Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə keçirilmiş təlimlərdə iştirak barədə

 

Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş valyuta vəsaitlərinin xaricdən qaytarılmaması faktları ilə əlaqədar ibtidai araşdırma və inzibati icraat zamanı şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar cari ilin 10 iyun tarixində Baş Prokurorluğun Elm-Tədris Mərkəzində ibtidai araşdırma və inzibati icraat zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208 (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama cinayəti) və İnzibati Xətalar Məcəlləsinin 483-cü (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xətası) maddələrinin tətbiqi ilə bağlı yaranan suallara dair dəyirmi masa keçirilmişdir.

Azərbaycan Respublikası Baş prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə keçirilən tədbirdə ekspertlər qismində Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Pricewaterhousecoopers Azerbaijan MMC-nin, eləcə də Azərbaycan Respublikası Auditorlar Palatasının peşəkar nümayəndələri iştirak etmişlər.

Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulmuş xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması cinayəti ölkəmizin valyuta sisteminin təhlükəsizliyinə təhdid yaradan ən təhlükəli cinayət əməllərinə aid olmaqla, ölkəmizin maddi sərvətlərinin xaricə axmasına zəmin yaradır.

Bu qəbildən olan cinayət əməllərinin qarşısının alınması üçün aidiyyəti dövlət orqanları tərəfindən qətiyyətli addımlar atılmışdır.

Geniş müzakirələr, fikir mübadiləsi şəraitində keçən tədbirdə ekspertlərin məruzələri dinlənilmiş və mühüm praktiki əhəmiyyəti olan suallar cavablandırılmışdır. Həmin sualların cavablandırılmasında Auditorlar Palatasını təmsil edən Palata Şurasının üzvü, sərbəst auditor Altay Cəfərov iştirak etmişdir.

Tədbirin yekunlarına uyğun olaraq, bu sahədə səylərin birləşdirilməsi və müvafiq müzakirələrin işçi qaydada davam etdirilməsi qərara alınmışdır.

Son olaraq Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov bütün iştirakçılara və xüsusəndə dəvət edilmiş mütəxəssisləri, təlimçiləri təmsil edən qurumların rəhbərlərinə təşəkkürünü bildirmişdir.

Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə 2022-ci il aprel ayında “Audit” fənni üzrə təlimlərin keçirilməsi ilə bağlı təşkilati tədbirlər görülərək, may-iyun aylarında Universitetin dinləyiciləri üçün hibrid formatda dərslər keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov təlimdə iştirak etmişdir.

N.Talıbov təlimin yekununda dinləyicilərin imtahanda iştirakı üçün test suallarını hazırlamış və Universitetin müvafiq komissiyasına təqdim etmişdir.Təlimin yüksək səviyyədə keçirilməsində və imtahanın suallarının hazırlanmasında əməyi olmuş N.Talıbova və Palatanın rəhbərliyinə Universitet rəhbərliyi tərəfindən təşəkkür edilmişdir.

Hər iki təlimlərdə iştirak etmiş Palatanın təmsilçilərinə Auditorlar Palatası sədrinin əmri ilə təşəkkür elan edilmişdir.

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ AUDİTORLAR PALATASI

 

Qalareya