2022-ci ilin 22 iyun tarixində saat “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili” (moderator – Aparatın rəhbəri Qəşəm Bayramov, məruzəçi – Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi Vasif Cavadov) mövzusunda seminar keçirildi.
Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Auditorların bağladığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili” mövzusunda seminar haqqında geniş məlumat verdi.
O, bildirdi ki, Azərbaycan Respublikası Auditorlar Palatası Şurasının 2021-ci il 12 iyul tarixli 332/1 saylı qərarı ilə “Auditorun Şəxsi Kabineti” sistemində auditor təşkilatlarının və sərbəst auditorların fəaliyyətini əks etdirən yarımillik (illik) hesabatın, müqavilələrin və rəylərin qeydiyyatı haqqında” Təlimat təsdiq edilmişdir. Həmin təlimata əsasən, Auditorun şəxsi kabineti sistemində auditor təşkilatları və sərbəst auditorlar tərəfindən bağlanılmış müqavilələrin və rəylərin qeydiyyatı aparılmalıdır. Müqavilələr bağlanıldığı gün və ya bağlandığından sonrakı 10 iş günü ərzində sistemə yüklənməlidir, lakin müqavilə icra olunduqda (rəy verildikdə) həmin gün sistemə daxil edilməlidir. Lazım olduğu halda auditorun istəyi ilə çap olunub, imzalanmış və möhürlənmiş şəkildə Auditorlar Palatasına təqdim edilə bilər. Auditorlar Palatasına verilən bütün məlumatların qorunması Azərbaycan Respublikasının “Kommersiya sirri haqqında” 2001-ci il 4 dekabr tarixli 224-IIQ nömrəli qanunu ilə tənzimlənir və Palatanın əməkdaşları bu qanunun pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar.
Daha sonra moderator “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf konsepsiyasının (2021- 2030-cu illər)” 5.6-cı “Auditor fəaliyyətində şəffaflığın artırılması, dempinq, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə”, 5.8-ci “Auditor xidməti bazarının təşkili və tənzimlənməsi” bölmələrinin və Auditorlar Palatasının 2022-ci il üzrə iş planının 1.3-cü “Auditorların bağlıdığı müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili və tövsiyələrin hazırlanması” və 7.14-cü “Palatanın üzvləri tərəfindən Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin tövsiyə olunan minimum hədlərinə əməl olunmasının monitorinqi” bəndlərinin icrasını təmin etmək məqsədilə Palata sədrinin “Azərbaycan Respublikası Auditorlar Palatasının üzvləri olan auditor təşkilatlarının və sərbəst auditorların bağladıqları müqavilələrin məbləğlərinin və müqavilə üzrə verilmiş rəylərin operativ təhlili və tövsiyələrin hazırlanması barədə” 2022-ci il 02 fevral tarixli 1/6 saylı sərəncamı ilə 5 nəfərdən ibarət işçi qrupu yaradıldığını və həmin işçi qrupu tərəfindən hər ay müqavilələrin və rəylərin qeydiyyatının operativ təhlili aparılır və nəticəsi üzrə müvafiq qərarlar qəbul edildiyini vurğulayaraq sözü məruzəçi Vasif Cavadova verdi.
Məruzəçi auditor rəyinin müəssisənin mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü və obyektivliyini təsdiq edən hüquqi əhəmiyyətli rəsmi sənəd olduğunu və yoxlanılan təsərrüfat subyektində mühasibat (maliyyə) hesabatlarının dürüstlüyü haqqında auditorun müsbət, şərti müsbət, mənfi rəy verə bildiyini və ya rəy verməkdən imtina edə bildiyini vurğuladı.
O bildirdi ki, müsbət auditor rəyi maliyyə hesabatlarının müəssisənin maliyyə vəziyyətinin, mənfəət və zərərinin, pul vəsaitlərinin hərəkətınin dürüst əks etdirdiyini, mühasibat uçotunun qüvvədə olan qanunvericiliyin və mühasibat uçotu haqda normativ aktların tələblərinə cavab verdiyini əks etdirir. Əgər inamsızlıq və ya iradlar mühüm əhəmiyyət kəsb etmirsə onda auditor şərti müsbət rəy (məhdudiyyətlə) verir.
Mənfi auditor rəyi o halda tərtib olunur ki, hesabat müəssisənin maliyyə vəziyyəti haqqında qeyri dürüst təsəvvür yaradır, mühasibat uçotunun aparılması işi ümumi qəbul edilmiş qaydaların pozulması ilə müşayət olunur.
Əgər audit prosedurlarının yerinə yetirilməsi zamanı auditor mühasibat (maliyyə) hesabatlarının ilkin göstəricilərinin dürüstlüyünü təsdiq edilməsi üçün kifayər qədər auditor sübutları əldə edilə bilmirsə, yoxlanılan hesabat dövrünə mühasibat (maliyyə) hesabatları dürüst deyildirsə, onda auditor yoxlanılan mühasibat (maliyyə) hesabatları haqqında öz fikrini аuditоr rəyindən imtina formasında bildirir. Auditor rəyində rəy verməkdən imtinanın səbəbləri dəqiq və aydın göstərilməlidir.
Sonda məruzəçi qeyd etdi ki, 2022-ci ilin yanvar,fevral,mart, aprel, may, ayları üzrə auditor təşkilatı və sərbəst auditor tərəfindən auditorların şəxsi kabinetinə auditor xidməti göstərilməsi barədə daxil edilən müqavilərin təhlili aparılmışdır. Aparılmış təhlilin nəticəsi olaraq, Palatanın tövsiyə etdiyi minimum hədlərə əməl etməyən və haqsız rəqabət hallarına yol verən auditorlar haqqında müvafiq inzibati/tənbeh tədbirləri görülmüşdür.
Tədbir zamanı çıxış ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.
Keçirilən seminarın mövzusu ilə ətraflı tanış olmaq məqsədilə çıxış Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.
Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.
Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 76 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.
Azərbaycan Respublikasının Auditorlar Palatası