Azərbaycan Respublikasının Auditorlar Palatasında “Auditor təşkilatlarında və sərbəst auditorlarda kargüzarlığın aparılmasına dair Təlimat”ın müzakirəsinə həsr edilmiş “Dəyirmi masa” təşkil edilib

2022-ci ilin 20 sentyabr tarixində saat 1200-da “Auditor təşkilatlarında və sərbəst auditorlarda kargüzarlığın aparılmasına dair Təlimat”ın layihəsinin müzakirəsinə həsr edilmiş “Dəyirmi masa” (moderator – Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov; məruzəçi - Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov)  təşkil edilib.

Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov “Dəyirmi masa”nın üzvlərini salamlamış və “Auditor təşkilatlarında və sərbəst auditorlarda kargüzarlığın aparılmasına dair Təlimat”ın layihəsi haqqında geniş çıxış edib.

O, bildirib ki, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov tərəfindən 2021-ci ilin 30 dekabr tarixində təsdiq edilmiş “Auditorlara şirkətdaxili nəzarətin həyata keçirilməsi üzrə 2022-ci il ərzində metodik yardımın göstərilməsinə dair qrafik”in 11-ci “Şirkətdaxili kargüzarlıq üzrə metodik vəsaitin hazırlanması” bəndinə əsasən “Auditor təşkilatlarında və sərbəst auditorlarda kargüzarlığın aparılmasına dair nümunəvi Təlimat”ın layihəsi hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın əsasında “Azərbaycan Respublikası Auditorlar Palatasında kargüzarlığın aparılmasına dair Təlimat” hazırlanmış və Palata Şurasının 2015-ci il 20 oktyabr tarixli 267/6 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin təlimata uyğun olaraq “Auditor təşkilatlarında və sərbəst auditorlarda kargüzarlığın aparılmasına dair nümunəvi Təlimat”ın layihəsi hazırlanmışdır.

Q.Bayramov son olaraq Təlimatın 18 bölmədən və müvafiq sənədlərin nümunələrindən ibarət olduğunu bildirərək sözü məruzəçi Nəcəf Talıbova verib.

Nəcəf Talıbov ilk öncə Təlimatın Sənədlərin hazırlanması üçün ümumi tələblər, sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər, kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan tələblər, sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası, sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və stenoqrafiya işləri, qərarların hazırlanması və tərtib edilməsi, ərəncamların hazırlanması və tərtib edilməsi, əmrlərin hazırlanması və tərtib edilməsi, protokolların hazırlanması və tərtib edilməsi, arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi, aktın hazırlanması və tərtib edilməsi, məktub, teleqram və telefonoqramın hazırlanması və tərtib edilməsi, sənədlərin dövriyyəsinin təşkili, sənədlərin qeydə alınması və məlumat aparatının quruluşu, sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadə qaydaları, elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri adlı bölmələri haqqında geniş məlumat verib.

Daha sonra o, reklam xarakterli bukletlər, bildirişlər, plakatlar, qiymət cədvəllərin; dəvətnamələr, biletlər, toplantı və konfrans proqramları, təbrik açıqcaların; mühasibat sənədləri, müqavilələr, hesab-fakturalar, smetaların; kitab, qəzet, jurnal, bülleten və digər dövri mətbu nəşrlərin; statistik və hesabat xarakterli məcmuələr, qrafiklər və cədvəllərin; məlumat üçün göndərilən müxtəlif sorğu-informasiya materialları, icmallar, tədris proqramları, hidrometeoroloji və digər proqnozların qeyd tələb etmədiyini və bu Təlimatın müddəalarının vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmədiyini vurğulayıb.

Sonda məruzəçi dəyirmi masa üzvlərini auditor təşkilatının blankı nümunəsi, auditor təşkilatının əmrinin nümunəsi, əmrlərin qeydə alınması kitabının nümunəsi,auditor təşkilatının sərəncam blankının nümunəsi, sərəncamın qeydə alınması kitabının nümunəsi, auditor təşkilatının əmr blankının nümunəsi, auditor təşkilatının iclasının
protokol nümunəsi, qeydiyyat ştampının nümunələri, göndərilən sənədlərin qeydə alınması kitabının nümunəsi, daxil olan sənədlərin qeydə alınması kitabının nümunəsi, qeydiyyat vərəqəsinin nümunəsi, nəzarət vərəqəsinin nümunəsi, nəzarətdə olan sənədlərin qeydə alınması kitabının nümunəsi, hazırlanmış işlərin kateqoriyaları və miqdarı haqqında yekun qeydinin nümunəsi ilə tanış edib.

 “Dəyirmi masa” zamanı mövzu ətrafında geniş müzakirələr aparıldı və iclasın yekunu olaraq “dəyirmi masa” üzvlərinin təklif və tövsiyələrinin nəzərə alınması qərara alındı.

“Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2022-ci il 20 iyul tarixli 1/25 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 19 nəfər dəyirmi masa üzvü iştirak edib.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası