2022-ci ilin 13 iyun tarixində Azərbaycan Respublikasının Auditorlar Palatasında “Müstəqil audit və insan hüquqlarının müdafiəsi” və “İqtisadi subyektin strategiyasında auditorun iştirakı” mövzularında seminar keçirilmişdir

2022-ci ilin 13 iyun tarixində  “Müstəqil audit və insan hüquqlarının müdafiəsi”  (moderator – Qəşəm Bayramov, məruzəçi – Nəcəf Talıbov) və “İqtisadi subyektin strategiyasında auditorun iştirakı” (moderator – Qəşəm Bayramov, məruzəçilər – Nəcəf Talıbov, Vəli Rəhimov, Namiq Abbaslı) mövzularında seminar keçirildi.

Moderator Qəşəm Bayramov dinləyicilər qismində iştirak edən Auditorlar Palatasının üzvlərini salamlayaraq “Müstəqil audit və insan hüquqlarının müdafiəsi” mövzusunda seminar haqqında geniş məlumat verərək «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının 16 sentyabr 1994-cü il tarixli 882 nömrəli Qanununun  ümummilli lider Heydər Əliyev  tərəfindən imzalanaraq qəbul edilməsi ilə Azərbaycan Respublikasında auditor xidmətinin  dövlət tənzimlənməsinin hüquqi əsasının qoyulduğunu bildirdi.

O, qeyd etdi ki, bu qanun Azərbaycan Respublikasında auditor  xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edir, mülkiyyətçilərin əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə nəzarəti sisteminin yaradılmasını nəzərdə tutur.

Auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanı olan Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmış və 1996-cı ilin    4 aprel tarixindən fəaliyyətə başlamışdır.

Moderator sonda ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olan müstəqil auditin ölkəmizdə formalaşdırılması və onun normativ hüquqi bazasının yaradılmasının qısa  zaman kəsiyində maliyyə nəzarətinin bu müstəqil növünün uğurlu inkişafına  imkan yaratdığını, ölkəmizdə auditor fəaliyyətinin dövlət tənzimlənməsinin Auditorlar Palatası tərəfindən həyata keçirildiyini, Auditorlar Palatasının fəaliyyəti dövründə ölkədə beynəlxalq audit standartlarının tətbiqinin reallaşdırıldığını, daxili audit xidmətinin korporativ idarəetmə sisteminin ayrılmaz elementinə çevrilməsi, auditorların fəaliyyətinə effektiv nəzarətin qurulması sahəsində xeyli işlər görüldüyünü, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyası, Avropa Mühasiblər və  Auditorlar  Federasiyası, Mühasiblərin və  Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyası kimi çox nüfuzlu beynəlxalq audit və mühasibatlıq qurumlarına tamhüquqlu üzv qəbul  olunaraq ölkəmizi layiqincə təmsil etdiyini söyləyərək sözü məruzəçi Nəcəf Talıbova verdi.

Nəcəf Talıbov mövzu ətrafında çıxış edərkən bildirdi ki, mövzunun aktuallığı ilə əlaqədar ölkə prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında “İnsan Hüquqları Günü” kimi qeyd edilməsi ilə mühüm sənədin vacibliyindən söz açaraq bildirdi ki, respublikamızda audit sahəsində də insan hüquqlarının müdafiəsi istiqamətində müxtəlif sahələr üzrə dövlətin, mülkiyyətçilərin, vətəndaşların, auditorların və s. mənafelərinin qorunması ilə bağlı kifayət qədər tədbirlər həyata keçirilir.

Məruzəçi “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”nda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, sahibkarların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsi sahəsində əlavə tədbirlərin müəyyən edilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlərin nəzərdə tutulduğunu və 1998-1999-cu  illər ərzində icrası nəzərdə tutulan işlər Azərbaycan Respublikasının icra orqanları tərəfindən icrasının təmin edildiyini və bir sıra istiqamətlər üzrə icrası hazırda da davam etdirildiyini vurğuladı.

Daha sonra moderator Qəşəm Bayramov “İqtisadi subyektin strategiyasında auditorun iştirakı” mövzusunda seminara keçid etdi.

O, iqtisadi subyektin strategiyasında auditorun iştirakının çox mühüm əhəmiyyətə malik olduğunu, qanunlara, qaydalara və digər normativ hüquqi aktların tələblərinə riayət olunmasında, büdcəyə və büdcədən kənar fondlarla hesablaşmaların düzgün və vaxtında aparılmasında, mühasibat uçotu məlumatlarının maliyyə hesabatlarında düzgün əks etdirilməsində, mühasibat uçotu məlumatlarında təhriflərin aşkar edilməsi və qarşısının alınmasında, iqtisadi qərarların qəbul edilməsində və digər məsələlərdə iqtisadi subyektin strategiyasında auditorun iştirakının böyük əhəmiyyət kəsb etdiyini bildirərək sözü məruzəçi Nəcəf Talıbova verdi.

Nəcəf Talıbov məlumatın istifadəçiləri ilə onu tərtib edənlər onların arasında ziddiyyətli vəziyyət zamanı, qəbul edilən qərarların nəticələrinin informasiyanın keyfiyyətindən asılılığı zamanı, məlumatı yoxlamaq üçün xüsusi biliklərə ehtiyac olduğu zaman, istifadəçi məlumatlarının olmaması zamanı auditorun xidmətlərinə ehtiyac yarandığını bildirdi.

Məruzəçi eyni zamanda təsərrüfat subyektinin və onun filiallarının maliyyə-təsərrüfat fəaliyyətinə müntəzəm nəzarətdə, maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin vaxtında və dolğunluğuna nəzarətdə, təsərrüfat subyektinin və onun filiallarının əmlakının mühafizəsinə nəzarətdə, hesablaşma və ödəniş intizamına nəzarətdə, qanuna və digər normativ hüquqi aktlara əməl olunmasına nəzarətdə, müxtəlif səviyyəli büdcə və büdcədənkənar fondlarla hesablaşmaların vaxtında aparılmasına nəzarətə və digər hallarda iqtisadi subyektin strategiyasında auditorun iştirakının zəruri olduğunu qeyd etdi.

Tədbir zamanı çıxışlar ətrafında geniş müzakirələr aparıldı və dinləyicilərin sualları cavablandırıldı.

Keçirilən seminarın mövzuları ilə ətraflı tanış olmaq məqsədilə çıxışlar Auditorlar Palatasının internet səhifəsində və Auditorun Şəxsi kabineti sistemində yerləşdirilmişdir.

Moderator tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və onları gələcəkdə keçiriləcək tədbirlərdə daha fəal iştirak etməyə çağırış etdi.

Tədbirdə onlayn qaydada Auditorlar Palatasının üzvləri olan 90 nəfər auditor təşkilatının nümayəndələri, sərbəst auditorlar və Palatanın əməkdaşları iştirak etmişdir.

 

Azərbaycan Respublikasının Auditorlar Palatası