2022-ci ilin 01 sentyabr tarixində Auditorlar Palatasında“Təsərrüfat subyektlərində daxili audit sisteminin yaradılması məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi üçün tövsiyələr barədə” (moderator – Aparatın və “Dəyirmi masa”nın rəhbəri Qəşəm Bayramov; məruzəçi - Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov) “Dəyirmi masa” keçirilib.
Moderator qismində çıxış Qəşəm Bayramov daxili audit sisteminin müəssisə və təşkilatlarda risklərin idarə olunması, nəzarət və korporativ idarəetmə proseslərinin qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədlərinə sistemli və ardıcıl yanaşmanı təmin etdiyini, maliyyə-təsərrüfat fəaliyyətində pozuntuların aşkara çıxarılması, qeydə alınması və aradan qaldırılmasına nəzarətin həyata keçirilməsi ilə yanaşı, aşkar edilmiş kənarlaşmaların səbəb-nəticə əlaqələrini müəyyənləşdirməklə təsərrüfat subyektlərinin fəaliyyətinin mövcud vəziyyətini yaxşılaşdırmağa dair konkret təklif və tövsiyələrin işlənib hazırlanmasına imkan yaratdığını bildirdi.
Daha sonra o qeyd etdi ki, Azərbaycan iqtisadiyyatında aparılan islahatlar çərçivəsində maliyyə nəzarəti sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması zərurəti və bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər daxili audit sisteminin ölkəmizdə təbliğinə, yayılmasına və tətbiqinə rəvac vermişdir.
Son olaraq Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən Azərbaycanda daxili auditin tətbiqi zərurətinin ilk dəfə olaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edildiyini və 2007-ci il 22 may tarixdən qüvvəyə minmiş “Daxili audit haqqında” Azərbaycan Respublikasının 332-IIIQ nömrəli Qanununun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisində fəaliyyət göstərən və məcburi auditin obyekti olan təsərrüfat subyektlərinə şamil edildiyini vurğulayaraq sözü məruzəçi Nəcəf Talıbova verdi.
Nəcəf Talıbov “Daxili audit sisteminin yaradılması məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi üçün Tövsiyələr “ layihəsi haqqında geniş çıxış etdi.
O, həmin layihənin “Tənzimləyici orqanlar üçün tövsiyələr”, “Təsərrüfat subyektləri üçün tövsiyələr”, “Daxili audit kadrlarına qarşı tələblər” kimi bölmələrdən ibarət olduğunu bildirərək həmin bölmələr haqqında ətraflı məlumat verdi.
Məruzəçi “Tənzimləyici orqanlar üçün tövsiyələr” bölməsinin daxili audit xidmətinə fəaliyyəti ilə bağlı əməli köməklik göstərilməsi; təsdiq edilmiş daxili audit prosedurlarına əməl edilməsi sahəsində daxili audit qurumuna metodoloji yardım göstərilməsi; daxili auditorlar üçün treninqlər və ixtisasartırma kurslarının təşkili; daxili audit xidmətləri üçün daxili audit prosedurları ilə bağlı təkliflər hazırlanması; beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş daxili audit standartlarının tətbiqinə dair qaydaların və şərhlərin hazırlanması. auditin təşkilinin və fəaliyyətinin şirkətin fəaliyyətinin səmərəliliyini və investisiya cəlbediciliyini artırmaq və şirkətin problemlərinin həlli vasitəsi istiqamətində həyata keçirilməsi kimi 25 sayda tövsiyədən, “Daxili audit kadrlarına qarşı tələblər” bölməsinin müəssisədə daxili auditin aparılması metodikası və tətbiqi mexanizminin müəyyənləşdirilməsi; müəssisədə daxili auditin təsərrüfat subyektlərinin daxili nəzarət sistemində daxili auditin yerinin, məqsədlərinin və vəzifələrinin müəyyən edilməsi, onun səmərəliliyinin qiymətləndirilməsi sisteminin yaradılması; daxili audit üzrə planların hazırlanması və bu prosesdə riskin qiymətləndirilməsinin əsaslarının müəyyən edilməsi; daxili auditorların funksiya və vəzifələrinin müəyyənləşdirilməsi; daxili audit sahəsində problemlər, müasir şəraitdə onun fəaliyyətinin problemləri və istiqamətləri, cəlb oluna bilən səlahiyyətlər, böhranlı vəziyyətin qarşısının alınması istiqamətində tədbirlərin araşdırılması və həyata keçirilməsi kimi 19 sayda tövsiyədən ibarət olduğunu bildirdi.
Sonda “Daxili audit kadrlarına qarşı tələblər” bölməsindən bəhs edən məruzəçi yanlış hesabatların mümkün növlərini müəyyənləşdirmək; yanlış hesabat təhlükəsi yaradan faktorları nəzərə almaq və səmərəli substantiv yoxlanışlar həyata keçirmək üçün audit planlaşdırarkən auditor daxili nəzarət sisteminin müxtəlif komponentlərini bilməlidir; düzgün addımın atılması üçün rəhbərlik daxili nəzarətdə olan çatışmazlıqlarla bağlı məlumatlandırılmalıdır; auditora müvafiq şəkildə auditi planlaşdırmaq və yerinə yetiriləcək yoxlamaların mahiyyətini, vaxtını və miqyasını müəyyən etmək imkanı verən daxili nəzarət metodlarını öyrənməlidir; auditorlar müəssisənin maliyyə vəziyyətinə təsir edəcək nəzarət metodları ilə daha dərindən maraqlanmalıdır kimi 18 tələbdən ibarət olduğunu söylədi.
“Dəyirmi masa” zamanı mövzu ətrafında geniş müzakirələr aparıldı və iclasın yekunu olaraq “dəyirmi masa” üzvlərinin təklif və tövsiyələrinin nəzərə alınması qərara alındı.
“Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2022-ci il 20 iyul tarixli 1/25 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 12 nəfər dəyirmi masa üzvü və 10 nəfər Palatanın əməkdaşları iştirak edib.
Azərbaycan Respublikasının Auditorlar Palatası