Auditorlar Palatasında 15 İyun - Milli Qurtuluş Günü qeyd edilib - AZƏRTAC

Bakı, 14 iyun, AZƏRTAC

İyunun 14-də Auditorlar Palatasında 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

Palatadan AZƏRTAC-a bildirilib ki, tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan və həmin günlərdə onun gələcək həyatını müəyyən edən başlanğıcların əsası qoyulan, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan əsl qurtuluş günü kimi tariximizə qızıl hərflərlə yazılmış və hər bir azərbaycanlıya iftixar hissləri bəxş edən 15 İyun - Milli Qurtuluş Günündən geniş bəhs edib. V.Novruzov 1993-cü il iyunun 15-də dünyaşöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyə qayıdışı ilə Azərbaycanın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişməsindən, Ulu Öndərimizin siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və yorulmaz fəaliyyəti ilə o zaman respublikamızdakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının alınmasından, dövlət müstəqilliyimizin bütün təhlükələrdən azad olunmasından və xalqımızın ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər olmasından və milli qurtuluşdan başlanan yolda əldə edilən uğurlardan danışıb.

O, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi islahatları və hər bir sahədə qəbul edilmiş dövlət proqramlarını, Azərbaycanın regionda lider dövlətə çevrilməsi və dövlətimizin başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması, ölkəmizdə iqtisadi inkişafın nəticələrindən qazanılan dividendlərin, ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, Qarabağın işğaldan azad olunması ilə 30 illik həsrətə son qoyulmasını və hazırda “Böyük Qayıdış” dönəmində görülən çoxşaxəli işləri xüsusi vurğulayıb.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində Qələbəyə aparan Zəfər yolunun başlanğıcı 1993-cü il iyunun 15-də qoyulub. Bu yolda Prezident ilham Əliyevlə birgə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da çoxşaxəli fəaliyyəti xüsusi vurğulanıb.

Mövzu ətrafında Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov, Aparatın rəhbəri Qəşəm Bayramov, Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru - auditor Roman Hüseynov, Auditorlar Palatasının Şurası yanında Beynəlxalq əlaqələr üzrə komitənin sədri, Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev, Auditorlar Palatası Şurasının üzvü, Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi Vasif Cavadov, Haqsız rəqabətə qarşı mübarizə şöbəsinin baş mütəxəssisi Siddiqə Mirzəyeva, sərbəst auditor Azər Əliyev, “BKR Consulting” MMC-nin direktoru - auditor Elçin Əliyev əlamətdar günün əhəmiyyətindən danışıblar. Çıxış edənlər auditor xidmətinin inkişafı sahəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin öhdəsindən şərəflə gələcəklərinə və xalqımıza, dövlətimizə mühüm töhfələr verəcəklərinə əminliklərini vurğulayıblar.