Azərbaycan Respublikasının Auditorlar Palatasında “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili” və “PL/TMM üzrə mütəxəssislər üçün Korrupsiya və PL/TMM-ə qarşı qanunvericiliyin auditorların qarşısında tələbləri” mövzularında seminar keçirilmişdir

2022-ci ilin 12 sentyabr tarixində “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili” (moderator – Qəşəm Bayramov, məruzəçi – Vasif Cavadov) və “PL/TMM üzrə mütəxəssislər üçün Korrupsiya və PL/TMM-ə qarşı qanunvericiliyin auditorların qarşısında tələbləri”  (moderator – Qəşəm Bayramov, məruzəçi – Elnur İbrahimov) mövzularında seminar keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili” mövzusunda seminar haqqında geniş məlumat verdi.

O, bildirdi ki, Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 12 iyul tarixli 332/1 saylı qərarı ilə “Auditorun Şəxsi Kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında” Təlimat təsdiq edilmişdir. Həmin təlimata əsasən, Auditorun şəxsi kabineti sistemində auditor təşkilatları və sərbəst auditorlar tərəfindən bağlanılmış müqavilələrin və rəylərin qeydiyyatı aparılmalıdır. Müqavilələr bağlanıldığı gün və ya bağlandığından sonrakı 10 iş günü ərzində sistemə yüklənməlidir, lakin müqavilə icra olunduqda (rəy verildikdə) həmin gün sistemə daxil edilməlidir. Lazım olduğu halda auditorun istəyi ilə çap olunub, imzalanmış və möhürlənmiş şəkildə Auditorlar Palatasına təqdim edilə bilər. Auditorlar Palatasına verilən bütün məlumatların qorunması Azərbaycan Respublikasının “Kommersiya sirri haqqında” 2001-ci il 4 dekabr tarixli 224-IIQ nömrəli qanunu ilə tənzimlənir və Palatanın əməkdaşları bu qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar.

Daha sonra moderator “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyasının (2021- 2030-cu illər)” 5.6-cı “Auditor fəaliyyətində şəffaflığın artırılması, dempinq, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə”, 5.8-ci “Auditor xidməti bazarının təşkili və tənzimlənməsi” bölmələrinin və Auditorlar Palatasının 2022-ci il üzrə iş planının 1.3-cü “Auditorların bağlıdığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili və tövsiyələrin hazırlanması” və 7.14-cü “Palatanın üzvləri tərəfindən Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin tövsiyə olunan minimum hədlərinə əməl olunmasının monitorinqi” bəndlərinin icrasını təmin etmək məqsədilə Palata sədrinin “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların bağladıqları müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili və tövsiyələrin hazırlanması barədə” 2022-ci il 02 fevral tarixli 1/6 saylı sərəncamı ilə 5 nəfərdən ibarət işçi qrupu yaradıldığını və həmin işçi qrupu tərəfindən hər ay müqavilələrin və rəylərin qeydiyyatının operativ təhlilinin aparıldığını və nəticəsi üzrə müvafiq qərarlar qəbul edildiyini vurğulayaraq sözü məruzəçi Vasif Cavadova verdi.

Məruzəçi auditor rəyinin müəssisənin maliyyə (mühasibat) hesabatlarının dürüstlüyü və obyektivliyini təsdiq edən hüquqi əhəmiyyətli rəsmi sə­nəd­ olduğunu və yoxlanılan təsərrüfat subyektində maliyyə (mühasibat) hesa­bat­larının dürüstlüyü haqqında auditorun  müsbət, şərti müsbət, mənfi rəy verə bildiyini və ya rəy verməkdən imtina edə bildiyini vurğuladı.

O bildirdi ki, müsbət auditor rəyi maliyyə hesabatlarının müəssisənin maliyyə vəziyyətinin, mənfəət və zərərinin, pul vəsaitlərinin hərə­kətınin dürüst əks etdir­diyini, mühasibat uçotunun qüvvədə olan qanun­vericiliyin və mühasibat uçotu haqda normativ aktların tələblərinə cavab verdiyini əks etdirir. Əgər inamsızlıq və ya iradlar mühüm əhəmiyyət kəsb etmirsə onda auditor şərti müsbət rəy (məhdudiyyətlə) verir.

Mənfi auditor rəyi o halda tərtib olunur ki, hesabat müəssisənin maliyyə vəziy­yəti haqqında qeyri dürüst təsəvvür yaradır, mühasibat uçotunun aparılması işi ümumi qəbul edilmiş qaydaların pozulması ilə müşayət olunur. 

Əgər audit prosedurlarının yerinə yetirilməsi zamanı auditor maliyyə (mühasibat) hesabatlarının ilkin göstəricilərinin dürüstlüyünü təsdiq edilməsi üçün kifayər qədər auditor sübutları əldə edilə bil­mirsə, yoxlanılan hesabat dövrünə mühasibat (maliyyə) hesabatları dürüst deyildirsə, onda auditor yoxlanılan maliyyə (mühasibat) hesabatları haq­qın­da öz fikrini аuditоr rəyindən imtina for­ma­sında bildirir. Auditor rəyində rəy verməkdən imtinanın sə­bəbləri dəqiq və aydın göstərilməlidir.

Daha sonra moderator Qəşəm Bayramov “PL/TMM üzrə mütəxəssislər üçün Korrupsiya və PL/TMM-ə qarşı qanunvericiliyin auditorların qarşısında tələblərinə” mövzusunda seminara keçid edərək mövzu ətrafında geniş məruzə ilə çıxış etdi.

O, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli 767-IIIQ nömrəli Qanununun maliyyə hesabatlarında şəffaflığın təmin edilməsində böyük əhəmiyyətə malik olan auditor xidməti qarşısında da xüsusi öhdəliklər yaratdlğını bildirdi.

Moderator qeyd etdi ki, qanunvericiliyin və dövlət proqramlarının auditorlar qarşısında yaratdığı öhdəliklərin icrasını günün tələbləri səviyyəsində təmin etmək məqsədilə Auditorlar Palatası bu sahədə öz fəaliyyətini ilk növbədə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ bazanın yaradılmasından başlamışdır. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsindən az bir müddət sonra Palata tərəfindən ilk normativ sənəd - “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar qarşısında yaratdığı öhdəliklərin yerinə yetirilməsi istiqamətində auditorların fəaliyyətlərinə Azərbaycan Respublikası Auditorlar Palatasının öz səlahiyyətləri çərçivəsində nəzarətin təşkili üzrə metodik göstəriş” tərtib edilmiş, növbəti illərdə isə qanunvericiliyin və dövlət proqramlarının yaratdığı öhdəliklərin hər bir istiqaməti üzrə müvafiq qayda, təlimat, metodik göstəriş, tövsiyələr və s. materiallar hazırlanmışdır.

Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzovun rəhbərliyi altında “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun auditorlar tərəfindən tətbiqinə dair metodik materiallar toplusu (2010-2020-ci illər) hazırlanmış və Palata Şurasının 2020-ci il 20 may tarixli 320/2 nömrəli qərarı ilə nəşr etdirilmiş və auditor təşkilatlarına və sərbəst auditorlara paylanmışdır.

Həmin topluya daxil edilmiş 12 adda normativ sənədlər auditor fəaliyyəti ilə məşğul olanların, auditor xidməti istifadəçilərinin, digər maraqlı tərəflərin, habelə nəzarət orqanlarının istifadəsi üçün nəzərdə tutulmuşdur.

Daha sonra Q.Bayramov sözü məruzəçi Elnur İbrahimova verdi.

Məruzəçi auditor xidməti göstərən şəxslər, onların hüquq və vəzifələri və müvafiq əməliyyatlara və hallara dair məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi haqqında geniş məruzə ilə çıxış etdi.

O, auditor xidməti göstərən şəxslərin monitorinq olunmalı əməliyyatlar barədə məlumatları Qanunun tələblərinə uyğun olaraq vicdanla maliyyə monitorinqi orqanına təqdim etdikdə, bank sirri və ya qanunla qorunan digər sirrin yayılmasına, eləcə də məlumatın yayılması nəticəsində dəymiş maddi və mənəvi ziyana görə məsuliyyətə cəlb olunmama, maliyyə monitorinqi orqanına təqdim edilmiş məlumatların müqabilində əldə edilmiş nəticələr haqqında məlumatlandırılma kimi hüquqlarının, müştəri və benefisiarın eyniləşdirilməsi və verifikasiyası, işgüzar münasibətlərin məqsədi və mahiyyəti barədə məlumatın müştəridən əldə edilməsi və həmin məlumatların mütəmadi qaydada yeniləşdirilməsi, yüksək riskli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirlərinin tətbiq edilməsi, müştərinin və ya benefisiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə dair tədbirlərin görülməsi, bütün mürəkkəb, iri həcmli qeyri-adi, habelə açıq aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatları təyinatının və mahiyyətinin aydınlaşdırılması, bununla əlaqədar yazılı hesabatın tərtib olunması, müvafiq sənədlərin ən azı beş il müddətində saxlanılması, qanunla tələb olunduqda daxili nəzarət sistemlərinin hazırlanması və tətbiqi kimi vəzifələrinin olduğunu bildirdi.

E.İbrahimov sonda məbləğindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan halların mövcud olması, Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla, məbləğindən asılı olmayaraq, hər hansı əməliyyatların həyata keçirilməsi, məbləğindən asılı olmayaraq, xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla əməliyyatları, məbləğindən asılı olmayaraq, Azərbaycan Respublikasının yurisdiksiyasından kənardakı anonim hesabdan pul vəsaitlərinin daxil olması və ya Azərbaycan Respublikasının yurisdiksiyasından kənara anonim hesaba pul vəsaitlərinin köçürülməsi və s. əməliyyatlara və hallara dair məlumatların maliyyə monitorinqi orqanına təqdim edilməsi haqqında da geniş məlumat verərək məruzəsini başa çatdırdı.

Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 41 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.