Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək və beynəlxalq təcrübədən daha səmərəli bəhrələnmək məqsədilə 2022-ci il iyunun 23-də Azərbaycan Respublikasının Auditorlar Palatası ilə İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) arasında yenilənmiş Anlaşma Memorandumunun imzalanmasına dair “Baku Marriot Boulevard” otelinin konfrans zalında tədbir keçirilib.

Tədbirdə Audirorlar Palatasının sədri, professor Vahid Novruzov, icraçı direktor Səbuhi Gülməmmədov, Aparatın rəhbəri Qəşəm Bayramov, Palata sədrinin müşaviri, Beynəlxalq əlaqələr və xarici təşkilatlarla iş üzrə komitənin sədri Fəqan Qarayev, Palata sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov, Maliyyə və texniki təminat idarəsinin rəisi Vəli Rəhimov, Palatanın üzvləri – “KPMG Audit Azərbaycan” MMC-nin direktoru Nəsibə Muradxanova, “BDO AZƏRBAYCAN” MMC-nin Audit üzrə partnyoru İrina Litvinçik, ACCA-nın Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə regional rəhbəri Filiz Demiröz, Bazarın inkişafı və genişləndirilməsi üzrə meneceri Ülgen Kıymık Coşkun iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Vahid Novruzov qonaqları salamlayıb və qeyd edib ki, hələ 2007-ci ilin 20 iyun tarixindən 2 peşəkar qurum arasında imzalanmış Anlaşma Memorandumuna əsasən əməkdaşlığa başlanılmış və onu ildən-ilə daha da möhkəmləndirərək sıx əlaqələr yaradılmışdır. Belə ki, keçən dövr ərzində ACCA-nın müxtəlif ranqlı təmsilçiləri Auditorlar Palatası tərəfindən təşkil edilmiş və keçirilmiş beynəlxalq tədbirlərdə mütəmadi olaraq yaxından iştirak və çıxış etmiş, audit və mühasibatlıq sahəsində peşənin inkişafına dair dəyərli fikirlər səsləndirmişlər.

O vurğulayıb ki, 2019-cu ilin 13 iyun tarixində Azərbaycanın Auditorlar Palatası və ACCA arasında yenilənmiş Anlaşma Memorandumu imzalanmışdır və əməkdaşlığın belə bir inkişaf trayektoriyası bizim üçün tədris standartlarımızın daha da yüksək səviyyəyə qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.

Biz ACCA üzvləri ilə sıx əməkdaşlıq edirik, onları təlimçi qismində seminarlara, ixtisasartırma proqramlarına dəvət edirik, müxtəlif işçi qruplarında onların peşəkar təcrübəsindən və biliklərindən faydalanırıq. Biz maraqlıyıq ki, Auditorlar Palatasının üzvləri sırasında ACCA-nın akkreditasiyasını keçmiş və müvafiq sertifikatlara yiyələnmiş auditorların sayı mümkün qədər çox olsun.

Daha sonra Vahid Novruzov auditor peşəsinin inkişafı və onun keyfiyyətinin artırılması, korrupsiyaya, çirkli pulların yuyulmasına və kölgə iqtisadiyyatına qarşı mübarizədə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və yerli qanunvericilik nəzərə alınmaqla ölkəmizdə tətbiqinin müasir çağda böyük əhəmiyyət daşıdığını vurğulayaraq ACCA ilə bu istiqamətlərdə əməkdaşlığın daha da gücləndirilməsinin labüdlüyünü tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirdə ACCA-nın Türkiyə, Azərbaycan, Gürcüstan və Əfqanıstan ölkələri üzrə regional rəhbəri Filiz Demiröz çıxş edərək yüksək qonaqpərvərliyə görə Palatanın rəhbərliyinə öz təşəkkürünü bildirib və özünü doğma Azərbaycanda, öz vətənində hiss etdiyini vurğulayıb.       O, ACCA-nın Azərbaycanın Auditorlar Palatası ilə uzunmüddətli əməkdaşlığından danışıb və bildirib ki, hər iki qurum arasında çox sıx əlaqələr mövcud olmuş, birgə tədbirlərin keçirilməsi,  eyni zamanda peşəkar kadrların yetişdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Qonaq bu günkü Anlaşma Memorandumunun yenidən imzalanmasının mövcud əməkdaşlığımızı yeni innovativ metodlardan istifadə etməklə əlaqələrimizin uğurlu davamına yeni nəfəs gətirəcəyini vurğulayıb və hər iki quruma bu istiqamətdə uğurlar arzulayıb.

Sonra Auditorlar Palatası və ACCA arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb, memorandumdan irəli gələn məsələlər, gələcək əməkdaşlıq perspektivləri, ACCA-nın tamhüquqlu üzvlərinin auditor adı almaq üçün keçirilən imtahanların müvafiq modullarından azad olması mexanizmləri, ACCA-nın Davamlı Peşə İnkişafına dair təlim materiallarının əldə edilərək Palatanın üzvlərinə və assistentlərə tədris olunması istiqamətində tədbirlərin həyata keçirilməsi, Azərbaycanın Auditorlar Palatasının ACCA-nın İmtiyazlı Təlim Tərəfdaşı statusunu əldə etməsi imkanları və ümumilikdə ölkədə auditor peşəsinin inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri barədə iştirakçılar tərəfindən ətraflı müzakirələr və geniş fikir mübadiləsi aparılıb.