2022-ci ilin 27 iyul tarixində Auditorlar Palatasında “Auditorlara məhkəmə eksperti statusunun verilməsinin qanunvericilikdə təsbit edilməsinə dair” “Dəyirmi masa” keçirilib.
Auditin hüquqi tənzimlənməsi və dövlət orqanları ilə iş idarəsinin rəisi, məruzəçi Elnur İbrahimov “Dəyirmi masa”nın üzvləri olan auditor təşkilatlarının rəhbərlərini və sərbəst auditorları salamlamış və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Dəyişiklik Edilməsi Barədə” Azərbaycan Respublikasının Qanun layihəsi haqqında geniş çıxış edib.
Məruzəçi həmin layihənin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə» auditor yoxlamasını həyata keçirən mütəxəssisə (auditora) sənədlərin təqdim edilməməsi və ya təqdim edilməsindən yayınmaqdan məsuliyyətin müəyyən edilməsi məqsədilə hazırlandığını vurğulayıb və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 299-cu maddəsinə yeni bəndin “Maddə 299.5 Cinayət təqibini həyata keçirən səlahiyyətli dövlət orqanının sifarişi ilə qanunla müəyyən edilmiş qaydada təyin olunmuş auditor və ya ekspertiza yoxlamasını həyata keçirən mütəxəssisə (auditora) sənədlərin təqdim edilməməsi və ya təqdim edilməsindən yayınmaq — beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır” əlavə olunmasını təklif edib.
“Dəyirmi masa” zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə layihənin qəbul olunması zərurətinin əsaslandırılması zamanı qeyd edilib ki, auditorlar maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və qanunla auditorun peşə fəaliyyətinə aid edilən əlaqədar fəaliyyət sahələrinə dair xüsusi ixtisas və bilik təcrübəsinə malik olan şəxslərdir. Təəssüflər olsun ki, yayınmalar, kənarlaşmalar, mənimsəmə və digər əməllərlə müşahidə olunan korrupsiya hüquqpozmaları ilə nəticələnən halların aradan qaldırılması, hüquq mühafizə orqanlarının, korrupsiya ilə mübarizə sahəsində səlahiyyətli dövlət orqanlarının sifarişi (müraciəti) əsasında auditorun mütəxəssis kimi iştirakının təmin edilməsi, kommersiya sirrinin qorunması və ya qanunda nəzərdə tutmadığını, habelə başqa bəhanələrin əsas gətirilərək sənədlərin verilməməsi, auditdən yayındırılması korrupsiya ilə mübarizədə yoxlama nəticələrinə mənfi təsir göstərir. PL/TMM haqqında Qanunda sənədlərin auditora təqdim edilməsi barədə müddəanın icra tələbinə görə imperativ xarakterli təsbit olunmasına baxmayaraq, cinayət qanunvericiliyində belə müddəanın olmaması bir sıra məhdudiyyətlər yaradır. Bu səbəbdən də korrupsiya ilə mübarizədə həm səmərəliliyin artırılması, həm də hüququn prinsiplərinin gözlənilməsi məqsədilə səlahiyyətli dövlət orqanlarının sifarişi (müraciəti əsasında) ilə mütəxəssisin iştirakına şərait yaradılması barədə məsuliyyətin cinayət qanunvericiliyində təsbit olunması zərurətini yaratmışdır.
Sonda E.İbrahimov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təklif edilən dəyişikliyin korrupsiya ilə mübarizədə həm səmərəliliyin artırılması, həm də hüququn prinsiplərinin gözlənilməsi məqsədilə səlahiyyətli dövlət orqanlarının sifarişi (müraciəti əsasında) ilə mütəxəssisin iştirakına şərait yaradılması barədə məsuliyyətin cinayət qanunvericiliyində təsbit olunması kimi vacib məsələlərin həlli olacağını vurğulamışdır.
“Dəyirmi masa” zamanı mövzu ətrafında geniş müzakirələr aparılıb və iclasın yekunu olaraq dəyirmi masa üzvlərinin öz təkliflərini yazılı şəkildə təqdim etmələri və həmin təkliflərin nəzərə alınması təklif olunub.
“Dəyirmi masa”da onlayn qaydada Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin 2022-ci il 20 iyul tarixli 1/25 nömrəli Sərəncamı ilə təsdiq olunmuş 22 dəyirmi masa üzvü və Palatanın əməkdaşları iştirak edib.