2022-ci il 18 iyun tarixində Elmi İnkişaf üzrə Beynəlxalq Şura-Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB) Baş Assambleyasının təntənəli iclası olmuşdur. Tədbirdə AMEA-nın və BEA-nın tanınmış alimləri və digər görkəmli alimlər iştirak etmişlər.
Giriş sözü ilə BEA-nın prezidenti, akademik, prof. dr. Valter Kofler (Avstriya) və Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Fəxri prezidenti, AMEA və BEA-nın akademiki Ziyad Səmədzadə açaraq tədbirin əhəmiyyətindən danışıblar.
Sonra Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB) Prezidenti Elçin Xəlilovun hesabatı dinlənilib. Eyni zamanda BEA AB-nın 20 illik yubileyinə həsr olunmuş “Beynəlxalq Elmlər Akademiyası. Azərbaycan bölməsi: 20-il” yubiley kitabının və “Sərhədsiz Elm. Elmi məruzələr” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə BEA AB-in yeni həqiqi və müxbir üzvləri seçilmişdir. BEA – nın prezidenti tərəfindən seçilmiş akademiklərə və müxbir üzvlərə diplomlar, “Qızıl döş nişanları”, Sertifikatlar, digər ictimai təşkilatların mükafatları təqdim edilib. Həmin təltif olunanlar sırasında Elm və təhsil sahəsində müstəsna xidmətlərinə görə Beynəlxalq Elmlər Akademiyasının akademiki, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov da BEA-nın “Qızıl döş nişanı" ilə təltif edilib. Eyni zamanda BEA AB-nın İdarə Heyətinin üzvü seçilib.
V.Novruzov tədbirdə çıxış edərək ona göstərilən yüksək etimada görə Beynəlxalq Elmlər Akademiyasının Prezidenti, akademik, professor Valter Koflerə, BEA AB-nin prezidenti professor Elçin Xəlilova və digər iştirakçılara təşəkkürünü bildirib və qeyd edib ki, onun fəaliyyətinə verilən qiymət ölkəmizin elminə və təhsilinə göstərilən diqqətin təzahürüdür. Azərbaycan Respublikasının Auditorlar Palatasının əməkdaşları və üzvləri Palatanın sədri, professor Vahid Novruzovu bu yüksək mükafata görə ürəkdən təbrik edir, işlərində yeni-yeni uğurlar arzulayırlar.
Qalareya