“15 İyun - Milli Qurtuluş Günü” Auditorlar Palatasında qeyd edildi

2022-ci il 14 iyun tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında Palatanın üzvlərinin və əməkdaşlarının iştirakı ilə “15 İyun - Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirildi.

Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarxın nümayişi ilə başladı.

Açılış nitqi ilə çıxış edən Palatanın sədri, professor Vahid Novruzov Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan və həmin günlərdə onun gələcək həyatını müəyyən edən başlanğıcların əsası qoyulan, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan əsl qurtuluş günü kimi tariximizə qızıl hərflərlə yazılmış və hər bir azərbaycanlıya iftixar hissləri bəxş edən “15 İyun - Milli Qurtuluş Günü”ndən geniş bəhs etdi. V.Novruzov 1993-cü ilin 15 iyununda dünya şöhrətli siyasi şəxsiyyət, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə ölkəmizə rəhbərliyə qayıdışı ilə Azərbaycanın müqəddaratını tənəzzüldən tərəqqiyə doğru dəyişməsindən, Ulu Öndərimizin siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və yorulmaz fəaliyyəti ilə o zaman respublikamızdakı xaos və anarxiyanın, vətəndaş qarşıdurması təhlükəsinin, getdikcə dərinləşən sosial-iqtisadi böhranın, kəskin tənəzzülün qarşısının  alınmasından, dövlət müstəqilliyimizin bütün təhlükələrdən azad olunmasından və xalqımızın ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək dövlətin, ölkənin böyük perspektivlərinə doğru səfərbər olmasından və milli qurtuluşdan başlanan yolda əldə edilən uğurlardan danışdı.

O, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən məqsədyönlü iqtisadi islahatları və hər bir sahədə qəbul edilmiş Dövlət Proqramlarını, Azərbaycanın regionda lider dövlətə çevrilməsi və ölkə başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması, ölkəmizdə iqtisadi inkişafın nəticələrindən qazanılan dividentlərin ilk növbədə əhalinin rifah halının yüksəldilməsinə yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işləri, Qarabağın işğaldan azad olunması ilə 30 illik həsrətə son qoyulmasını və hazırda “Böyük Qayıdış” dönəmində görülən çoxşaxəli işləri xüsusi vurğuladı.

Sonra V.Novruzov qeyd etdi ki, Ulu Öndərimiz özündən sonra da ölkəmizin gələcək taleyini fikirləşərək uzun illərdir öz yanında yaşadığı evdə hazırladığı siyasi varisin öz xalqına təqdim etməyindən və 2003-cü ildən bu günə ölkəmizin hər bir sahəsində yüksək inkişafın şahidləri olmaqla, məhz işğaldan azad olmuş torpaqlarımızın da təməlinin 1993-cü il 15 iyun tarixində qoyulmasını iştirakçıların nəzərinə çatdırdı.

O, bu yolda möhtərəm Prezidentimizlə bərabər, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da çoxşaxəli fəaliyyətini xüsusi vurğuladı.

Mövzu ətrafında Palatanın icraçı direktoru Səbuhi Gülməmmədov, Aparatın rəhbəri Qəşəm Bayramov, Naxçıvan Muxtar Respublikası Auditor təşkilatının direktoru- auditor Roman Hüseynov, Auditorlar Palatasının Şurası yanında Beynəlxalq əlaqələr üzrə komitənin sədri, Auditorlar Palatası sədrinin müşaviri Fəqan Qarayev, Auditorlar Palatası Şurasının üzvü,  Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi Vasif Cavadov, Haqsız rəqabətə qarşı mübarizə şöbəsinin baş mütəxəssisi Siddiqə Mirzəyeva, Sərbəst auditor Azər Əliyev, “BKR Consulting” məhdud məsuliyyətli cəmiyyətinin direktoru-auditor Elçin Əliyev öz çıxışlarında “15 İyun - Milli Qurtuluş Günü”nün əhəmiyyətindən danışdılar.

Çıxış edənlər auditor xidmətinin inkişafı sahəsində möhtərəm Prezidentimizin auditorlar qarşısında qoyduğu vəzifələrin öhdəsindən şərəflə gəlməyi və xalqımıza, dövlətimizə mühüm töhfələr verəcəklərinə əminliklərini xüsusi vurğuladılar.

 

Qalareya