2022-ci ilin 29 iyun tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “PL/TMM üzrə proqramların əldə edilməsi və təşviqi” mövzusunda seminar keçirilmişdir

 

2022-ci ilin 29 iyun tarixində “PL/TMM üzrə proqramların əldə edilməsi və təşviqi”  (moderator – Sədrin müşaviri Fəqan Qarayev, məruzəçi – Auditin innovativ inkişafı, operativ tənzimləmə və keyfiyyətin idarə edilməsi idarəsinin rəisi Qoşqar Əhmədov) mövzusunda seminar keçirildi.

Moderator Fəqan Qarayev dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “PL/TMM üzrə proqramların əldə edilməsi və təşviqi”  mövzusunda seminar haqqında geniş məlumat verdi.

O, dünyada hər il statistikaya əsasən orta hesabla cinayət yolu ilə əldə edilmiş çirkli pulların yuyulması və ya əmlakın leqallaşdırılması üzrə 800 milyard dollardan 3 trilyon dollaradək vəsaitin yuyulması faktını qeyd edərək PL/TMM-ə qarşı mübarizədə auditorların rolunu ön plana çəkdiyini bildirdi

Moderator, eləcə də PL/TMM üzrə risklərin müəyyən edilməsinə dair proqram təminatının əhəmiyyətindən bəhs edərək bu proqram təminatında qoyulan sualların qanunvericiliyə uyğun olaraq tərtib edilərək proqram şəklinə salındığını, proqram təminatında olan suallara cavab verilməklə PL/TMM üzrə mövcud risklərin müəyyən edilməsinin mümkünlüyünü, proqramın cavablardan asılı olaraq nəticə çıxararaq auditora həmin yoxlama subyektinin əməliyyatlarının daha dəqiq yoxlanılmasına sövq etdiyini və eyni zamanda belə riskli əməliyyatlar barədə məlumatları Maliyyə Monitorinq Xidmətinə göndərilməsini tövsiyə etdiyini bildirərək proqram təminatı haqqında daha geniş məlumat verilməsi üçün sözü məruzəçi Qoşqar Əhmədova verdi.

Məruzəçi Qoşqar Əhmədov Proqram təminatında “Məbləğindən asılı olmayaraq, pul vəsaitlərinin və ya digər əmlakın cinayət yolu ilə əldə edilməsi və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar mövcuddurmu”, “Yoxlanılan subyekti verifikasiya etmisinizmi”, “Yoxlanılan subyekti eyniləşdirmə etmisinizmi”, “Müştəri və ya benefisiarla bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatları doğrudurmu”, “Müştəri və ya benefisiar barədə eyniləşdirmə məlumatlarının təqdim edibmi”, “PL/TMM üzrə Qanunun 7.3-cü maddəsində nəzərdə tutulan dövlətlərin (ərazilərin) vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin dövlətdə (ərazidə) olan şəxslərlə, eləcə də göstərilən dövlətlərdə (ərazilərdə) qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar pul vəsaitləri və ya digər əmlakla, məbləğindən asılı olmayaraq, hər hansı əməliyyatlar həyata keçirilibmi”, “Xarici dövlətlərin siyasi xadimlərinin pul vəsaitləri və ya digər əmlakla əməliyyatları mövcuddurmu”, “Azərbaycan Respublikasının yurisdiksiyasından kənardakı anonim hesabdan pul vəsaitlərinin daxil olması və ya Azərbaycan Respublikasının yurisdiksiyasından kənara anonim hesaba pul vəsaitlərinin köçürülmələri mövcuddurmu”, “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyətı qətnamələrinə, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən siyahısı müəyyən edilmiş şəxslərlə əməliyyatlar mövcuddurmu”, “PL/TMM ilə bağlı sənədlərin ən azı 5 (beş) il ərzində saxlanılması həyata keçirilirmi”, “Qanunla tələb olunduqda daxili nəzarət sistemi və onun tətbiqi mövcuddurmu”, “Müştərinin və ya benefesiarın xarici dövlətlərin siyasi xadimlərinə aid olduğunun müəyyən edilməsinə dair tədbir görmüsünüzmi”, “Yüksək riskli və ya şübhəli əməliyyatlara dair əlavə eyniləşdirmə tədbirləri tətbiq edilirmi”, “Bütün mürəkkəb, iri həcmli qeyri-adi, habelə açıq aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların təyinatının və mahiyyətinin aydınlaşdırılması həyata keçirilibmi”, “14-cü sualın icrası ilə əlaqədar yazılı hesabat tərtib olunubmu” kimi 15 sualdan ibarət olduğunu bildirərək həmin sualların hansı şəkildə cavablıandırılmasını və hansı hallarda əməliyyatın proqram tərəfindən riskli kimi qiymətləndirildiyini ətraflı şəkildə izah etdi.

Məruzəçi yekunda sistemin avtomatik qaydada verilmiş cavabları ümumiləşdirilərək əməliyyatın riskli olub-olmamasını müəyyyən etməklə məlumatın Maliyyə Monitorinq Xidmətinə göndərilib-göndərilməməsini tövsiyə etdiyini qeyd etdi.

Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi Kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 86 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.