Vahid Novruzov: Uğurlu iqtisadi islahatlar kölgə iqtisadiyyatına qarşı mübarizənin yeni mərhələyə yüksəlməsi baxımından çox mühümdür - AZƏRTAC

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirənin nəticələri göstərir ki, hesabat dövründə ölkəmiz bütün istiqamətlər üzrə mühüm irəliləyişlərə nail olub, iqtisadi-sosial inkişafda böyük uğurlar əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov deyib.

“Bu uğurların səbəblərindən danışarkən dövlətimizin başçısı tamamilə haqlı olaraq vurğulayır ki, bunlar son dövrlərdə həyata keçirilən islahatlar nəticəsində bərqərar olmuş şəffaflıqla, dürüstlüklə və təkmil hesabatlılıqla izah edilməlidir. Başqa sözlə, kölgə iqtisadiyyatına qarşı mübarizədə qazanılan nəticələr iqtisadi müstəqilliyin öz bəhrələrini verməsinə və siyasi müstəqilliyimizdə təməl daşı kimi mühüm rolunun sübutuna dəlalət edir. Həqiqətən də Prezident İlham Əliyevin ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyaya qarşı kəsərli tədbirlərin həyata keçirilməsi və yeni dövrün çağırışlarını nəzərə alaraq nəzarətin beynəlxalq təcrübə əsasında yenidən qurulması üzrə göstəriş və tövsiyələrinin reallaşdırılması dünya çapında ölkəmizə müsbət imic qazandırıb. Buna misal olaraq, bu yaxınlarda ABŞ Prezidentinin İlham Əliyevə ünvanladığı məktubda göstərilən insan hüquqlarının qorunması və hesabatlılığın artırılması istiqamətində qazanılan uğurlarımıza verilən yüksək dəyəri vurğulamaq istərdim”, - deyə V.Novruzov diqqətə çatdırıb.

Palata sədri bildirib ki, müşavirədə nailiyyətlərin əldə olunmasında əsas amillər sırasında kölgə iqtisadiyyatının azaldılmasına yönəlmiş fəaliyyətin rolunun dəfələrlə vurğulanması təsadüfi deyildir. Çünki sadə dildə desək, kölgə iqtisadiyyatı qeyri-leqal, uçota alınmayan, əsas məqsədi dövlət orqanlarından gizli gəlir və ya nemətlərin əldə edilməsi deməkdir. Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) ekspertlərinin bəyan etdikləri mülahizələrə görə, kölgə iqtisadiyyatı dövlət tənzimlənməsi, vergiqoyma və ya inzibati nəzarət sistemi sərhədlərindən kənarda olan iqtisadi fəaliyyəti və ondan əldə edilən gəliri özündə cəmləyir. Görkəmli mütəxəssis Şnayderin fikrincə, kölgə iqtisadiyyatı monetar, tənzimləyici və institusional səbəblər üzündən rəsmi hakimiyyətdən gizlədilən iqtisadi fəaliyyətin bütün növlərini özündə ehtiva edir. Monetar səbəblər dedikdə, vergiləri və sosial təminat sisteminə bütün növ ödənişləri ödəməkdən imtina başa düşülür. Tənzimləyici amillərə məmur bürokratiyası və ya normativ hüquqi bazanın çətinliyi aid edilir. İnstitusional xarakterli amil dedikdə isə korrupsiya xarakterli qanunvericilik və qanuna riayət edilmənin zəifliyi əsas götürülür. Məhz bu halların aradan qaldırılması üzrə son illərdə görülmüş tədbirlər indi öz bəhrəsini verir. Bu tədbirlərə sahibkarlığın tənzimlənməsində olan nöqsanların araşdırılması, iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi və normativ hüquqi aktların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi, biznesin inkişafında inzibati maneələrin minimallaşdırılması, vergiqoyma sahəsindəki nöqsanların aradan qaldırılması, korrupsiyaya qarşı mübarizədə dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi, əhalinin gəlir səviyyələrinin artırılması, hesabatlılığın və mühasibat uçotunun saxtalaşdırılmasına qarşı səmərəli mübarizəyə rəvac verilməsi, pul vəsaitlərinin nağdlaşdırılmasına bank nəzarətinin gücləndirilməsi, müvafiq dövlət qurumları arasında tənzimlənmənin qurulması və sair aiddir.

Kölgə iqtisadiyyatı probleminin həllinin hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təminatı baxımından mühüm amil kimi dəyərləndirildiyini deyən V.Novruzov qeyd edib ki, kölgə iqtisadiyyatının genişlənməsi ölkənin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, hərbi və siyasi xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur. Heç də təsadüfi deyildir ki, məhz kölgə iqtisadiyyatının ümumi daxili məhsulda payının yüksək olması iqtisadi təhlükəsizliyin əsas mənfi səbəblərindən biri kimi qiymətləndirilir. Kölgə iqtisadiyyatının mahiyyəti onun prinsipcə leqal maliyyə-təsərrüfat əməliyyatları toplusu kimi qəbul edilməsinə baxmayaraq, bu əməliyyatların çətin aşkarlanması qanunvericilikdə nəzərdə tutulmuş vergilərdən bilərəkdən yayınma və ya vergi ödəməmələri faktlarının gizlədilməsi ilə xarakterizə olunur. Bir sıra hesablamalara görə, dünyada işçilərin üçdə iki hissəsi bu və ya digər dərəcədə qeyri-formal iqtisadiyyatla əlaqədardır və ya əlaqədə olub. Kölgə iqtisadiyyatının mənfi tərəflərindən danışarkən, ilk növbədə, onun rəsmi iqtisadiyyatda istehsal prosesinə pozucu təsirinin mövcudluğu, qanunun tələbləri çərçivəsində fəaliyyət göstərən təşkilatlara müxtəlif növ maneçilik törədilməsi və onların bu səbəbdən iqtisadi-maliyyə vəziyyətinin pisləşdirilməsi, işçilərin əməyə motivasiyasının azalması, innovasiyaların tətbiqinin çətinləşdirilməsi və müəssisələrdə kollektivlərin dezinteqrasiyasına gətirib çıxarılması göstərilə bilər. Eyni zamanda, kölgə iqtisadiyyatı cəmiyyətdə sosial-etik normaların pozulmasına ciddi zəmin yaradır.

Mütəxəssislərin hesablamalarına görə, kölgə iqtisadiyyatının həcmi ümumi daxili məhsulun 30-35 faizindən artıq olduqda dövlət milli iqtisadiyyatın idarə edilməsi üzərində nəzarəti itirmiş olur. Bütün bunları göstərməkdə məqsəd Prezident İlham Əliyevin kölgə iqtisadiyyatına qarşı mübarizəyə verdiyi önəmin Azərbaycan dövlətçiliyinin milli təhlükəsizliyi ilə birbaşa əlaqədə olmasını vurğulamaqdır. Son olaraq, şəffaflığın artırılmasına və kölgə iqtisadiyyatının ölçüsünün azaldılmasına xidmət edə biləcək bəzi mülahizələrimizi bölüşmək istərdik: Bürokratik əngəlləri azaltmaq və bütün prosesin şəffaflığını artırmaqla daha az tənzimləmə yükü olan demokratik və şəffaf institutların yaradılması proseslərini sürətləndirmək; Satınalmaların bütün mərhələlərinin rəqəmsallaşdırılması (təkliflərin seçilməsi, tədarükçünün seçilməsi, onun icrası); Biznesin bağlanma səbəblərinin sistemli təhlili; Kölgə iqtisadiyyatı termininin qanunvericiliyə daxil edilməsi və Azərbaycan Respublikasının qanunvericilik və digər normativ hüquqi aktlarında kölgə iqtisadiyyatına dair müddəaların gücləndirilməsi; İnzibati cərimə və maliyyə sanksiyaları məbləğlərinə fəaliyyət növlərindən və müvafiqlik prinsipindən asılı olaraq yenidən baxılması, o cümlədən onların təsərrüfat subyektlərinin mikro, kiçik, orta və iri biznesə aid olmalarından, hüquqpozmaların xarakterindən və onların yol verilmə şəraitindən asılı olaraq təsnifləşdirilməsi; Mövcud və qəbul edilən qanunvericilik aktlarının kölgə iqtisadiyyatının stimullaşdırılmasına təkan verən ekspertizasının aparılması; Yalançı sahibkarlıqla mübarizəyə dair beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə tədbirlərin görülməsi; Aparıcı hüquq və iqtisadiyyat təmayüllü ali təhsil müəssisələrinin bazasında kölgə iqtisadiyyatı və PL/TMM üzrə mütəxəssislərin hazırlanması (əlavə hazırlıq); Rəqəmsal mühasibat uçotu texnologiyalarının, hesabatlılığın və auditin tətbiqi; Nəzarət qurumlarının əsas vəzifələri kimi profilaktik tədbirlərin və nəzarət-xəbərdarlıq prosedurlarının daha da genişləndirilməsi.

Palata sədri deyib: “Azərbaycan Respublikasında son dövrlərdə həyata keçirilən uğurlu iqtisadi islahatlar, o cümlədən nağd ödəmələrin məhdudlaşdırılması, vergi uçotundan yayınmaların aradan qaldırılması qeyri-formal məşğulluğun azaldılması və kölgə iqtisadiyyatına qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından çox mühümdür. Kölgə iqtisadiyyatına qarşı mübarizənin zərurəti müasir qloballaşma və onunla əlaqədar olan və transmilli mütəşəkkil cinayətkarlığa münbit şərait yaradan dövlətlərarası sərhədlərin daha asan keçilməsi amili ilə əlaqədar daha da güclənir. Bütün bunlar isə kölgə iqtisadiyyatı probleminə qarşı yalnız cari tədbirlərin görülməsini yox, bu sahədə dövlət siyasətinin və təkmil konsepsiyanın hazırlanması zərurətini doğurur”.