“Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı.
Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. ...
Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq,
yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Cəmiyyətdə qadın üzərinə daima böyük öhdəliklər düşməkdədir. Buna baxmayaraq, dövrün istənilən mərhələsində cismən zərif və incə, daxilən mübariz və dözümkar olan qadınlar üzərlərinə düşən vəzifələri layiqincə və şərəflə yerinə yetirə biliblər. Şərq qadını da bütün dövrlərdə cəsarəti, ağlı, mədəniyyəti və məqsədyönlülüyü ilə seçilib, hətta qərbli həmcinsləri tərəfindən də heyranlıqla qarşılanıblar.
Bu gün Azərbaycan qadının gözəlliyini, nəcibliyini, mübarizliyini və dünya görüşünü Azərbaycanın Birinici xanımı Mehriban Əliyeva özündə təcəssüm etdirir. Birinci xanımın istər mədəniyyət, səhiyyə, istərsə də elm və təhsil sahələrinə ayırdığı diqqət və qayğısı Azərbaycan qadınının daxili dünyasının zənginliyi, elmi təfəkkürünün aliliyi və mərdliyindən xəbər verir. Praqmatiklik və siyasi çeviklik, qarşıya qoyulan məqsədlərin həyata keçirilmə və nəzərə alınma zərurətini diplomatik etiketlər çərçivəsində diqtə etmək məharəti, üstəlik də protokol qaydalarında bərabərhüquqlu tərəfdaş qismində etiraf etdirilmə səriştəsi Mehriban xanım Əliyevanın siyasi dünyagörüşünün diapazonunu ehtiva etməklə bərabər, həm də onun kübarlıq ranqında özünütəsdiqi oldu.
Mehriban xanım Əliyeva 1982-ci ildə məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir: “Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.
Tarixi həqiqətdir ki, vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir.
Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəstxətti ilə daxil olan belə şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
Bu gün bütövlükdə dünyanın, insanlığın bəlkə ən çox ehtiyac duyduğu məsələ xeyirxahlıq və mərhəmətdir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərməkdədir. Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban xanım Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.
Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu, mühüm xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.
Əlbəttə ki, bu xeyirxahlıqdan, nəcib əməllərdən, sosial layihələrdən danışarkən Mehriban Əliyevanın 2004-cü ildən bəri rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Artıq 18 ildir ki, əsasında mərhəmət, şəfqət, xeyirxahlıq kimi ali dəyərlər dayanan Heydər Əliyev Fondu öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir.
Bu gün tam əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ulu öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bir sözlə, Heydər Əliyev Fondunun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. O cümlədən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edərkən onu da vurğulamaq lazımdır ki, Fond, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin üzləşdiyi təcavüzkarlıq faktının ifşası istiqamətində məqsədyönlü və ardıcıl iş aparır. Fondun dəstəyilə artıq uzun illərdir ki, müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar, “Qarabağ həqiqətləri” adlı bukletlər və “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” kitabı təqdim olunur. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub.
Mehriban xanım Əliyevanın fəaliyyətində Azərbaycan mədəniyyətinin dünyada təbliğində, eləcə də mədəniyyətlərarası dialoqun genişləndirilməsində, Azərbaycanın sivilizasiyalararası dialoqda fəal iştirakı və rolu xüsusi bir yer tutur. Heydər Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından olan UNESCO ilə əlaqələri xüsusi yer tutur. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva bu mötəbər qurumun tribunasından Azərbaycanın üzləşdiyi çətinliklər, işğal faktı və işğal nəticəsində Azərbaycan mədəniyyətinə, milli-mənəvi abidələrinə dəyən zərərləri dünya ictimaiyyətinə çatdırır.
Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və ictimai-siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.
Pandemiya ilə mübarizə dövründə Mehriban xanım Əliyeva da öz missiyasına, amalına sadiqliyini bir daha nümayiş etdirdi. Ölkənin birinci xanımı iki dəfə xalqa müraciət edərək hər kəsi "gözəgörünməz düşmən”lə mübarizədə birlik, həmrəylik nümayiş etdirməyə çağırdı. Birinci vitse-prezidentin "Evdə qal, sağlam qal!” şüarlı təşəbbüsü böyük dəstək qazandı.
Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu ölkədə elan edilən karantin müddətində "Biz birlikdə güclüyük” şüarı ilə xeyriyyə aksiyaları keçirdi. Bu aksiyalar çərçivəsində 200 mindən çox ailəyə ərzaq məhsullarından ibarət sovqatların paylanılması da bir daha fondun missiyasını nümayiş etdirmiş oldu.
Şərqlə Qərbi özündə birləşdirən Azərbaycan milli-mənəvi dəyərləri ilə sivilləşir, dünyaya inteqrasiya prosesi sürətlənir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər əsas xətt olaraq davam etdirilir. Azərbaycanın imicinin yüksəldilməsində, onun dünyaya təqdimində görülən bu və ya digər işlər dövlətin maraqlarını ifadə edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ənənələrinin davamçısı olan Heydər Əliyev Fondu genişmiqyaslı fəaliyyəti ilə məhz Azərbaycanın yüksək dəyərlərini, humanizm prinsiplərini beynəlxalq aləmə təqdimində əvəzsiz rola malikdir.
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb ümumbəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Birinci vitse-prezidentin xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.
Birinci vitse-prezidentin fəaliyyətində ən mühüm məqamlardan, istiqamətlərdən birini, bəlkə də birincisini şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, qaçqın və məcburi köçkünlərlə bağlı məsələlər təşkil edir.
Bu gün valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fondun daim diqqət mərkəzindədir. Bu baxımdan Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mütəmadi olaraq xeyriyyə aksiyaları keçirir.
Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır.
Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə möhtəşəm zəfər tarixi yazdı. Xalqımız tam əmindir ki, möhtərəm Prezidentimizin dərin zəkası, xalqımıza olan sevgisi və ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycanın həyatında yeni dövr başlayacaqdır. Bu gün xalqımız o inamın reallıqda öz əksini tapmasından qürurlanır. Möhtərəm Prezidentimizin 2020-ci il dekabrın 1-də xalqa müraciətində qeyd etdiyi kimi, “Azərbaycanın müasir tarixində yeni mərhələ başlayır. Bu mərhələdə işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçiriləcək. Ən əsası isə budur ki, biz yeni mərhələyə daha güclü və qüdrətli Azərbaycanla qədəm qoyuruq”.
Bəli işğaldan azad etdiyimiz Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işləri çox sürətlə həyata keçirilir və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. Otuz il doğma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimiz çox sevinirlər.
Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dediyi kimi: “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaqdır”.
Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə, əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.
Hazırda Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyevanın danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir.
Fikrimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın öz anası, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ad günü münasibətilə təbriki ilə tamamlamaq istərdim: “Sevimli anamı ad günü münasibəti ilə təbrik edirəm! Sən mənim dünyada ən çox sevdiyim insansan! Sevginə, səmimiyyətinə və sonsuz xeyirxahlığına görə sənə minnətdaram! Tanrı səni yer üzünə insanlara şəfqət, ümid, ədalət və sevgi bəxş etmək üçün göndərib! Sən dünyanın ən gözəl və ləyaqətli insanısan. Mən səni çox sevirəm, mənim anam, ən yaxşi dostum və əzizim! Təbriklərə görə hamıya təşəkkür edirəm, Allah sizə cansağlığı və bol sevgi bəxş etsin, bütün arzularınız həyata keçsin!”
Bu gözəl təbriklərə biz də qoşularaq Azərbaycan auditorları və şəxsən öz adımdan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, cansağlığı və ölkəmizin iqtisadiyyatının inkişafı, dövlətimizin çiçəklənməsi və tərəqqisi naminə məsul fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının sədri,
YAP Veteranlar Şurasının üzvü,
iqtisad elmləri doktoru, professor
26.08.2022-ci il