və "Professional Maliyyə Menecerləri Assosiasiyası" protokol imzalayıb - REPORT.AZ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən “Rəqəmsal iqtisadiyyatda hesabatlılıq və şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Palata və "Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası" (APFM) İctimai Birliyi arasında Niyyət Protokolu imzalanıb.

"Report" xəbər verir ki, sənəd mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələblərinə müvafiq yeni CPD proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi, yeniliklərin tətbiqi, birgə təlimlərin keçirilməsi və beynəlxalq sertifikatlaşdırma məsələlərini əhatə edir.

Tədbirdə çıxış edən APFM İdarə Heyətinin sədri Nuriyyə Novruzova imzalanma mərasiminin Assosiasiyanın 15 illik yubileyinə təsadüf etdiyini bildirib. O, tədbir iştirakçılarına qurumun fəaliyyəti barədə geniş məlumat verib, bildirib ki, APFM beynəlxalq standartlara uyğun peşəkar mühasib və maliyyəçilərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində beynəlxalq akkreditasiyalara malik peşəkar qurum kimi fəaliyyət göstərir. Onun Maliyyə Nazirliyi "Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya edib.

N.Novruzova qeyd edib ki, "Mühasibat uçotu haqqında” qanunda dəyişikliklərin tələblərini tətbiq edən peşəkar mühasib təşkilatı kimi APFM dövlət qurumları ilə memorandumlar çərçivəsində sıx əməkdaşlıq edir və planlı tədbirlər həyata keçirilir: "Bu gün peşəkar mühasib təşkilatına üzv olmaq qanunvericiliyin tələbidir və peşəkar mühasib üzvlərinin sayını artırmaqla, APFM respublikamızda təcrübəli mütəxəssislərin dünya miqyasında tanınmasına, kadrların beynəlxalq səviyyədə hazırlanmasına töhfə verir".